Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının aparıcılığı ilə “Mədəniyyət” kanalında hər həftə efirə gedən “Saz-söz axşamı” verilişinin növbəti verilişlərindən biri bütövlükdə tanınmış saz-söz ustadı Məzahir Borsunluya həsr olunacaq. Verilişdə ustadın həyat və yaradıcılığından söhbət açılacaq, aşıqlardan Sahib Süleymanov, Həbib Musayev, Saleh Tağıyev, Ədalət Alməmmədov, İsmayıl İncəli və Fəqan Cavadov müxtəlif saz havaları üstündə onun şeirlərini ifa edəcəklər.
Xatırladaq ki, Məzahir Borsunlu – Məzahir Məşədi Həmzə oğlu Axundov 1909-cu ildə Tərtər rayonunun Borsunlu kəndində anadan olub. Onun şair və aşıq kimi formalaşmasında Gəncə ədəbi mühiti mühüm rol oynayıb. İkinci Dünya müharibəsi illərində sovet qoşunlarının tərkibində İranda olub, sonra isə Almaniyada Fətəli xan Düdənginskinin yaratdığı legiona daxil olub. Müharibə qurtardıqdan sonra isə vətən xaini kimi həbs olunaraq Sibirə sürgün edilib.
1979-cu ildə Gəncə şəhərində vəfat edən Məzahir Borsunlunun poetik irsi araşdırılıb, haqqında monoqrafiya yazılıb.