PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

Ustad sənətkar Mikayıl Azaflının saz bəstələri “Saz-söz axşamı”nda

Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının təqdimatında hər həftə “Mədəniyyət” kanalında efirə gedən “Saz-söz axşamı” verilişi öz fəaliyyətini bir neçə istiqamətdə davam etdirir. Verilişdə klassik və çağdaş ustad aşıqların həyat və yaradıcılığı, aşıq şeirinin müxtəlif formaları, dastan ifaçılığı və müxtəlif aşıq havalarının yaranması və özünəməxsusluğu haqqında geniş tamaşaçı auditoriyasına elmi əsaslara söykənən dərin məzmunlu bilgilər verilir.

Bəllidir ki, bu gün aşıqlarımızın ifa etdikləri havaların çoxunun nə vaxt və kim tərəfindən yaradılması dəqiq bilinmir. Bununla belə, elə ustad aşıqlarımız da var ki, bir neçə aşıq havasının yaranması onların adıyla bağlıdır və “Saz-söz axşamı”nda bu məsələyə ayrıca diqqət göstərilməsi olduqca təqdirəlayiq haldır. Bu qəbildən indiyədək Abdal Gülablı Valeh, Hüseyn Şəmkirli və Dərələyəzli Aşıq Cəlilə və onların bəstələdiyi aşıq havalarına həsr olunmuş ayrıca verilişlər tanmaşamçılar tərəfindən rəğbətlə qarşılanıb. Növbəti belə veriliş isə XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən olan ustad aşıq Mikayıl  Azaflıya və onun bəstələdiyi havalara həsr olunub.  İyul ayın 3-də axşam saat 19-da “Mədəniyyət” kanalında efirə gedəcək verilişdə Əməkdar mədəniyyət işçisi Samirə Əliyeva və Əli Tapdıqoğlu ustadın “Ozan marşı”, Roman Azaflı “Azaflı bəhri”, Qələndər Zeynalov “Azaflı gözəlləməsi”, Məhsəti Cabbarlı “Mikaylı”, Əməkdar mədəniyyət işçisi Gülarə Azaflı “Tovuzu” və onun rəhbərlik etdiyi “Çeşmə” folklor qrupu isə “Azaflı sarıteli”, Elməddin Məmmədli “Azaflı dübeyti” və Əli Pənahoğlu “Azaflı gəraylısı” havalarını təqdim edirlər. Ustadın yaratdığı “Azaflı müxəmməsi”ni isə Gülarə Azaflı və Roman Azaflı səsləndirib.

Bu qəbildən olan növbəti verilişlərdən biri də  ustad aşıq Pənah Pənahovun bəstələrinə həsr olunacaqdır.