PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

BƏYLƏR QƏDİROVUN 110 İLLİK YUBİLEYİ QEYD OLUNACAQ

Bu il Şirvan aşıq mühitinin XX əsrdəki görkəmli nümayəndələrindən olan Bəylər Qədirovun anadan olmasının 110-cu ildönümüdür. Ustad aşıqların yubileylərinin qeyd olunmasına daim böyük diqqət yetirən Azərbaycan Aşıqlar Birliyində bu böyük sənətkarın yubileyinin qeyd olunması ilə bağlı da tədbirlər həyata keçirilməsi nəzərdə tutulur.

Bu sıradan ilk tədbir kimi, Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qsımlının aparıcılığı ilə “Mədəniyyət” kanalında hər həftə efirə gedən “Saz-söz axşamı” verilişinin bir buraxılışının bütövlükdə Bəylər Qədirova həsr olunması planlaşdırılıb. Yaxın günlərdə efirə gedəcək həmin verilişdə aşıqlardan Əməkdar mədəniyyət işçisi Ağamurad Şirvanlı, Elman Talıstanlı, Qəlbinur İbrahimli və Babək Şakirli Bəylər Qədirovun repertuarından seçmə ifaları təqdim edəcək, ustadın özünün lent yazısı səsələndiriləcək.

Xatırladaq ki, Bəylər Qədirov 1914-cü ildə Salyanın Çuxanlı kəndində anadan olub. Vaxtilə özünün verdiyi məlumata görə, aşıqlığı əvvəlcə Aşıq Abbasdan, sonra isə Aşıq Şakir və Aşıq Maqsuddan öyrənib. 1938-ci ildən məclislərdə çıxış edib.

Azərbaycan aşıqlarının II və III qurultaylarında iştirak edib. Bir sənətkar kimi xidmətləri qiymətləndirilib, diplom, fəxri fərman və müxtəlif mükafatlara layiq görülüb.

Şirvan aşıq məktəbinin inkişafında özünəməxsus xidmətləri olan Aşıq Bəylər 1991-ci ildə vəfat edib.