Filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Aşıq sənəti” kafedrasının dosenti, ustad aşıq Altay Məmmədli həm də bədii yaradıcılıqla məşğul olur. Bu günlərdə onun ilk şeirlər kitabı işıq üzü görüb. Nəfis tərtibatla çap olunan “Ürəyində saxla məni” adlı bu kitabı nəşrə hazırlayan, redaktoru və ön sözü müəllifi Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.Kitabda müəllifin müxtəlif mövzularda yazdığı qoşma, gəraylı, divani, təcnis və müxəmməsləri toplanıb.
Ön sözdə M.Nəbioğlunun da vurğuladığı kimi, Altay Məmmədli günümüzdə aşıq sənətini yaşadan, onu beynəlxalq aləmdə də ləyaqətlə təmsil edən, bir sözlə, üzdə olan ünlü sənətkardır. O, sadəcə aşıq deyil, həm də bu sənətin təbliğatçısı, tədqiqatçısı, öyrədəni və təşkilatçılarındandır – alim-aşıq, filologiya üzrə fəlsəfə doktorudur, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində aşıq sənətini tədris edir. Azərbaycan Aşıqlar Birliyinin sədr müavinidir.