PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

ƏSƏD RZAYEVİN 150 İLLİK YUBİLEYİ QEYD OLUNACAQ

Bu il Azərbaycan aşqı sənətinin çox ünlü simalarından biri olmuş ustad sənətkar Əsəd Rzayevin anadan olmasının 150 illik yubileyi tamam olur. Ustadın yubileyinin yüksək səviyyədə qeyd olunması üçün Azərbaycan Aşıqlar Birliyində ayrıca tədbirlər planı hazırlanıb. Bu sıradan ilk tədbir kimi Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının aparıcılığı ilə hər həftə “Mədəniyyət” kanalında efirə gedən “Saz-söz axşamı” verilişinin bir buraxılışı bütövlükdə bu böyük ustada həsr olunacaq. Verilişdə ustadın keçdiyi ömür yolu və yaradıcılığından söhbət açılacaq, aşıqlardan Xanlar Xəlilov, Kəmalə Qubadlı, Elməddin Məmmədli, İlham Məmmədli, Elməddin Bayramlı, Nemət Əliyev, Tural Mehdiyev və Şəhriyar Qaraxanlı müxtəlif aşıq havaları üstündə yubilyara həsr olunmuş şeirləri və özünün poetik yaradıcılığından nümunələri səsləndirəcəklər.

Xatırladaq ki, Əsəd Əhməd oğlu Rzayev 1874-cü ildə Göyçənin Qaraqoyunlu kəndində anadan olub. Əslən Tovuzun Bozalqanlı kəndindəndir. 12 yaşında ikən atasını itirən Əsəd bir neçə il muzdurluq etdikdən sonra 4 il Aşıq Ələsgərin şəyirdi olub, 5 il isə onunla birlikdə aşıqlıq edib.

1918-ci ildə daşnak ordusunun zabiti Selikovun öldürülməsində suçlandırılaraq qardaşı Məhəmmədlə birlikdə həbs edilib. Göyçədə Müsavat özəyinin köməyi ilə həbsxanadan qaçırıldıqdan sonra uzun müddət Tovuz və Qazax qəzalarında yaşayıb, 1932-ci ildə isə Bozalqanlı kəndində məskən salıb.

1928-ci ildə aşıqların I qurultayında iştirak edən Aşıq Əsəd 1930-1940-cı illərdə respublika səviyyəsində incəsənətlə bağlı tədbirlərdə həmişə fəallıq göstərib, müsabiqələrin qalibi olub. Göyçə, Tovuz, Qazax və Şəmkirdə bir çox aşıqların yetişməsində böyük rolu olub.

Aşıq Əsəd 1950-ci ildə vəfat edib.