2024-cü il sentyabrın 18-də Qobustan Rayon Gənclər Evində Azərbaycan Aşıqlar Birliyi və Qobustan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə tanınmış aşıq-xanəndə, Əməkdar mədəniyyət işçisi Əvəzxan Xankişiyevin anadan olmasının 75 illik yubileyi qeyd olunub. AMEA-nın əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Qürbət Mirzənin aparıcılığı ilə keçən tədbirdə Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı çıxış edərək Əvəzxan Xankişiyevin həyat və sənət yolu barədə geniş məlumat verib, onun həm aşıq sənətində, həm də xanəndəlikdə böyük xidmətlərinin olduğunu vurğulayıb. M.Qasımlı yubilyara AAB-nin “Ustad sənətkar” Fəxri diplomunu və qiymətli hədiyyə təqdim edib.
Qobustan Rayon İH başçısının birinci müavini Məharət Əkbərov Əvəzxan Xankişiyevin təkcə Qobustanda deyil, bütövlükdə Şirvanda və Azərbaycanda məşhur sənətkar olduğunu qeyd edib, rayon rəhbərliyi adindan təbrik edərək ona Qobustan Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanını təqdim edib.
Tovuz Xeyriyyə Cəmiyyətinin sədr müavini Çingiz Abbasov da yubilyarı təbrik edərək qiymətli hədiyyə təqdim edib.
Çıxışlarda Ə.Xankişiyevin Şirvan aşıq məktəbinin görkəmli nümayəndəsi Aşıq Şakirin layiqli davamçısı olmaqla yanaşı, həm də ustad xanəndə olması da xüsusi qeyd olunub.
Əməkdar müəllim İmran Sabirov, şair Əli Vahid, jurnalist İltifat Hacıxanoğlu və digərləri də yubilyar haqqında xoş sözləri söyləyib, onun sənətkarlığını yüksək dəyərləndirərək yeni-yeni yaradıcılıq uğurları arzulayıblar.
Yubilyarın sənət dostları – Əməkdar mədəniyyət işçiləri Ağamurad Şirvanlı və Şirzad Fətəliyev, ADMİU-nun dosenti, ustad aşıq Altay Məmmədli, eləcə də aşıq Rza Məmmədov, Gülarə Xankişiyeva və digərləri ustad sənətkarı təbrik edib, bir-birindən gözəl ifalarıyla tədbir iştirakçılarına xoş ovqat bəxş ediblər.
Sonda Əvəzxan Xankişiyev tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib.
Tədbirdə Azərbaycan Aşıqlar Birliyinin əməkdaşları – Birliyin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu və Şahniyar Əliyev də iştirak edib.