PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

AŞIQ SƏYYAD PƏNAHOV DÜNYASINI DƏYİŞİB

Azərbaycan aşıq sənətinə ağır itki üz verib. Ustad aşıq, Əməkdar mədəniyyət işçisi Səyyad Pənahov 2019-cu il fevralın 16-da dünyasını dəyişib.
Səyyad Məşədi oğlu Pənahov 1945-ci il iyul ayının 28-də Gədəbəy rayonunun Kərimli kəndində anadan olub. 1961-ci ildə orta məktəbi bitirib.
Aşıq sənətinə hələ kiçik yaşlarından böyük həvəs göstərən Səyad Məşədi oğlunun ustadı aşıq Hüseyn olub. Erkən yaşlarından istedadı, şirin avazı və zil səsi ilə tanınıb. Sənətdə ilk uğurunu 1957-ci ildə keçirilən Ümumittifaq Uşaq və Gənclər festivalında qazanıb – uğurlu çıxışına görə medalla təltif olunub.

Sənətdə qazandığı uğurlarla yanaşı, təhsilini də davam etdirib. 1969-cu ildə Azərbaycan Mədəniyyət və İncəsənət İnstititunun (indiki ADMİU) Mədəni-maarif fakültəsinə daxil olub,1974-cü ildə bu ali təhsil ocağını bitirib.
Aşıq Səyyad Azərbaycan aşıqların III, IV, V və VI qurultaylarında iştirak edib, Azərbaycan Aşıqlar Birliyinin üzvü olub. Gədəbəy aşıqlar ansamblının ən fəal üzvlərindən olan aşıq Səyyad Pənahov respublikamızda keçirilən mədəni-kütləvi tədbirlərdə, beynəlxalq aşıq festivallarında həmişə fəal iştirak edib. Dəfələrlə Türkiyədə, İranda, Rusiya Fedrasiyasının bir çox böyük şəhərlərində Azərbaycan mədəniyyətini layiqincə təmsil edib, bənzərsiz ifası ilə könüllər oxşayıb, hər yerdə tamaşaçı rəğbəti qazanıb. Aşıq Ələsgərin 1972-ci ildə Moskvada keçirilən 150 illik yubiley tədbirində çıxış edənlər arasında aşıq Səyyad olub.
Bütün aşıq havalarını özünəməxsus ustalıqla ifa edən, bənzərsiz zil səsi ilə Koroğlu aşığı kimi tanınan Səyyad Pənahov həm də dastanlarımızın mahir bilicisi olan ustad idi. Dəfələrlə respublika radio və televiziya kanallarında çıxışları olan ustadın çox qiymətli lent yazıları bu gün Azərbaycan Dövlət Televiziyası və Radiosunun qızıl fondunda qorunub saxlanılır.
Ustad aşıq kimi xalqın məhəbbətini qazanan, hər yerdə hörmət və ehtiramla qarşılanan aşıq Səyyad Pənahovun sənətdəki xidmətləri dövlət tərəfindən də layiqincə qiymətləndirilib, Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb.
Ustad aşıq, Əməkdar mədəniyyət işçisi Səyyad Pənahovun əziz xatirəsi doğmalarının və yaxınlarının, sənət dostlarının və bütün sənətsevərlərin qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!

AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ