PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

AŞIQ NABATIN 100 İLLİK YUBİLEYİ QEYD OLUNACAQ

Bu il XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən biri olan Aşıq Nabatın anadan olmasının 100 illik yubileyi tamam olur. Xatırladaq ki, Nabat Paşa qızı Cavadova 1914-cü ildə Naxçıvan Muxtar Respublikasında – Şərur rayonunun Parçı kən­dində anadan olub. 1932-ci ildə dayıları ilə birlikdə Bərdə rayonunun Piyadalar kəndinə köçüb. Burada Aşıq Ələs­gərin qardaşı Məşədi Salehin oğlu Aşıq Musanın yanında şəyird olaraq sənətin sirlərini öyrənib. 1947-ci ildə həmin kənddə ailə qurub və elə həmin ildən Yevlax şəhərində yaşamağa başlayıb.

 

1939-cu ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti dekadasında Səməd Vurğun, Üzeyir Hacıbəyov, Bülbül, Əsəd Rzayev, Mirzə Bayramov və İslam Yusifov kimi məşhur ədəbiyyat və sənət adamları ilə birlikdə Aşıq Nabat da iştirak edib.

Aşıq Nabat 1973-cü ildə vəfat edib və öz vəsiyyətinə görə, Siyaqut kəndində anasının yanında dəfn olunub.

Görkəmli sənətkarın 100 illik yubileyinin yüksək səviyyədə qeyd olunması üçün Azərbaycan Aşıqlar Birliyində tədbirlər hazırlanır. Bu sıradan ilk tədbir kimi, AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının aparıcılığı ilə hər həftə efirə gedən “Saz-söz axşamı” verilişinin bir buraxılışının bütövlükdə bu xanım aşığa həsr olunması nəzərdə tutulur. Yaxın günlərdə efirə gedəcək verilişdə aşıqlardan Təşəkkül Laçınlı, Nərmin Salahova, Ayaz Əzizoğlu, Eldar Bağırov, Əfsanə Kərimli, Sahil Laçınlı, Müşfiq Həşimov, Gülbəyaz Dadaşova, Nəcəf Uğurlu və Qəlbinur İbrahimli müxtəlif aşıq havaları üstündə Aşıq Nabatın şeirlərini və ona ithaf olunmuş şeirləri səsələndirəcəklər.