PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

“QƏRBİ AZƏRBAYCAN AŞIQLARI” ADLI ŞEİR ANTOLOGİYASI NƏŞR OLUNUB

Azərbaycan Aşıqlar Birliyində (AAB) daha bir layihə uğurla başa çatdırılıb. Son illərdə bir sıra sanballı nəşrlər ərsəyə gətirən AAB-də bu dəfə Qərbi Azərbaycan aşıqlarının poetik yaradıcılıq nümunələrindən ibarət antologiya hazırlanıb.

Bu barədə məlumat verən AAB-nin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, XVI əsrdən üzübəri Qərbi Azərbaycanın ayrı-ayrı mahallarında – İrəvanda, Zəngəzurda, Dərələyəzdə, Göyçədə, Qaraqoyunluda, Dərəçiçəkdə, Loru və Ağbabada yaşayıb-yaratmış ustad sənətkarların zəngin ədəbi irsindən nümunələrin yer aldığı “Qərbi Azərbycan aşıqları” adlı toplu soydaşlarımızın dədə-baba yurdu olan bu ərazilərdə sənət ənənəsi, tarixi-mədəni prosesin inkişaf dinamikası, coğrafi arealın hansı milli-mənəvi zənginliyə köklənməsi haqqında bilgi vermək baxımından mühüm bir qaynaqdır.

Antologiyanın hazırlanmasında əsas məqsəd regionun söz-sənət yükünü qoruyub gələcək nəsillərə çatdırmaq, eyni zamanda sənətə yenicə qədəm qoyan yeniyetmə və gənclərin repertuar zənginliyini genişləndirməkdir.

Topluda XVI əsrdə yaşayıb-yaratmış Miskin Abdaldan üzübəri bir çox böyük saz-söz ustadlarının – Ağ Aşıq, Aşıq Alı, Aşıq Ələsgər, Məhərrəm Alçalı, Ululu Kərim, Çobankərəli Cəfər, Dərələyəzli Aşıq Cəlil, Aşıq Qəhrəman, Əsəd Rzayev, Ozan Heydər, Xəstə Hasan, Nəsib Ağbabalı, İsgəndər Ağbabalı və digərləri kimi ustad sənətkarlarla yanaşı, erməni təcavüzü nəticəsində öz dədə-baba yurdlarından didərgin düşüb, bu gün Azərbaycanın müxtəlif guşələrində yaşayaraq Qərbi Azərbaycandakı aşıq sənəti ənənəsini yaşadan çağdaş aşıqların bədii yaradıcılığından şeir nümunələrinə də geniş yer ayrılıb.

Antologiyanın elmi məsləhətçisi Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, layihənin koordinatoru Nigar Helmi Abbasbəyli, elmi redaktoru filologiya elmləri doktoru, professor Mahirə Hüseynova, nəşrə hazırlayanlar isə Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, filologiya elmləri doktoru, professor Mahmud Allahmanlı, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu və filologiya üzrə fəlsəfə doktoru, dosent Altay Məmmədlidir.