PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

USTAD AŞIQ MƏHƏMMƏD ŞIXLININ 110 İLLİK YUBİLEYİ QEYD OLUNUB

Mayın14-də R.Behbudov adına Dövlət Mahnı Teatrında Mədəniyyət Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə ustad aşıq Məhəmməd Şıxlının (Dərya Məhəmmədin) anadan olmasının 110 illiyinə həsr olunmuş tədbir keçirilib.

Gecənin aparıcısı ədəbiyyatşünas və ustad jurnalist Məti Osmanoğlu giriş sözü ilə  tədbiri açaraq ustad aşıq Məhəmməd Şıxlının həyat və yaradıcılığından, aşıq sənətinə verdiyi töhfələrdən danışıb. Qeyd edib ki, bu gün el arasında daha çox Dərya Məhəmməd kimi tanınan aşıq Məhəmməd Şıxlıdan danışanda ilk yada düşən “Yurd yeri” havası olur və təsadüfi deyil ki, bu gün aşıq Məhəmmədin keçdiyi sənət yolu Azərbaycan aşıq sənətkarlığının “yurd yeri”nə çevirilib.
Aparıcının ustad aşıqla bağlı geniş təqdimatından sonra söz Azərbaycan Aşıqlar Birliyinin sədri, professor, Əməkdar Elm Xadimi Məhərrəm Qasımlıya verilib. Ustad sənətkarın XX əsr Azərbaycan aşıq sənətinin inkişafındakı xidmətlərindən, dövrünün bir çox ustad sənətkarlarıyla yaradıcılıq və dostluq əlaqələrindən danışan professor deyib: “Aşıq sənətində elə sənətkarlar var ki, onların nə ifası,  nə də siması çoxlarının yadında qalmır, onların söz yükü yadda qalır.  Dərya Məhəmməd o kişilərdən idi. Onun özünəməxsus oxumaq tərzi var idi. Çalğısı da bənzərsiz idi”.
Akaemik Teymur Bünyadov, AMEA Folklor İnstitutnun direktoru, akademik Muxtar İmanov və Azərbaycan Yazıçılar Birliyi Qazax Bölməsinin sədri, Əməkdar İncəsənət Xadimi Barat Vüsal çıxış edərək Məhəmməd Şıxılının ustad aşıq kimi özünəməxsusluğundan və bənzərsizliyindən, aşıq sənətinin inkişafındakı xidmətlərindən söz açıblar.
Gecənin bədii hissəsində Əməkdar Mədəniyyət İşçisi Gülarə Azaflının rəhbərlik etdiyi “Çeşmə” folklor qrupu “Şirvan müxəmməsi”, Avdı Musayev “Yurd yeri”, Əməkdar Mədəniyyət İşçisi Əhliman Şirvanlı “Gözəlləmə”, Əməkdar Mədəniyyət İşçisi Gülarə Azaflı və gənc aşıq Roman Azaflı “Dübeyti”, Altay Məmmədli “Orta sarıtel”, Əməkdar Mədəniyyət İşçisi Solmaz Kosayeva “İncəgülü”, Telli Borçalı “Naxçıvanı”, Şaiq İncəli “Hüseyni”, İlham Aslanbəyli “Mixəyi”, Bəhmən Göyçəli və Firudin Göyçəli “Gəraylı”, Ramin Qarayev “Dərvişi”, Əfsanə Kərimli “Şahsevəni”, Sahib Hacılı və Fidan Qurbanova “Orta müxəmməs”, Məhəmməd Şıxlı “Ruhani”, Xavər Zəngilanlı “Koroğlu dübeytisi”, İsmayıl İncəli “Aran gözəlləməsi” havalarını ifa ediblər.
Sonda ustad aşığın qızı Gülarə Qocayeva ailəsi adından tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

Musa NƏBİOĞLU