Azərbaycan Aşıqlar Birliyinin (AAB) son illərdə həyata keçirdiyi uğurlu layihələrdən olan “Aşıq dastanları” antologiyasının 2-ci cildi üzrətində iş yekunlaşmaq üzrədir. Bu barədə məlumat verən AAB-nin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, antologiyanın bu cildində “Əsli və Kərəm”, “Yetim Aydın”, “Qul Mahmud vəı Nigar xanım”, “Məsum və Diləfruz”, “Alı xan və Pəri”, “Məhəmməd və Güləndam”, “Nəcəf və Pərizad”, “Şahzadə Əbülfəz”, “Səyyad və Səadət”, “Abdulla və Cahan” və “Aşıq Hüseyn və Reyhan xanım” dastanları yer alacaq.
Bu dastanların hamısı əvvəlcə çağdaş aşıqlarımızın ifasında səsləndirilib, AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının aparıcılığı ilə hər həftə “Mədəniyyət” kanalında efirə gedən “Saz-söz axşamı” verilişində geniş ictimaiyyətə təqdim olunub, sonra isə aşıqların dilindən yazıya alınaraq kitaba daxil edilib. Birinci cilddə olduğu kimi, bu cildin hazırlanmasında da əsas məqsəd aşıq dastanlarının çağdaş aşıqların repertuarında geniş yer tutmasına çalışmaq, dastanlarımıza bir növ yeni həyat, yeni nəfəs gətirməkdir.
Kitabın elmi redaktoru Azərbaycan Aşıqlar Birliyinin sədri, Dövlət mükafatı laureatı Məhərrəm Qasımlı, nəşrə hazırlayanlar Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, filologiya elmləri doktoru, professor Mahmud Allahmanlı, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu və filologiya üzrə fəlsəfə doktoru, dosent Altay Məmmədli, redaktoru isə filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Xəlilovadır.
Antologiyanın bu ilin payızında elmi ictimaiyyətə və geniş oxucu kütləsinə təqdim olunması nəzərdə tutulur.