PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

AŞIQ ŞƏMŞİRİN 125 İLLİK YUBİLEYİ QEYD OLUNDU

Martın 15-də Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında XX əsr Azərbaycan aşıq poeziyasının görkəmli nümayəndələrindən biri, ustad aşıq, Əməkdar İncəsənət Xadimi Aşıq Şəmşirin 125 illik yubileyinə həsr edilmiş “Saz-söz bayramı” adlı tədbir keçirilib.

Tədbir iştirakçıları foyedə təşkil olunmuş aşığın həyat və yaradıcılığına dair sərgidə görkəmli aşığın kitabları, ona həsr edilmiş elmi-publisistik kitablar və ömrünün müxtəlif anlarını əks etdirən foto-şəkillərlə tanış olublar.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı Aşıq Şəmşirin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, Dədə Şəmşir 1893-cü ildə Kəlbəcərin Dəmirçidam kəndində anadan olub. Sənətdə ilk dərsini də öz dövrünün tanınmış şairlərindən olan atası Ağdabanlı Qurbandan alıb. Hələ yeniyetməlik illərindən böyük Aşıq Ələsgərin sazının-sözünün hikmətini mükəmməl şəkildə mənimsəyib.

Bir sənətkar kimi saz-söz aləmində böyük ad-san qazanan Aşıq Şəmşir hələ gənclik illərindən dədəlik mərtəbəsinə ucalıb, hər yerdə ona Dədə Şəmşir deyə müraciət ediblər.

Aşıq Şəmşir Azərbaycan aşıqlarının 1938-ci ildə keçirilən II və 1961-ci ildə keçirilən III qurultaylarının iştirakçısı olub, hələ o dövrlərdən şeirləri ilə dövri mətbuatda çıxış edib. Azərbaycan Yazıçılar İttifaqının üzvü olub. Onun ilk şeirlər kitabı 1959-cu ildə xalq şairi Osman Sarıvəllinin ön sözü ilə nəşr olunub. Səməd Vurğunla görüşü və dostluğu isə bu gün də dillərdə dastandır.

Aşıq Şəmşirin sənətdəki xidmətləri dövlət tərəfindən layiqincə qiymətləndirilib – “Əməkdar İncəsənət Xadimi” fəxri adına layiq görülüb, o dövrün ən yüksək dövlət mükafatlarından olan “Şərəf nişanı” ordeni ilə təltif olunub.

AAB-nin sədri Ulu öndərimiz Heydər Əliyevin də Dədə Şəmşirin sənətini yüksək qiymətləndirdiyini vurğulayaraq, ümummilli lideimizin ustad haqqında dediklərindən sitat gətirib: “Qədim köklərə malik Azərbaycan aşıq sənəti ənənələrinin davam etdirilməsi və zənginləşdirilməsində Aşıq Şəmşirin böyük əməyi vardır”.

Qeyd olunub ki, Dədə Şəmşir qələmə aldığı qoşma, gəraylı, təcnis, bayatı, rübai, qəzəl və müxəmməslərlə Kəlbəcər ədəbi mühitini, eləcə də yazılı və şifahi poeziyamızın ən vacib cəhətlərini ustalıqla mənimsəyən söz sənətkarı kimi öz məktəbini yaradıb. Onun 40-dan artıq şagirdi olub. Aşıq Qardaşxanın, Qəmkeş Allahverdinin, Aşıq Xalıqverdinin və bu gün çoxlarının yaxşı tanıdığı onlarla saz-söz sənətkarlarının yetkinləşməsində, kamilləşməsində Aşıq Şəmşir məktəbi əvəzsiz rol oynayıb. Bu məktəb təkcə aşıq sənətinə deyil, ümumən saz-söz sənətinə təsir göstərməklə, Bəhmən Vətənoğlu, Sücaət kimi şairlərin yetişməsinə münbit zəmin yaradıb.

Aşıq Şəmşirin “Şeirlər” adlı ilk kitabı 1959-cu ildə “Akademiya” nəşriyyatı tərəfindən buraxılıb. Sonralar müəyyən fasilələrlə “Qoşmalar”, “Seçilmiş əsərləri”, “Dağ havası”, “Öyüdlər” və sair kitabları işıq üzü görüb.

Aşıq Şəmşirin həyat və yaradıcılığına həsr olunmuş “Aşıq ürəkli şair, şair ürəkli Aşıq Şəmşir”, “Saxla izimi, dünya”, “Dədə Şəmşir yaddaşlarda” kitabları oxucular tərəfindən rəğbətlə qarşılanıb.

M.Qasımlı Miskin Abdal nəslinin davamçısı olan Dədə Şəmşirin bütün Azərbaycana daha yaxından tanıdılmasında böyük Səməd Vurğunun əvəzsiz rolu olduğunu diqqətə çatdırıb. Bildirib ki, ilk dəfə musiqişünas Əminə Eldarova Aşıq Şəmşirin ifasında 75 aşıq havasını lentə köçürüb.

Aşıq Şəmşirə həsr olunmuş filmin nümayişi ilə bşalayan bədii hissədə Əməkdar Mədəniyyət İşçisi Gülarə Azaflının rəhbərlik etdiyi “Çeşmə” folklor qrupu, Əməkdar Mədəniyyət İşçiləri Ədalət Dəlidağlı, Samirə ƏliyavaSərdar Məmmədli, eləcə də aşıqlardan Qələndər Zeynalov, Altay Məmmədli, Kəmalə Qubadlı, Şaiq İncəli, Avdı Musayev, Qabil Abduyev, Ramin Qarayev, Gözəl Kəlbəcərli, Əli Pənahoğlu, Əli Tapdıqoğlu, Mehdi Məsimov, Yaşar Kəlbəcərli, Roman Azaflı, Elməddin Məmmədli, Şəhriyar Qaraxanlı, Dağıstandan gəlmiş aşıq Şəmşir, Əməkdar artistlər Babək NiftəliyevSevinc Sarıyeva ustadın sözlərini aşıq havaları və muğam üstündə oxumuş, aktyorlar şeirlərini səsləndirmişlər.

Tədbirin sonunda Dədə Şəmşirin nəvəsi, Millət vəkili Cavid Qurbanov çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib. O, Aşıq Şəmşirin anadan olmasının 125 illik yubileyinin belə böyük təntənə ilə qeyd olunmasını ölkəmizdə mədəniyyətin inkişafına, aşıq sənətinə göstərilən böyük diqqətin təcəssümü kimi dəyərləndirib. Qeyd olunub ki, Azərbaycan dövlətinin qurucusu, ümummilli liderimiz Hey­dər Əliyevin ləyaqətli siyasi varisi, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ölkəmizin iqtisadi və sosial-mənəvi həyatının inkişafındakı genişmiqyaslı fəaliyyəti öz bəhrəsini verməkdədir. Bu gün Azərbaycanda gedən iqtisadi və mədəni quru­culuq işləri müqayisəolunmaz dərəcədə sürətlə gedir. Mədəniyyətimizin digər sahələri kimi, musiqi mədəniyyətimizə, xüsusən də muğam və aşıq sənətlərinin inkişafına göstərilən qayğı və diqqətin bəhrəsini hər birimiz görürük. Muğam sənətinin YUNESKO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına salınmasından sonra 2009-cu ildə əvəzsiz milli sərvətimiz olan aşıq sənətinin də həmin siyahıya daxil edilməsi milli-mənəvi varlığımıza ən yüksək səviyyədə böyük diqqət və qayğıdan xəbər verir.

Tədbirdə dövlət və hökümət nümayəndələri, nazirlər, millət vəkilləri, respublikamızın tanınmış elm və sənət adamları iştirak edib.

Musa NƏBİOĞLU