PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

“Aşıq dastanları” kitabı işıq üzü görüb

Azərbaycan Aşıqlar Birliyi (AAB) “Aşıq dastanları” kitabını nəşr edib. Kitab Azərbaycan dastanlarını əhatə edəcək çoxcildliyin birinci hissəsidir.

AZƏRTAC xəbər verir ki, bu barədə AAB-nin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu məlumat verib.

Nəşrin hazırlanmasında əsas məqsədin klassik aşıq dastanlarının çağdaş aşıqların repertuarında daşıdığı səciyyəni görmək olduğunu bildirən katib deyib: “Təqdim olunan dastanlar son illərdə ustad aşıqların repertuarından yazıya alınıb. Bu nəşrin əvvəlkilərdən fərqi ondadır ki, təqribən otuza yaxın dastanı əhatə edəcək bu antologiyada XXI əsrin ilk rübündə saz-söz aləmində dəyərli xidmətləri olan Arif (Əlövsət) Əsgərov, Hüseyn Qoşqarlı, Məmməd Bozalqanlı, Ürfan Əli, Nəbi Nağıyev, Altay Məmmədli, Nazim Bahadıroğlu, Elbrus Hüseynov, Şöhrət Kərimov, Elməddin Məmmədli, Ağamurad Şirvanlı, Elman Talıstanlı, Babək Şakirli, Nizami Şirinov, Gəncəli Babayev, Vüqar Qurbanov, Şəhriyar Kərimov və bu sıradan olan başqa saz-söz sənətkarlarının söylədikləri dastanlar canlı ifadan yazıya alınaraq lüğət və şərhlərlə birlikdə daha dolğun və mükəmməl şəkildə oxuculara təqdim olunur. Antologiyanın birinci cildində “Abbas və Gülgəz”, “Qurbani”, “Xəstə Qasım”, “Şahismayıl və Gülzar”, “Leyli və Məcnun”, “Vaqif”, “Aşıq Qərib”, “Tahir və Zöhrə” və “Yəhya bəy Dilqəm və Telli xanım” dastanları yer alıb.

Kitabın elmi redaktoru Azərbaycan Aşıqlar Birliyinin sədri, Dövlət mükafatı laureatı Məhərrəm Qasımlı, nəşrə hazırlayanlar Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, filologiya elmləri doktoru, professor Mahmud Allahmanlı, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu və filologiya üzrə fəlsəfə doktoru, dosent Altay Məmmədli, redaktoru isə filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Xəlilovadır.

Antologiya saz-söz ictimaiyyətinə, aşıqşünas, musiqişünas və folklor tədqiqatçılarına dəyərli töhfədir”.

https://azertag.az/xeber/asiq_dastanlari_kitabi_isiq_uzu_gorub-3027678