2009-cu ildə Azərbaycan aşıq sənəti YUNESKO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edildikdən sonra xalqımızın bu ölməz sənəti dünya miqyasında daha çox tanınmağa başladı. Bu gün mədəniyyətimizin digər sahələri kimi, aşıq sənətinə də dövlət səviyyəsində qayğı və diqqətin gündən-günə artması göz önündədir. İndi aşıqlarımızın səsi tez-tez müxtəlif xarici ölklərin möhtəşəm salonlarından gəlir.
Aşıqlarımızın xarici ölkələrdə növbəti çıxışı isə Rusiyanın paytaxtı Moskva şəhərində olub. Bu il aprel ayının 29-da gənc və istedadlı aşıq, Borçalı aşıq mühitinin yetirməsi Ramin Qarayev Moskvada solo konsert proqramı ilə çıxış edib. Qeyd etmək lazımdır ki, indiyədək aşıqlarımızın xarici ölkələrdə çıxışları çox olsa da, bu, ilk solo konsert idi. Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə baş tutan və klassik aşıq ənənələri əsasında keçən konsertdə Ramin Qarayev 20-dən çox aşıq havasını ifa edib, “Hüseyn və Reyhan” dastanından bir parçanı söyləyib. Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı həmin tədbirdə çıxış edərək Azərbaycan aşıq sənətinin dünəni və bu günündən söhbət açıb, bu sənətin beynəlxalq aləmdə daha yaxından tanıdılmasının vacibliyini vurğulayaraq belə konsert proqramlarının keçirilməsinə böyük ehtiyac olduğunu deyib.
Təbbirdə həmçinin Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşı Şövqi Mehdizadə və diaspor nümayəndələri də iştirak ediblər.
Gən aşığın ifasından böyük mənəvi zövq aldıqlarını deyən tamaşaçılar gələcəkdə də belə konsertlərin keçirilməsini arzu etdiklərini bildiriblər.
Musa NƏBİOĞLU