PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

AŞIQ İMRANIN 90 İLLİK YUBİLEYİ QEYD OLUNDU

Noyabrın 15-də Mədəniyyət nazirliyi və Azərbaycan Aşıqlar Birlyinin birgə təşkilatçılığı ilə R.Behbudov adına Mahnı Teatrında ustad aşıq, Əməkdar mədəniyyət işçisi İmran Həsənovun anadan olmasının 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Bu barədə məlumat verən Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, tədbiri giriş sözü ilə açan Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı İmran Həsənovun keçdiyi ömür və yaradıcılıq yolundan danışıb, XX əsrin ikinci yarısında Azərbaycan aşıq sənətinin inkişafında onun özünəmxsus yerindən, böyük xidmətlərindən söz açıb.

Qeyd olunub ki, İmran Mehralı oğlu Həsənov 1928-ci ildə Göyçə mahalının Ağbulaq kəndində anadan olub. Sonradan Tovuza köçüb. Aşıqlığı əvvəlcə əmisi aşıq Dünyamalıdan, sonra isə Məhərrəm Hacıyevdən öyrənib. Zil səsi ilə seçilən İ.Həsənov qısa müddət ərzində istedadlı bir aşıq kimi bütün Azərbaycanda tanınıb. 1956-cı ildə Bakı, 1957-ci ildə Moskva festivallarının laureatı olub. 1967-ci ildə respublikanın “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb. Azərbaycan aşıqlarının III və IV qurultaylarının fəal iştirakçılarından olub.
Aşıq İmran sazı ilə dünyanın bir çox ölkələrini gəzib, beynəlxalq miqyaslı müxtəlif tədbirlərdə iştirak edib və həmişə də vətənə mükafatla qayıdıb.
Aşıq yaradıcılığının, nağıl və dastanların, aşıq şeirlərinin və havalarının mahir bilicisi və ifaçısı olan Aşıq İmran həm də şair-aşıqdır, yüzlərlə qoşma, gəraylı və vücudnamələr qoşub.
Ustad aşıq İmran Həsənov 2000-ci ildə dünyasını dəyişib.
Tədbirin bədii hissəsində aşıqlardan Əməkdar mədəniyyət işçiləri Mahmud Məmmədov, Ulduz Quliyeva, Gülarə Azaflı, Solmaz Kosayeva, Sərdar Məmmədli, Samirə Əliyeva, eləcə də Altay Məmmədli, Qələndər Zeynalov, Telli Borçalı, Nəbi Nağıyev, Əli Tapdıqoğlu, Məhərrəm Hüseynli, Gözəl Kəlbəcərli, Vəli Şınıxlı, Kəmalə Qubadlı, Babək Şakirli, Təbrizdən gəlmiş aşıqlar Cəfər Xakipur və Əbülfəz Məhəmmədi, Əməkdar Mədəniyyət işçisi Gülarə Azaflının rəhbərlik etdiyi ”Çeşmə” folklor qrupu və Anar Abdullayevin başçılığı ilə “Koroğlu” aşıqlar qrupunun üzvləri öz ifaları ilə ölməz sənətkarın ruhuna ehtiramlarını ifadə ediblər.
Tədbirin sonunda yubilyarın oğlu Firdovsi Həsənov çıxış edərək atasının xatirəsinin əziz tutulduğuna görə dövlət başçısına, Mədəniyət nazirliyinə və Azərbaycan Aşıqlar Birliyinə öz minnətdarlığını bildirib.