Bu il Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən biri olan ustad sənətkar Mahmud Məmmədovun (1935-2020) anadan olmasının 90 illik yubiley ilidir. XX əsrin ortalarından sənətə gələn M.Məmmədov ömrünün 70 ilini aşıq sənətinin yaşadılmasına və təbliğinə həsr edib, ustad aşıq kimi tanınıb, neçə-neçə gəncə bu sənətin sirlərini öyrədib. Dəfələrlə xarici ölkələrdə keçirilən folklor festivallarında Azərbaycan mədəniyyətini layiqincə təmsil edib, fəxri fərmanlara və müxtəlif mükafatlara layiq görülüb. Onun sənət qarşısındakı xidmətləri dövlətimiz tərəfindən də layiqincə dəyərləndirilib – Prezident təqaüdünə və “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.
Ustad sənətkarın 80 illik yubileyinin yüksək səviyyədə qeyd olunması üçün Azərbaycan Aşıqlar Birliyində tədbirlər planı hazırlanıb. Bu silsilədən ilk tədbir kimi AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının aparıcılığı ilə “Mədəniyyət” telekanalında hər həftə efirə gedən “Saz-söz məclisi” verilişinin bir buraxılışının bütövlükdə Mahmud Məmmədova həsr olunması nəzərdə tutulur. Aprel ayının əvvəllərində efirə gedəcək verilişdə bu unudulmaz sənətkarın keçdiyi ömür yoluna nəzər salınacaq, həyat və yaradıcılığından söhbət açılacaq və aşıqlardan Azər Fərmayıloğlu, Elməddin Məmmədli, Nazim Nəbiyev, İmralı Fikrətoğlu, Nəbi Nağıyev, Gəncəli Babayev, İmran Göyçəli və Nəcəf Uğurlu ustadın repertuarından müxtəlif aşıq havalarını ifa edəcəklər.