2024-cü il sentyabrın 23-də Azərbaycan aşıq sənətinin günümüzdəki ustad sənətkarlarından biri olan Şaiq İncəlinin anadan olmasının 60 illiyi münasibəti ilə yubiley tədbiri keçirilib. Şair İbrahim İlyaslının aparıcılığı ilə keçən tədbirdə Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı çıxış edərək yubilyarın dövrümüzdə aşıq sənətinin inkişafındakı xidmətlərindən danışıb, ona AAB-nin təsis etdiyi “USTAD SƏNƏTKAR” fəxri diplomunu və qiymətli hədiyyələr təqdim edib, şəxsi həyatında və sənət yollarında daha böyük uğurlar arzulayıb.
Qazax Xeytriyyə Cəmiyyətinin sədri, professor İlham Pirməmmədov başçılıq etdiyi təşkilatın adından yubilyarı təbrik edib, ona cəmiyyətin Fəxri diplomunu təqdim edib.
Digər çıxışçılar da Şaiq İncəlini həm ustad aşıq, həm də bir şəxsiyyət kimi yüksək dəyərləndiriblər.
Yubilyarın sənət dostları bir-birindən gözəl ifaları ilə tədbiri daha da əlamətdar ediblər.
Sonda Şaiq İncəli çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara minnətdərlığını bildirib.