PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

Aşıq sənətinin qeyrətkeşi

Xatirə Bəşirli
professor

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra min illər boyu yaratdığı zəngin milli-mənəvi sərvətlərə gercək, tarixi ədalət prizmasından yanaşmağa yol aldı. Bu yeni baxış humanitar, tarix, sosial elmlər sahəsində sovet totalitar düşüncəsinin ideoloji diktəsi, basqısı altında qalmış, ciddi deformasiyaya məruz qalan mənəviyyat sahələrinin, o cümlədən ədəbiyyat və folklorumuzun, aşıq ədəbiyyanın əsl mahiyyətini, tarixi dəyərini, elmi qiymətini vermək amacını daşımaqdadır.
Ötən yetmiş ildə mədəni irsimizə, o cümlədən aşıq ədəbiyyatına münasibətdə məlum yanaşma müstəvisində qiymət verilməsi səbəbilə gerçək ədəbi meyarlar pozulmuş, milli-mənəvi, etnik-dini dəyərlər məqsədli, həm də sistemli şəkildə təhrif və bir çox hallarda məhv edilmişdir.


Hazırda Azərbaycan aşıq sənətinin, aşıq mühitlərinin: o taylı-bu taylı, məktəblərinin bütöv, tam, ayrı-ayrı sənətkarların yaradıcılığının fərdi şəkildə tədqiqi, mühüm elmi problem və məqsəddir. Məhz aşıq sənətinin ardıcıl, sistemli şəkildə öyrənilməsində müstəsna xidmətləri olan görkəmli alim və ziyalılarımızın öncüllərindən biri də professor Məhərrəm Qasımlıdir. Alimin ozan-aşıq sənəti, onun məktəb və mühitləri, şeir şəkilləri, havacatları haqqında dəyərli və çoxsaylı tədqiqatları uzun illərdir elmi və ədəbi ictimaiyyətin diqqətini cəlb etməklə bu sahədə olan boşluğu dolduran mühüm - məxəz əsərlərdir. Alimin fikrinə görə, “Azərbaycan aşıq sənəti” etnik-mədəni məfhum olaraq götürüldüyündən onun miqyası etnosun tarixi-coğrafi məskunluğuna uyğun şəkildə müəyyənləşdirilməlidir. Özünün ilkin inkişaf mərhələlərini vahid mədəni-siyasi çevrədə - Səfəvi dövləti ərazisində keçirsə də, sonrakı tarixi proseslər nəticəsində Azərbaycan aşıq sənəti parçalanan torpaqlarla birlikdə bir neçə dövlət daxilində fəaliyyət göstərmək məcburiyyətində qalmışdır. Tarixi və çağdaş baxımdan indiki Qafqaz və İranda bu sənətin əsas təmsilçisi hüququna Azərbaycan türkləri sahib olduğuna görə həmin ərazidəki aşıq sənətinə Azərbaycan aşıq sənəti deyilməsi gerçəkliyə uyğundur”.
Aşıq sənətinin mənşəyi, təşəkkülü, inkişaf mərhələlərinin öyrənilməsinə həsr edilən qiymətli nəzəri, elmi əsərlərin müəllifi professor Məhərrəm Qasımlının aşıq mühitləri, onları şərtləndirən, yaradan başlıca amillər, zəruri komponentlər haqqındakı dəyərli nəzəri müşahidə və nəticələri diqqəti çəkir.
Müəllif bu qənaətdədir ki, sənət çevrəsi kimi düşünülən “aşıq mühiti” anlayışı təkcə sənətin müəyyən ərazidəki mədəni-coğrafi məskunluğunu əks etdirmir, həm də yaradıcılıq proseslərinin bölgədaxili mənzərəsini bir kompleks halında təqdim edir. Bu baxımdan aşıq mühiti mürəkkəb bir kompleksdir, oraya saz-sözlə bərabər, tarixi-coğrafi çevrənin adət-ənənəsi, iqlimi, suyu, havası, təbiəti, yerli camaatın psixologiyası, aşıq sənətinə həssaslıq dərəcəsi və s. bu kimi çoxsaylı və çoxqatlı atributlar daxildir.
Professor Məhərrəm Qasımlı elə göstərilən şərtlər daxilində aşıq mühitlərinin mədəni-tarixi səciyyəsinə görə təsnifini ilk dəfə geniş və mükəmməl şəkildə verməyə nail olmuşdur.
Bütün bunları yada salmağımızın başlıca amacı ondandır ki, görkəmli folklorçu alim, aşıq sənətini ardıcıl öyrənən, bu sahədə fundamental tədqiqatlar aparan Məhərrəm Qasımlı mənəvi haqqı olan, layiq olduğu coğrafi-tarixi, mənəvi baxımdan qədim, zəngin, çox rəngli, çox səsli mənəvi alana – Saz dünyasına rəhbərlik edir.
Qədim Oğuz yurdlarından olan doğulub, boya-başa çatdığı sazlı-sözlü region, 80-ci illərdən başlayaraq, yəni erkən, yeniyetməlik, gənclik dövründən “Bulaq” verilişi üçün özünəməxsus mətnlər yazması, xalq yaradıcılığını nəzəri-tarixi baxımdan akademik səviyyədə öyrənməsi onu bu gün həmin məqama çatdırdı. Uzun illər AMEA Ədəbiyyat İnstitutunun Şifahi xalq yaradıcılığı söbəsində görkəmli folklorçu alimlərlə çiyin-çiyinə işləməsi, bu yaradıcı elmi atmosferdə “boy atması”, indi isə həmin şöbəyə uğurla rəhbərlik etməsi də professor Məhərrəm Qasımlının bu alanda formalaşması, seçilməsinə təkan vermişdir.
Bu ilin (2019) yazında Azərbaycan Dövlət Filarmoniyasında Dədə Ədalətə həsr edilən möhtəşəm aşıq məclisində xalq şairi Nəriman Həsənzadə xatirələrində söylədi ki, 1985-ci il olardı, onda Məhərrəm çox gənc oğlan idi, yaşına, başına yaraşmayan böyük saz təəssübü kimi, ərklə, nigaranlıqla mənə sazı tapşırdı ki, “sazı yaxşı qoru, ondan muğayat ol...”
Bu gün qismətə, taleyə bax ki, sazı, sözü, aşıqlarımızı məhz Məhərrəm müəllim qoruyur, bu mənəviyyat qalasının açarı ondadır.
Qısa müddətdir, az vaxt keçir M. Qasımlının Azərbaycan Aşıqlar Birliyinə rəhbərliyə (2016-cı il) gətirilməsindən. Bu yerdə mən Azərbaycan Aşıqlar Birliyinin əvvəlki sədri görkəmli xalq şairi mərhum Zəlimxan Yaqubun əməyinə zərrə qədər olsa belə, kölgə salmadan demək istəyirəm ki, Birlikdə təşkilati işlər yenidən qurulmaqdadır.
Aşıqlar Birliyinə qəbul qaydalarından tutmuş, aşıqların təhsil alması, müəllim görməsi, geyimləri prioritet məsələ kimi rəhbərliyin əsas qayğılarındandır. Paytaxtın uyğun ali məktəblərində aşıq sənətini öyrənən fakültə və kurslar, respublikanın müxtəlif bölgələrində aşıq məktəblərinin açılması, orada aşıq sənətinin sirlərinə bələdolma dərslərinin keçilməsi çox, həm də çox vacibdir, gələcəyə yönəlikdir. Həmin fakültə və məktəblərdə dərs keçən müəllimlər müəyyən qədər bu sənətdə təcrübəsi olan, aşıqlıq edən insanlardır. Fikrimcə, bu birlik, ustad-şəyird ənənəsinin bərpasına xidmət edəcək.
“Aşıq məktəbinin” dəyişilməz bir qanunu vardı. Ustad aşıq “məktəbinə” şagird götürəndə, onu bütün nəsilliklə öyrənəndən sonra, sazda bir hava çaldırıb, onu yoxlayardı, musiqi uşağa təsir edirmi, ondan, ruhundan keçdimi? Bu yolla onlarla uşağın içindən bir-ikisi seçilə bilərdi ki, böyüyüb xalqın sözünü deyə bilsin, özündən sonralara ötürə bilsin...
Son vaxtlar efirlərdə aşıq sənətini bayağı şəkildə təqdimetmə azalıb, məktəb, müəllim görən solo ifaçılarının uğurları insanı sevindirir. Aşıqların uzun illər mübahisə predmetinə çevrilən, hətta bəzi hallarda gülüş doğuran geyimlərinin milli geyim özəlliyi və ornamentləri əsas götürülməklə müəyyən biçim alması, islah olunması vacib idi. Yeni geyimləri ilə göz oxşayan aşıqlar ruhları, zövqləri də qazanmağı bacarmalıdırlar. Bunun üçün Aşıqlar Birliyi prof. Məhərrəm Qasımlının rəhbərliyi altında daha artıq, daha ciddi səfərbər olmalıdır. Görünən odur ki, elmi tədqiqatları, nəzəri bilikləri ilə aşıq sənətinin bilicisi olduğunu çoxdan təsdiq edən prof. M. Qasımlı, artıq praktikasında biliklərini həyata keçirmək aşamasındadır.
Aşıq sənətinin özəl, əzəl mahiyyətini, əhəmiyyətini qaytarmaq və bərpa etmək zamanıdır və bu zaman keçməkdədir. Sovet diktaturasının basqısında – 70 ildə bilərəkdən gözdən salınan, mahiyyəti zədələnən (kolxoz, pambıq, İliç lampaları və s. icbari mövzulardan yazmağa məcbur edilən) aşıq sənəti fəlsəfi-irfani kökündən, məzmunundan ayrı düşür, yalnız forma qalır. Sufi-dərviş keyfiyyətləri unutdurulan, təkkə ocaqları dağıdılan aşıqlar bir növ çaşqınlıq yaşayırlar... Azərbaycanın müstəqilliyə qovuşması, milli-mənəvi dəyərlərə, o cümlədən aşıq sənəti ilə bağlı tarixi dəyərlərə yenidən qayıdışı, aşıq sənətinin öyrənilməsi və dəyərləndirilməsi də yeni dönəmə rəvac verdi. 2009-cu ildə aşıq sənəti Azərbaycan xalqına məxsus maddi inci kimi – UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına salındı. Yəni, bu gün Azərbaycan aşıq sənəti bir dövlətçilik atributu kimi diqqət mərkəzindədir, dövlətçiliyə bağlı sənətdir. Bu qiymətləndirmə aşıqların, Aşıqlar Birliyinin üzərinə böyük məsuliyyət və mənəvi yük qoyur.
Azərbaycan Dövlət Televiziyasının Mədəniyyət kanalında hər həftə keçirilən “Saz-söz axşamı” verilişləri, aşıqların yubileylərinə həsr edilən tədbirlər, konsertlər bu sənətin özünü axtarışlarından xəbər verir. Prof. M. Qasımlının apardığı “Saz-söz axşamı” verilişləri o taylı-bu taylı Azərbaycan tamaşaçısının gözlədiyi, sevdiyi, yüksək səviyyəli maarifçilik missiyasını həyata keçirən bir veriliş kimi diqqəti çəkir. Həmin verilişlər, veriliş formatından daha ötəsidir, yəni burada unudulmaqda olan saz havaları, dastan ənənəsi, ustad dərslərinə daha çox konsentrə olunur. Görkəmli musiqişünas alimlər, elmi dərəcəli filoloqlar, ustad aşıqlar daha çox yeniyetmə, gənc aşıqlara yönəlik ustad dərsləri keçirlər. Yaddaş bərpa edilir, unudulanlar yada salınır. Ənənəvi aşıq sənəti, aşıq havaları, aşıq ifaları necə olmalıdır, əyani göstərilir, öyrədilir, daha çox vurğu ona yönəlir ki, aşıqlar ustad, məktəb görməlidir, qədim, çətin havaları, klassik söz və mətnləri öyrənməlidirlər. Yəni sənət gerçək klassik əbədi zəminə söykənməlidir.
Dastan söyləmə ənənəsi bu gün demək olar ki, yox dərəcəsindədir. Məhz bu ənənəni yenidən doğurmaq, canlandırmaq məqsədilə həmin verilişlərdə sistemli olaraq, vaxtı ilə ustadların ifalarında səslənən dastanların təqdim edilməsi gözəl təşəbbüsdür, əyani dərslərdir. Həmin repertuar, nə qədər paradoksal olsa da, sovet dönəmində yazıya, lentə köçürülməsinə rəğmən, aşıq sənətinin klassik modeli, ifa tərzi, irfani məğzi qorunmaqdadır. Məlum olur ki, dastan söyləyən aşıqlarımız klassik şərq fəlsəfəsini, poeziyasını, dini təriqəti, eyni zamanda Azərbaycan dastan mətnlərini yaxşı bilirlərmiş. Bəllidir ki, aşıq sənətinin, poeziyasının öyrənilməsinin, belə demək mümkünsə, açarı irfani-poetik modelləri, fəlsəfəni, dini, klassik ədəbiyyatı bilməkdən keçir.
Yaxınlarda teleməkanların birinin “El bizim, sirr bizim” verilişinə dəvət edilmiş, İncəsənət Universitetində aşıq sənətini öyrənən gənc tələbə-aşığın düşdüyü acınacaqlı vəziyyət ümumi haldır. Solo etməklə işini bitmiş sayan gəncin Güney Azərbaycan Aşıq məktəbləri haqqında təsəvvürü olmaması, Nazim Hikmət, hürufizmdən xəbərsizliyi, Aşıq Ələsgərin bir qoşmasını əzbər bilməməsi və s. və i. düşünməyə, narahat olmağa səsləyir. Axı, Heydər Əliyev Fondunun təşəbbüsü ilə böyük uğurla keçirilən Muğam müsabiqələrində 17-20 yaşlı yeniyetmələrin möhtəşəm muğam dəsgahlarını, çətin, klassik qəzəlləri öyrənməsi təcrübəsi artıq mədəniyyətimizin bir parçasına çevrilmişdir.
Narahat olası bir məqam da, aşıqların klassik aşıq havalarını, görkəmli aşıqların, şairlərin sözlərini çalıb, oxumaq əvəzinə özlərinin “musiqi bəstələyib”, “söz qoşub” meydan sulamalarıdır. Və ya aşıq havalarının arasında gənc aşığın fasilə verib, filosof görkəmi alıb şeir demə “performansı” nəyə xidmət edir?! Fikrimcə, ifa edilən klassik aşıq havalarının belə yersiz əlavəyə heç və qəti ehtiyacı yoxdur.
Möhtəşəm Ruhani, Mansırı, Sarıtel, Şirvan şikəstəsini saxlayıb ortada şeir demək nə demək? Musiqini saxlamaq, ritmi bölmək, bu nəyə söykənir? Əslində, sus, ruhun, duyğuların havaya köklənsin, qarşıdakının ruhunu çalğınla “işğal et”, musiqini “kiçiltmə”, “zədələmə”!
Aşıq sənəti yalnız öz böyük qüdrətinə görə uzun əsrlər ərəb, fars təsirinə qarşı döyüşə-döyüşə bu günümüzəcən sağ-salamat gəlib çıxıb, tarixlərin yad duyğularına, sınağına dözə bilib.
Uzun illərdir Güneyli soydaşlarımız, aşıq qardaşlarımızın ifalarını canlı dinləyə bilirik. Müstəqillik dönəmində bu yol daha da qısalıb. Aşıq tədbirləri, yubiley gecələrində Güneyli soydaşlarımızın ciddi, fərqli, daha çox ənənəyə bağlı, klassik sözə bağlı çıxışları rəğbət doğurmaqla bir ümid yaradır. Yəni ən azından bütöv Azərbaycan aşıq sənəti yaşayır, canlıdır. İstəyim odur ki, Güney mühitində ənənəyə söykənən, qorunan, yaşayan aşıq havaları, ifaları bura gətirilməli, gecikmədən lentə köçürülməli, dərslik şəklində tədris edilməlidir. Bu məqamda bir mühüm nigarançılığım odur ki, qaynayıb-qarışma prosesində Güneyli soydaşlarımız bu taylı aşıqların təsiri altında min illər qorunan söz, səs, repertuar, musiqi ənənəsindən uzaqlaşmağa yön alırlar, belə demək mümkünsə “müasirləşməyə” köklənirlər...
Rəhbəri bənzərsiz aşıq, istedadlı ifaçı Çingiz Mehdipur olan “Dalğa” qrupunun çox qiymətli fəaliyyətini bu yerdə xatırlamasaq günaha yazılar. Ənənəvi, qədim aşıq havalarının yeni yozumda, yeni formatda təqdimi estetik zövq, həzz yaşadır tamaşaçıya. Görkəmli aşıq Çingiz Mehdipurun dünya çapında sazı, aşıq sənətini sevdirmək, modernləşdirmək, yolundakı axtarışları, çalışmaları sənət qarşısında böyük tarixi xidmətlərdir.
Bu gün Ədalət Dəlidağlı, Ağamurad Şirvanlı, Nemət Qasımlı, Altay Məmmədli, Fəzail Miskinli, Ramin Qarayev, Samirə Əliyeva, Gözəl Kəlbəcərli, Əli Tapdıqoğlu kimi aşıqlardan gözləntilər böyükdür. Qeyd edim ki, Şirvan aşıq məktəbinə xas özəlliklər – dövlətçilik, saray mühitindən gəlmə təsirlər, onların aşıq sənətinə aşkar təsirləri, orijinal Sirvan şikəstəsi, yalnız bu məktəbə xas rəqslər öyrənilməli, araşdırılmalıdır. Çox istedadlı, gözəl səsi olan Əli Tapdıqoğlu bu istiqamətdə yönəldilməli, repertuardan düşən, bölgəyə xas qədim, orijinal Sirvan havalarını öyrənməlidir. Çünki, bir regionun, mühitin əsas özəlliyi onun şifahi xalq ədəbiyyatı, aşıq sənətidir, həmin xalqı, milləti diri saxlayan, ölməyə qoymayan ana xətt onun aşıqlarıdır. Güney Azərbaycanımızda neçə zamandır dilimizi, tariximizi, mədəniyyətimizi, ruhumuzu ölməyə qoymayan, diri saxlayan Saz deyilmi?
Aşıqlar Birliyi istər efirlərdə, istərsə də aşıq məclislərində ləhcə məsələsinə də ciddi yanaşmalı, bu istiqamətdə ciddi ölçü götürməlidir. Guya, söz qəlibə girmir, ləhcə burada işə yarayır, nə bilim qulağa şirin gəlir, daha nələr... Lakin Azərbaycan ədəbi dili hər kəs üçün keçərli və əsas olmalıdır.
Düşünürəm ki, bu gün, müasir aşıq sənətinin əsas inkişaf istiqamətləri müəyyənləşməlidir. Bu barədə aşıqların son keçirilən qurultayında (28 sentyabr, 2018-ci il) professor Məhərrəm Qasımlı, nitqində bəzi məqamları xatırlatdı.
Qeyd edildi ki, milli mədəniyyəti təmsil edən mühüm sahə kimi aşıq sənətinin qorunması, gələcək nəsillərə ötürülməsi prioritet vəzifələrimizdəndir. Bu məqsədlə aşıq sənətinin ənənələri, çağdaş durumu və sabahkı perspektivləri elmi əsaslarla öyrənilməlidir.
Haqlı olaraq vurğulandı ki, aşıq sənəti beynəlxalq miqyasda səviyyəli, məqsədyönlü şəkildə təbliğ olunmalı, bu sahəyə ciddi mütəxəssislər cəlb edilməlidir. Eyni zamanda tədris prosesinin təkmilləşdirilməsi, ustad aşıqların tədrisə cəlb edilməsi, mükəmməl akademik dərsliklərin hazırlanmasına diqqət yönəldilmişdir.
Fikrimcə, Azərbaycan Aşıqlarının VI qurultayında qəbul edilmiş Qətnamənin ən dəyərli maddələrindən biri də aşıq sənətinin dəyərini, mahiyyətini təbliğ edən verilişlərin, telefilmlərin, ədəbi məclislərin hazırlanması həyata keçirilməsidir. Düşünürəm ki, teleməkana vahid aşıq yaradıcılıq məkanı olan Aşıqlar Birliyinin nəzarəti gücləndirilsin, təsir mexanizmi hazırlansın, heç olmasa proses yoluna düşənə qədər bayağı, şit, bu sənəti gözdən salan verilişlərə qadağa qoyulsun.
Dastan teatrı, dastan gecələrinin keçirilməsi də sənəti təbliğ və populyarlaşdırmaq baxımından gərəkli mərhələ ola bilər. Yəni, bu mövzu - forma hələlik, əlbəttə, geniş ictimaiyyət üçün nəzərdə tutulmasa da, bu sahə ilə bağlı olan, ruhən aşıq sənətini sevən, onu yaşatmağa çalışan auditoriyanı toplayacaq. Bu auditoriya aşıq sənətini yaşadanları, təbliğ edənləri müəyyənləşdirəcək, sabaha ötürəcək. 70 ildə aşıq sənətini gözdən salanlar, mahiyyətini zədələyənlər həm də həmin sənətsevər auditoriyanı da sıradan çıxarmağa çalışdı, nə yaxşı ki, məhv edə bilmədi, sənət künc-bucaqda, el şənliklərində birtəhər özünü qoruya bildi, nə şəkildə olsa belə, günümüzə çatdı...
Çağdaş aşıq sənətinin problemləri, vəzifələri çox - çoxdur. Zorla boşaldılmış Azərbaycanın qədim, əzəli torpaqlarındakı sənət, bu sənətin tükənməkdə olan daşıyıcıları, yalnız o məktəblərə məxsus söz, musiqi, ritm yatırımın sıradan çıxması və bu istiqamətdə görülən və hələ görüləsi total işlər. Yeri gəlmişkən itirilmiş torpaqlarımızdakı mədəni irsi toplamaq, sistemləşdirmək, nəşr etmək işini, AMEA Folklor İnstitutunda, görkəmli folkloçu, akademik Muxtar İmanovun rəhbərliyi ilə bir neçə ildir uğurla Qarabağ bölgəsi üzrə həyata keçirilməkdədir.
Ağbaba, Göyçə, Vedibasar, Dərələyəz bölgələrindəki unikal, bənzərsiz, təkrarsız aşıq sənətinin örnəkləri toplanmalı, lentə köçürülməli, təbliğ edilməli, araşdırılmalıdır. Bu üzdən müasir aşıq yaradıcılığında köçkünlük, didərginlik, Vətən həsrəti kimi mövzular qabarıq olmalı ikən, repertuarda nələr var; toya, bayağı auditoriyaya ünvanlanan qazanc yönlü “diringilər”. Amma əslində həmin el şənlikləri, el məclisləri ustadlar, meydangir aşıqlar yetirmiş, dərdlərin söylənildiyi və çözülməyə çalışıldığı, sevincin paylaşıldığı bir səhnə, məktəb olmuşdur.
Yeni minillik dünyanın qloballaşması, daha çox iki yöndə qütbləşməsi (millilər və liberallar) ilə səciyyəvidir. “Dünya insanı” obrazı, “dünya ümumi evimizdir” şüarı altında super dövlətlərin təsiri ilə milli kimliklərin, milli dəyərlərin əridilməsi prosesi planeti sarmaqdadır, zaman-zaman göz önündə dillər, bəzi xalqlar xəritədən silinməkdədir. Xalqı, milləti diri saxlayan, ölməyə qoymayan onun mədəniyyəti, tarixidir. Bu açıdan Azərbaycan mədəniyyətinin özül, dayaq sütünlarından olan aşıq sənəti bu baxımdan qorunmalı, mental mənəvi-əxlaqı və poetik dəyərləri ilə dünyaya təqdim edilməlidir.
İnanıram ki, görkəmli alim, professor, Əməkdar elm xadimi, Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı, aşıq sənətinin çağdaş vəziyyətini, problemlərini elmi müstəvidə uğurla araşdırdığı kimi həm də Aşıqlar Birliyinin cari və perspektiv fəaliyyətində həmin keyfiyyətləri gerçəkləşdirəcəkdir.