Azərbaycan Aşıqlar Birliyi İdarə Heyətinin üzvü, IV, V və VI Aşıqlar qurultaylarının iştirakçısı, Ümumittifaq Yaradıcılıq Festivalınını laureatı, “Fəxri mədəniyyət işçisi” Cabbar Qasım oğlu Cabbarov 20 avqust 1950-ci ildə Laçın rayonunun Ağbulaq kəndində anadan olub. 1967-ci ildə orta məktəbi bitirib, 1969-cu ildə o zamankı V.İ.Lenin adına Pedaqoji instituta (indiki ADPU) daxil olub 1973-cü ildə həmin ali məktəbi bitirib.
Özünün sazıyla-sözüylə 60 ilə yaxındır – yəni 1969-cu ildən bu günə kimi Azərbaycanın milli musiqi mədəniyyətinin təbliği sahəsində şərəflə xidmət göstərir. 1972-ci ildə Respublika üzrə keçirilən “Oxu tar” festivalının iştirakçısı və qalibi olaraq institutun Həmkarlar Komitəsinin fəxri fərmanı və “Luç” qol saatı ilə mükafatlandırılıb.
Haqqında mətbuatda çox yazılıb. Hələ tələbə ikən – 1972-ci ildə Zahid Həmidoğlu onun barəsində “Gənc müəllim” qəzetində “Saz səsinə dayandım” sərlövhəli yazı yazıb. “Laçın” qəzetinin 1975-ci il 12 iyun tarixli sayında isə Vəliş Əlişoğlu “Simlərin tufanı” məqaləsi dərc olunub.
1975-1977-ci illərdə keçirilən I Ümumittifaq Yaradıcılıq Festivalınını lauret diplomları (№1, №168) və laureat medalı ilə təltif olunub. Barəsində o zamankı “Kommunist” qəzetinini 1977-ci il 26 yanvar tarixli sayında “Oxuyur aşıqlar”, məqaləsi “Azərbaycan müəllimi” qəzetinin 22 noyabr 1977-ci il tarixli sayında isə “Telli sazın nəğməsi” adlı məqalələr dərc edilib.
Özfəaliyyət kollektivləri arasında fərqləndiyinə görə 1976-cı il aprelin 30-da Ali Məktəb və Elmi İdarə İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin fəxri fərmanı ilə təltif olunub. 1977-ci ildə I Ümumittifaq Yaradıcılıq festivalı laureatlarının Tacikistan Respublikasında 7 gün ərzində keçirilən yekun konsertində fəal iştirakına görə Tacikistan Maarif Nazirliyinin 22 iyun 1977-ci il 43 №-li əmri ilə Fəxri fərmanla təltif olunub və bu barədə “Laçın” qəzetinin 6 avqust 1977-ci il tarixli sayında məqalə dərc olunub.
1977 və 1980-ci illərdə ideoloji işdəki fəaliyyətimə görə Laçın Rayon Partiya Komitəsinin fəxri fərmanları ilə təltif olunub.
1977-ci ildə Laçın rayonunda ilk dəfə “İşıqlı” aşıqlar ansanbılını yaradıb və onun bədii rəhbərliyi ilə bu ansambl 1978-ci ildə Salyan rayonunda keçirilən gənc aşıqların II Respublika baxış müsaqibəsində (20 rayondan gəlmiş 100-ə qədər aşıqlar arasında) və 1979-cu ildə Şəmkir rayonunda keçiirlən gənc aşıqların baxış müsabiqəsində respublika üzrə qaliblər sırasına çıxdığına görə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyiniin və Azərbaycan Xalq Yaradıcılığı Evinin diplom və fəxri fərmanları ilə təltif olunub. Misdən döymə rəsm əsərləri ilə mükafatlandırılıb. Bu haqda “Mədəni maarif işi” jurnalının 1979-cu ildə işıq üzü görən №1(46) sayında “Aşıq yaradıcılığına qayğı gərəkdir” sərlövhəli məqalə çap olunub. Eyni zamanda “Mədəni maarif işi” jurnalının 1980-ci il 1-ci sayında da işıqlandırılıb.
28 avqust 1980-ci ildə M.Maqamayev adına Azərbaycan Dövlət Flarmoniyasında aşıq Cabbar Cabbarovun rəhbərliyi və iştirakı ilə Laçın aşıqlarının yaradıcılıq gecəsi keçirilib. “Sovet kəndi” qəzetinin 22 oktyabr 1980-ci il tarixli sayında bu haqda “Məclis quran aşıqlar” adlı məqalə dərc edilib.
Dəfələrlə “N” saylı hərbi hissələrdə ansamblla konsertlər verib. Bu barədə “Laçın” qəzetinin 31 dekabr 2010-cu il tarixli sayında “Səngərdə çalınan “Cəngi” adlı məqalə dərc olunub. Onun fəaliyyətilə bağlı “Yeni Azərbaycan” qəzetinin 11 noyabr 2014-cü il tarixli sayında və www.kaspi.az saytında (2010-cu il 25-27 dekabr) məqalələr verilib. Həftlik ictima-siyasi “Diplomat” qəzetinin 16-22 və 23-29 mart 2015-ci il tarixli saylarında “Laçın rayonunun şöhrətli və ustad aşığı Cabbar Cabbarov” başlıqlı məqalələr də onun yaradıcılığına həsr olunub.
2021-ci ildə “Nəsildən-nəsilə” ədəbi-bədii, elmi-publisistik aylıq jurnalında Cabbar Cabbarovun aşıqlıq fəliyyətindən bəhs olunub, şerləri çap edilib.
2011-ci ildə “Pirsultan” elm və sənət dərgisində “Laçın rayonunun şərəfli və şöhrətli ustaq aşığı Cabbar Cabbarov” başlıqlı məqalə və müxtəlif fotoşəkilləri dərc edilib. (Müəllifi Gəncə Dövlət Univerisitetinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının professoru, filologiya elmləri doktoru, mərhum Sədnik Paşa Pirsultanlı).
“Ədalət” qəzetinini 6 iyul 2017-ci il tarixli sayında “Aşıq Cabbarın sazı və sözü” başlıqlı məqalədə onun səmərəli fəaliyyəti işıqlandırılıb. Məqalənin müəllifi Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.
Ozan-aşıq sənətinin bütün sahələr üzrə gənc nəslə aşılanmasında aşıq Cabbar Cabbarovun müstəsna xidmətləri var. Bunun ən başlıcası indiyə kimi 40 nəfərə qədər aşıq yetişdirməsidirki, onlardan da 20 nəfəri bu gün ustad aşıq kimi tanınır. Onlardan 3 nəfəri təssüflər olsun ki, dünyalarını vaxtsız dəyişiblər. 3 nəfər həm də Azərbaycan Yazıçılar Birliyinini üzvüdür: Adil Cəfakeş 6, Şakir Quliyev 3 və Azər Güləliyevin hərəsi 3 kitabın müəllifidir. “Qızıl Qələm” mükafatına da layıq görülüblər.
Aşıq Cabbar həm də sazbəndliklə məşğul olur, bu sənətin sirlərini 6 nəfərə öyrədib. Onlardan Nəsimi Məmiyev, Adil Cəfakeş, Qulu Quluyev, Səfər Quluyevi, Atlıxan Alıxanovun adlarını çəkir. Onun sazbəndlik fəaliyyəti barədə Musa Nəbioğlunun “Sazımız – sazbəndimiz” kitabında (Bakı, “Elm və Təhsil”, 2011-ci il səh.71-73) geniş bəhs olunur.
Aşıq Cabbar həm də bir ustad aşıq kimi 2 saz havası bəstələmişdir: “Laçın fəryadı” və “Laçın marşı”.
Hərbi vətənpərvərlik ruhunda yazılan və tarixi həqiqətlərə söykənən “Girov sazın dastanı” kitabı 2017-ci ildə Azərbaycan Aşıqlar Birliyinin məslhəti ilə işıq üzü görüb. AzTv-nin “Mədəniyyət” kanalında aparıcı Məhərrəm Qasımlının verilişində kitabın təqdimatı olub. Artıq 2 kitabı redaktə edilib. Birinci “Ömür yolu, ustad yolu” kitabıdır.
Aşıq Cabbarın şeirləri dəfələrlə AAB-nin nəşr etdirdiyi kitablarda və digər nəşrlərdə çap olunub. Onlardan aşağıdakıları göstərmək olar:
“Aşıq ədəbiyyatı antologiyası”. Aşıq poeziyası, I cild, səh 554-557.
“Çağdaş Azərbaycan aşıqlarının şeir antologiyası”;
“Aşıq təcnisləri”;
“Aşıq divaniləri və müxəmməsləri”
“İndi hünər meydanıdır”.
“Ozan dünyası” jurnalının 2014, 2015, 2018, 2019-cu illərdə işıq üzü görmüş müxtəlif saylarında haqqında məqalələr və şeirləri işıq üzü görüb.
Azərbaycan Aşıqlar Birliyi tərəfindən nəşr edilmiş “Aşıq dastanları” antologiyasının 3-cü cilidində ustad aşıq Cabbarın “Girov sazın dastanı” da yer alıb.
“Ozan” elm və sənət toplusunun IV buraxılışında (2020) Musa Nəbioğlunun “Dərdimizin dastan düzümü” məqaləsi “Girov sazın dastanı” kitabına həsr olunub.
2010-cu ildə dövlət səviyyəsində Taxta körpü qəsəbəsində 60 illik yubley tədbiri mərhum Xalq şairi, Azərbaycan Aşıqlar Birliyinin o zamankı sədri Zəlimxan Yaqubun, millət vəkillərinin, Mədəniyyət nazirliyinin məsul işçilərinin və Laçın rayon ictimaiyyətinin iştirakı ilə təntənəli şəkildə qeyd olunub. Çoxillik səmərəli fəaliyyətinə görə Mədəniyyət nazirliyinin və Laçın rayon İcra Hakimiyyətinin fəxri fərmanına və pul mükafatına layiq görülüb.
2014-cü ildə çoxillik səmərəli fəaliyyətinə “Fəxri mədəniyyət işçisi” nişanı ilə təltif edilib.