PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

DƏDƏ ŞƏMŞİRİN 125 İLLİK YUBİLEYİ QAZAXDA QEYD OLUNUB

2018-ci il oktyabrın 27-də Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Aşıq Şəmşirin 125 illik yubileyi ilə əlaqədar Qazax şəhərinin mərkəzində Aşıq Şəmşirin və Aşıq Ələsgərin xatirəsinə ucaldılmış büstlərin açılış mərasimi olub. Sazsevərlər, sözə dəyər verənlər Azərbaycan aşıq sənətinin iki görkəmli nümayəndəsinin – Aşıq Ələsgərin və Dədə Şəmşirin ruhunun işığına toplaşıb.

Azərbaycan Aşıqlar Birliyinin, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin üzvləri, “Qazax Xeyriyyə” İctimai Birliyinin, Ağstafa Regional Mədəniyyət İdarəsinin, Qazax RİHB aparatının məsul işçilərinin, elm və sənət adamlarının, rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi tədbirin aparıcısı, Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə nümayəndəsi Valeh Vəliyev tədbiri açıq elan edərək Dədə Şəmşir yaradıcılığından söz açıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov qonaqları salamlayaraq tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, Azərbaycan mədəniyyətinə, elminə, sözünə, sazına xidmət göstərmiş Dədə Şəmşir və onun ustadı olmuş Dədə Ələsgər bu gün bütün xalqın ürəyində yaşayır. Qeyd olunub ki, dövlət başçısı İlham Əliyevin 2 aprel 2018-ci il tarixli, 3857 nömrəli Sərəncamı ilə Aşıq Şəmşirin 125 illik yubileyinin respublikamızın hər yerində böyük təntənə ilə qeyd olunması bütün aşıqlara, saz sənətini yaşadanlara verilən qiymətdir.
Qonaqlardan – Milli Məclisin deputatı Ülviyyə Ağayeva, Azərbaycan Aşıqlar Birliyinin sədri, Dövlət Mükafatı Laureatı, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, Akademik Teymur Bünyadov, “Qazax Xeyriyyə” İctimai Birliyinin sədri, fizika-riyaziyyat elmləri doktoru, professor İlham Pirməmmədov, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov, Regional Mədəniyyət İdarəsinin rəisi Ramiz Quliyev və başqaları Dədə Ələsgərlə Dədə Şəmşirin sazının, sözünün qüdrətinə yüksək qiymət veriblər.


Azərbaycan Respublikasının Xalq rəssamı Natiq Əliyevin hazırladığı büstlərin açılışından sonra Dədə Şəmşirin 125 illik yubileyinə həsr olunmuş tədbir Qazax rayon Mədəniyyət mərkəzində davam etdirilib.
Akademik Teymur Bünyadov çıxış edərək deyib ki, bu gün biz qazaxlılar fəxr edə bilərik ki, dahi şair Səməd Vurğunun bütün dünyaya tanıtdığı Dədə Şəmşirin yubileyini elə dahi şairin doğma el-obasında qeyd edirik. Necə ki, Səməd Vurğun Şəmşirə yüksək dəyər vermişdi, bu gün də qazaxlılar, ziyalılarımız, rayon rəhbərliyi Şəmşirə böyük qiymət verir.
Azərbaycan Aşıqlar Birliyinin sədri, Dövlət Mükafatı Laureatı, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı çıxışında qeyd edib ki, Azərbaycan sazının iki ustad aşığının sənətinə ucaldılmış qoşa abidənin açılışı ondan xəbər verir ki, Qazaxda mədəniyyət sahəsinə yüksək diqqət və qayğı göstərilir. O, vurğulayıb ki, son illərdə rayonda hər gün bir yeniliyin şahidi oluruq.
Prezident İlham Əliyevin, Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevanın milli sərvətimiz olan saz sənətinin qorunub saxlanılmasında, gələcək nəsillərə çatdırılmasında gördükləri genişmiqyaslı işlərdən söz açan M.Qasımlı bugünkü tədbirin həmin işlərin davamı olduğunu bildirib.
"Qazax Xeyriyyə” İctimai Birliyinin sədri, fizika-riyaziyyat elmləri doktoru, professor İlham Pirməmmədov çıxış edərək bu tədbirin bütün qazaxlılar üçün bir töhfə olduğunu bildirib. Ölkə başçısının Aşıq Şəmşirin 125 illik yubileyi ilə bağlı imzaladığı Sərəncamdan söz açan birlik sədri dövlətimiz və dövlət başçımız tərəfindən aşıq sənətinə verilən yüksək qiymətdən, dəyərdən danışıb.
Sonra söz aşıqlara verilib. Aşıq Avdı Musayev, Şaiq İncəli, Ədalət Dəlidağlı, Aşıq Hacı, Camoy Qurbanov, Gözəl Kəlbəcərli və Şöhrət Kərimovun, eləcə də “Ruhani” saz qrupunun çıxışları rəğbətlə qarşılanıb. Qazax Dövlət Dram Teatrının aktyorları və aşıq Yaşar Gülümcanov Xalq şairi Səməd Vurğunla Dədə Şəmşirin 1955-ci ildə İstisudakı tarixi görüşünü əks etdirən səhnəni təqdim ediblər.

M.NƏBİOĞLU