Qarşıdan Novruz bayramı gəlir. Artıq ölkəmizin hər yerində bayram şənliklərinə start verilib. Bu ilki bayramın özəlliyi ondan ibarətdir ki, müstəqillik əldə etdikdən sonra ilk dəfə olaraq Xankəndi və Xocalı da daxil olmaqla ölkəmizin hər yerində bayram tonqalları alovlanır.
Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin tabeliyindəki İsmayıllı rayon Mədəniyyət mərkəzinin nəzdində fəaliyyət göstərən Yanvar Bədəlov adına Aşıqlar ansamblı da bu bayram münasibəti ilə özəl proqram hazırlayıb. Ustad aşıq Elman Mehdiyevin rəhbərlik etdiyi ansambl bu günlərdə İsmayıllıdakı Heydər Əliyev adına Mədəniyyət mərkəzində konsert proqramı ilə çıxış edib. Tədbirdə iştirak edənlər aşıqlardan Elman Mehdiyev, Cavid Əmiraslanov və Elçin Məmmədovun, solo saz ifaçısı Əliyar Bünyatovun, xanəndələrdən Əməkdar mədəniyyət işçisi Sahibə Abdullayeva və Şamil Mustafayevin çıxışlarını böyük rəğbətlə qarşılayıblar.
Aşıqları balabanda Əməkdar mədəniyyət işçisi Rasim Ələsgərov müşayiət edib.