PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

ZƏLİMXAN YAQUB – 75

Bu il dövrümüzün böyük söz ustadı, Xalq şairi Zəlimxan Yaqubun anadan olmasının 75 ili tamam olur. Yaradıcılıqda özünəməxsus dəst-xətti olan, ölməz əsərləri ilə milyonların qəlbində özünə heykəl quran şairin yubileyi ölkəmizdə geniş şəkildə qeyd olunacaqdır.

Bununla bağlı Azərbaycan Aşıqlar Birliyində də bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bu sıradan ilk tədbir kimi, AzTV və Azərbaycan Aşıqlar Birliyinin birgə layihəsi olaraq hər həftə “Mədəniyyət” kanalında AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının aparıcılığı ilə efirə gedən “Saz-söz məclisi” verilişinin bir buraxılışının bütövlükdə Zəlimxan Yaquba həsr olunması nəzərdə tulub. Yanvarın 16-da efirə gedəcək verilişdə aşıqlardan Avdı Musayev, Nargilə Mehdiyeva, Kamandar Lətifoğlu, Elməddin Məmmədli, Qabil Abduyev və xanəndə Xəlil Qaraçöp müxtəlif aşıq havaları üstündə bu böyük söz ustadının şeirlərini ifa edəcəklər.

Xatırladaq ki, Zəlimxan Yaqub 1950-ci il yanvarın 21-də Borçalıda – Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olub. 1967-ci ildə doğulduğu kənddə orta məktəbi, 1972-ci ildə isə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirib. 1973-cü ildən 1978-ci ilə qədər “Azərkitab” sistemində, 1975-ci ildən 1985-ci ilə qədər Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətində təbliğat şöbəsində redaktor, şöbə müdiri, 1987-ci ildən 1994-cü ilə qədər isə “Yazıçı” nəşriyyatında poeziya şöbəsində redaktor, şöbə müdiri vəzifələrində çalışıb.

1994-cü ildən ömrünün sonunadək Azərbaycan Respublika Prezidenti yanında Əfv Komissiyasının üzvü, 1995–2005-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olub.

2008-ci il avqust ayının 29-da Azərbaycan aşıqlarının V qurultayında Azərbaycan Aşıqlar Birliyinin sədri seçilib.

O, 2016-cı il yanvarın 9-da dünyasını dəyişib.