Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı, Qərbi Azərbaycan İcması və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə 2025-ci il fevralın 19-da “Milli-mənəvi dəyərlərimiz Qərbi Azərbaycan qaynaqlarında” mövzusunda elmi-praktiki seminar keçirilib.
Beynəlxalq Muğam Mərkəzində keçirilən seminarda əsas məqsəd Qərbi Azərbaycanda yaranıb formalaşan folklor yaradıcılığı, musiqi və ifaçılıq sənəti, milli mətbəximiz kimi zəngin dəyərləri özündə əks etdirən mövzuların tədqiqi və onların gənc nəslə daha dolğun şəkildə çatdırılması olub.
Qərbi Azərbaycan İcmasının sədri, Millət vəkili Əziz Ələkbərli və MEMİM-in direktoru vəzifəsini icra edən, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Hümbətovun da iştirak etdiyi tədbirdə bir sıra alimlərlə yanaşı, filologiya üzrə fəlsəfə doktoru, ADMİU-nun dosenti Altay Məmmədli də “Göyçə aşıq mühiti” adlı məruzə ilə çıxış edib.
Seminarda Aşıq İmran Göyçəlinin ifasında “Göyçəgülü” havası, “İrəvan” ansamblının ifasında (solistlər Nərmin Mirzəyeva və Rəis Niftəliyev) bəstəkar və xalq mahnıları izləyicilərə təqdim olunub.