PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

Aşıq sənətinə dəyərli töhfə

Azərbaycan Aşıqlar Birliyi zaman-zaman ustad sənətkarlara həsr olunmuş xatirə-yubiley gecələri, eləcə də əlamətdar günlərdə müəyyən konsert proqramları təşkil etməklə bərabər, bir-birindən dəyərli kitablar, sanballı əsərlər nəşr etdirməyi də öz çoxşaxəli fəaliyyətinə daxil etmişdir. Həmin kitablardan biri də oxucuların ixtiyarına verilən “Çağdaş Azərbaycan aşıqlarının şeir antologiyası” adlı toplama-çap işidir. Əvvəlcə onu deyim ki, bu kitabı ilk dəfə ələ alanda qeyri-ixtiyari olaraq “Azərbaycan aşıqları və el şairləri” adlı ikicildlik antologiyanı xatırladım. Çünki hazırkı antologiya da əvvəlki ikicildliyin davamı kimi aşıq sənətində poetik ənənənin xronoloji ardıcıllığını izləməyə imkan verir. Necə ki, bu gün hər hansı klassik sənətkarın şeir yaradıcılığı ilə əlaqədar “Azərbaycan aşıqları və el şairləri” antologiyasına istinad ediriksə, bir zaman da bizim dövrdə yaşayan aşıqların poetik irsi ilə bağlı gələcək nəsillər məhz “Çağdaş Azərbaycan aşıqlarının şeir antologiyası”ndan bəhrələnəcəklər. Bu mənada haqqında danışdığımız toplama işi əvəzsiz dərəcədə qiymətlidir və bu tipli nəşrlər gələcəkdə də davam etməlidir.

Bilindiyi kimi aşıq sənəti sinkretik mahiyyətə malik olub, özündə şairlik, qiraətçilik, poeziya, musiqi, rəqs, teatr və s. sənət və sənət sahələrini birləşdirir. Söz repertuarı, şeir yükü aşıq sənətinin ən mühüm yaradıcılıq istiqamətlərindən biri, bəlkə də birincisidir. Bu gün də hər hansı bir sənətkar nə qədər güclü saz ifaçısı olursa olsun, əgər oxumursa, şeir deyib söz qoşmursa, o əsl aşıq hesab olunmur. Əvvəlki dönəmlərdə texniki vasitələr mövcud olmadığından, klassiklərimiz məhz öz poetik irsinin zənginliyi hesabına əsrlər boyu yaşaya bilmişlər. Dastan-rəvayətlərdə keçən cüzi məlumatlar istisna olmaqla, onların oxu-çalğı sənətkarlığı, ifaçılıq məharəti ilə əlaqədar əlimizdə dəqiq faktlar yoxdur. Hətta bəzi tədqiqatçılar Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım və b. kimi ustadların aşıqlığına şübhə ilə yanaşmış, onları şair kimi xarakterizə etməyə çalışmışlar. Beləliklə, əgər bu gün ustad aşıqlarımız barədə zəngin məlumata sahibiksə, sənətin klassikasından danışa biliriksə, biz bunu aşıqlığın dastançılıq və poetik ənənəsinə borcluyuq.

İndi isə “Çağdaş Azərbaycan aşıqlarının şeir antologiyası”na ötəri də olsa ekskursiya edərək müəyyən məsələləri vurğulamaq istərdik. Çağdaş aşıqların şeir yaradıcılığına nəzər saldıqda görürük ki, aşıqlığın ədəb-ərkanına, qayda-qanununa uyğun olaraq əvvəlki ustadların ruhuna ehtiram, onların adlarının yad edilməsi kimi ustad-şagird münasibətləri hələ də davam edir və bunlar əslində vacib nüanslardır. Bu dediklərimizə Mahmud Məmmədovun Dədə Qorquda, Valeh Həsənov və Nəriman Aslanoğlunun Aşıq Ələsgərə, Umbay Axundov və Cahangir Sənanoğlunun Aşıq Alıya, Əlixan Niftəliyev və Məhərrəm Hüseynlinin Aşıq Əkbərə, Oqtay Şəmkirlinin Aşıq Murad Niyazlıya, Elxan Astaralının Aşıq Pənaha, Gülarə Azaflının Aşıq Mikayıl Azaflıya, Elman Talıstanlının Aşıq Yanvara, Dəmir Vəliyevin Aşıq İmrana, Ramin Oğuzun Aşıq Kamandara ünvanlanan şeirləri əyani sübutdur. Sözügedən antologiyada həmçinin bir sıra ənənəvi rədiflər, qafiyələr, frazeoloji vahidlər və s. geniş yer tutur. Məsələn, aşağıdakı şeir bəndlərini müqayisə edək:

Təmkinli babalar, aqil atalar,

Müqəddəs telli saz puç oldu getdi.

Qızıldan qiymətli, hikmətli sözlər,

Nadanlar yanında heç oldu getdi.  (Mahmud Məmmədov)

Neçə qəhrəmanlar gəldi dünyaya,

Köç vaxtı yetişdi, tez oldu getdi.

Rüstəmin zərbindən titrədi dağlar,

Düşdü dastanlara söz oldu getdi.  (Xəstə Qasım)

Eləcə də Valeh Həsənov və Urfan Əlinin “Salam olsun” (Yunus Əmrə), Hüseyn Qoşqarlının “Dedim-dedim” (Qurbani), Əhliman Şirvanlının “Xəbərin varmı” (Aşıq Ələsgər), Ziyəddin Borçalının “Çata-çat” (Aşıq Ələsgər), “Ay hayıf” (Xəstə Qasım) və s. şeirləri klassikadan gələn təsir kimi diqqəti cəlb edir. Bununla yanaşı, nisbətən gənc aşıqların yaradıcılığında “Sevirəm səni”, “Sən hə desən”, “Beləmi yaxşıdır, eləmi yaxşı”, “Həyatdır da yaşayırıq”, “Kim yatmış, kim oyaq” kimi müasir rədiflər, deyim tərzi və ifadələrlə də qarşılaşmaq mümkündür.

Çağdaş Azərbaycan aşıqları aşıq şeirinin ən müxtəlif növlərində və çeşidlərində qələm çalmış və bir-birindən gözəl bədii örnəklər yaratmışlar: bayatı, gəraylı, qoşma, divani, müxəmməs, təcnis, cığalı təcnis, dodaqdəyməz təcnis, dodaqdəyməz gəraylı, dodaqdəyməz müxəmməs, cinas gəraylı, qoşayarpaq, təxmis, təsnif və s. Aşıqlarımızın şeir dünyası mövzu rəngarəngliyi etibarı ilə də olduqca zəngindir. Antologiyada yer alan poetik nümunələrdə insanın mənəvi ucalığı və kamilliyi; dini-ürfani dəyərlərin müqəddəsliyi; el-oba, yurd-yuva, vətən, millət, torpaq, bayraq sevgisi; azadlıq və milli dövlətçilik ideyaları; mərdlik, mübarizlik, təmiz eşq, pak məhəbbət kimi ülvi və ali hisslərin tərənnümü üstünlük təşkil edir.

Bu gün sənətkarlarımızın qələminə ağrılı-acılı, qəmli-nisgilli bir mövzu da hakim kəsilib ki, onların könül sızıltılarını bəzən heç telli sazın özü də ovundura bilmir. Təbii ki, bu, günümüzün ən aktual mövzusu olan Qarabağ mövzusudur. Bu baxımdan Umbay Axundov, Cabbar Laçınlı, Aybəniz Laçınlı, Famil Mikayılov, Yaşar Məhərrəmov, Qızqayıt İsayeva, Pərviz Axund kimi sənətkarların yaradıcılığında Qarabağ həsrəti, vətən dərdi, yurd-yuva göynərtisi daha qabarıqdır:

Həsrətdən sinəmə dağlar çəkilib,

Qəmə tabe olub, qəddim bükülüb,

Ürəyimdə dərd toxumu əkilib,

Sağalmağa var dərmanım – Laçındır.

Umbayam, demişəm mən dönə-dönə,

Qurbanlar kəsilə həmin o günə.

Bircə qəbir boyda yer versin mənə,

Axirətim, son məkanım Laçındır.  (Umbay Axundov)

Sözügedən antologiyada bir çox məsələlərlə bağlı fəlsəfi ümumiləşdirmədən doğan didaktik-nəsihətamiz məzmunlu ustadnamələr də az deyil. O ustadnamələr ki, müəyyən bir sənət və həyat təcrübəsinə malik ustad aşıqların yaradıcılığında daha təsirli alınır:

Qaracan, od ola ürəkdə, canda,

Eşqi yaşadasan ilikdə, qanda.

Düşmənin qılıncı kəskin olanda,

Paltarı poladdan geyəsən gərək.  (Qaracan Borçalı)

yaxud

Kamil bir sənətkar olmaq istəsən,

Meylini sənətə salanlardan ol.

Alimlik adını ala bilməsən,

İnsanlıq adını alanlardan ol.  (Urfan Əli)

Klassik aşıqlarla indiki aşıqların şeirləri arasında olan əsas fərqlərdən biri, həmin poetik örnəklərin “yaranma mexanizmi” ilə bağlıdır. Belə ki, üzü Qurbanidən Ələsgərə qədər klassik sənətkarların yaradıcılığında az qala hər bir şeirin öz “yeri-yurdu”, öz “yatağı” var. Onlar haqq aşıqları olduğu üçün həyatları boyunca qarşılaşdıqları ən müxtəlif məqamlarda situasiyaya uyğun şəkildə sinədən söz söyləyər, bədahətən şeir qoşardılar. Buna görə də klassiklərin elə şeirləri var ki, onların yaranma səbəbini bilmədən mənasını anlamaqda çətinlik çəkirsən. Çağdaş aşıqların yaradıcılığında isə əksər örnəklərin müəyyən bir götür-qoy nəticəsində, yəni düşünülmüş və planlı şəkildə yazıldığı açıq-aydın hiss olunur. Bununla belə, aşıqlarımız sənətin klassikasına və ənənəvi poetik ruha yaxşı bələd olduğundan, hər hansı şeir yazma üsulu onların yaradıcılığındakı təbiiliyə və halallığa qətiyyən xələl gətirmir. Doğrudan da, haqqında danışdığımız poetik nümunələrdə sazdan, aşıqlıqdan, sənətdən gələn böyük bir təsir gücü özünü qabarıq şəkildə büruzə verməklə maraq doğurur. Məsələn, ustad aşıq və sazbənd Kövrək Muradın “Saz üstündə” adlı beşbəndlik şeirində sazın növləri, sim və pərdələri, çanağı və qabırğaları, köklənməsi, ümumiyyətlə alətlə bağlı geniş məlumatlar yer alır. Yaxud, ifaçılığında ağır və qəmli havalara daha çox yer verən ustad Cahangir Sənanoğlunun şeir yaradıcılığı da qəmli-nisgilli bir ovqata köklənib. Bunun əksinə, toy-düyün şənliklərində çox olub həmişə oynaq-şux havalara üstünlük verən Zülfiyyə İbadovanın şeirləri də mahnıvari xarakter daşıyır. Bundan başqa, orta nəsil sənətkarlar arasında Koroğlu aşıq havalarının ən mahir ifaçılarından biri də Altay Məmmədlidir. Aşıq Altayın qəhrəmanlıq motivli şeirləri də birbaşa Koroğludan gəlir:

Bu gün qovğalar günüdü,                   

Hərə bir yandan yerisin.                     

Düşmənə verməsin aman,                  

Eşidən andan yerisin.                         

yaxud

Yenə dəli ruhum çağlasın, əssin

Əsir olan torpaqlara tələssin,

Düşmənin nə həddi qabağmı kəssin,

Leşi leş üstünə qalayım gedim.

Altayam, yurd üçün qıyaram canı,

Kəsərəm başları, tökərəm qanı,

Adil padişahım versin fərmanı,

Arxamda min ordum, alayım gedim.

Göründüyü kimi, Koroğlu şeirləri ilə ruh əkizi olan bu mərdlik-mübarizlik nümunələrini ancaq və ancaq “Koroğlu” dastanını dərindən duyan, dəfələrlə qəhrəmanlıq obrazını canlandıra-canlandıra özü də dönüb Koroğlulaşan “Koroğluxan” aşığı yaza bilərdi.

Prof. M.Qasımlı yazır ki, “Saz və saz havaları elə bir sirli aləmdir ki, bu sehirli aləmə hər söz, hər misra, hər bənd və ya şeir daxil olmağı bacarmır. Sazın elə ölçü və meyarları vardır ki, havanın yaratdığı melodik dalğalanma ona doğru gələn sözü çəkib bağrı başında yerləşdirdiyi kimi, bəyənmədiyi təqdirdə geri itələyib uzaqlaşdıra da bilər”. Saz aşığın yol yoldaşı, can sirdaşı, qan qardaşı olduğuna görə, aşıq sazın dilini yaxşı bildiyinə görə “Çağdaş Azərbaycan aşıqlarının şeir antologiyası” kitabında yer alan şeirlərin böyük əksəriyyəti fəlsəfi tutumundan, məna-məzmun dərinliyindən asılı olmayaraq, dil-üslub və intonasiya cəhətdən axıcıdır, melodikdir, bədii baxımdan diləyatımlı və könül oxşayandır. Nə qədər ki aşığın sinəsində saz var, söz var, bundan sonra da yeni-yeni poetik incilər yaranacaq və sazın-sözün vəhdətindən yaranan əsrarəngiz gözəlliklər bütün dünyanı milli ədəbiyyatımıza heyran qoyacaqdır. Sonda “Çağdaş Azərbaycan aşıqlarının şeir antologiyası” kitabında adıkeçən gənc müəlliflərdən biri kimi, başda hörmətli müəllimim, professor Məhərrəm Qasımlı olmaqla Aşıqlar Birliyinin bütün əməkdaşlarına dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm.

Hafiz KƏRİMOV

Sənətşünaslıq üzrə fəlsəfə doktoru