Bu nəşrin özəlliyi bir də ondadır ki, buradakı dastanların hamısı canlı ifadan yazıya alınıb, sovet dövründə gedən ixtisar və müdaxilələrə yol verilməyib, sufi-dərviş simvolikası, eləcə də dini-ürfani obraz və deyimlərə toxunulmayıb, xalq koloriti və aşıq leksikonunun əsas səciyyəsi qorunub və dastanların strukturu olduğu kimi saxlanılıb.
Saz-söz ictimaiyyətinə, aşıqşünas, musiqişünas və folklor araşdırıcılarına dəyərli bir töhfə olan kitabı hazırlayanlar Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, filologiya üzrə elmlər doktoru, professor Mahmud Allahmanlı, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu və filologiya üzrə fəlsəfə doktoru, dosent Altay Məmmədli, redaktoru isə Aynur Xəlilovadır.
