PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

AŞIQ ƏLƏSGƏRİN 200 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ DAHA BİR TƏDBİR KEÇİRİLİB

2021-ci il mayın 5-də C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyinə həsr olunmuş “Aşıq Ələsgər poeziyası haqqında düşüncələr” adlı beynəlxalq tədbir keçirilib.

Bu barədə məlumat verən Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, respublikamızın ayrı-ayrı bölgələrini təmsil edən aşıqlarla yanaşı, Borçalıdan və Təbrizdən də aşıqların qatıldığı və zoom platforması üzərindən düzənlənən tədbiri kitabxananın əməkdaşı Xalidə Musayeva açaraq ustad sənətkarın 200 illik yubileyi münasibəti ilə keçirilən tədbirin əhəmiyyətindən danışıb, tədbir iştirakçılarını salamlayıb. Sonra söz Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi Məhərrəm Qasımlıya verilib. M.Qasımlı Aşıq Ələsgərin 200 illik yubileyinin respublikamızda geniş şəkildə qeyd edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncam imzalamasını Aşıq Ələsgər yaradığıcılığına və bütövlükdə aşıq sənətinə verilən yüksək qiymət və dövlətin qayğısı kimi dəyərləndirib, ustad sənətkarın həm aşıq, həm də böyük söz ustadı kimi Azərbaycan mədəniyyəti və ədəbiyyatındakı xidmətlərini, təkcə respublikamızda deyil, aşıq sənətinin geniş yayıldığı qonşu ölkələrdə də məşhur olduğunu və yaradıcılığına hər zaman müraciət edildiyini xüsusi vurğulayıb. Eyni zamanda qeyd edib ki,  pandemiya ilə əlaqədar karantin qadağalarının aradan qalxmasından sonra bu kimi tədbirlər daha geniş şəkildə böyük mədəniyyət ocaqlarında qeyd keçiriləcək.

C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Oruc Quliyev öz çıxışında Aşıq Ələsgərin həm aşıq, həm də şair kimi zəngin irsindən söz açıb, sənətşünaslıq üzrə fəlsəfə doktoru, ADMİU-nun baş müəllimi Hafiz Kərimov ustad sənətkarın yaradıcılığından ayrı-ayrı nümunələrə diqqəti çəkib, şeirlərinin aşıqlar tərəfindən ifa edilməsi ilə yanaşı, bəstəkarlarımızın da onun yaradıcılığına dönə-dönə müraciət etdiklərini vurğulayıb.

Aşıqlardan Altay Məmmədli, Şaiq İncəli, Şahniyar Əliyev, Xanlar Xəlilov, Rahib Alxanov, Xavər Hüseynova, Afil Bəxtiyaraov və digərləri ilə yanaşı, eyni zamanda tədbirə Təbrizdən qatılan aşıq Cəfər Xakipur və İsa Qaraxanlı, Borçalıdan Nargilə Mehdiyeva ustad aşığın sözlərini müxtəlif aşıq havaları üstündə ifa ediblər.