Son illərdə bir-birindən maraqlı layihələr həyata keçirən Azərbaycan Aşıqlar Birliyində daha bir layihəyə start verilib. Gənc aşıqlarla bağlı olan bu layihənin həyata keçirilməsində məqsəd bölgələrdə yeniyetmə və gənclər arasında aşıq sənətinə marağı gücləndirmək və dəstək olmaqdır. Bu məqsədlə aşıq sənətinin daha güclü inkişaf etdiyi ayrı-ayrı bölgələrdən olan gənc aşıqlarla ayrıca iş aparılır, ustad aşıqların onlarla görüşləri təşkil olunur, sənətin incəliklərini daha dərindən mənimsəmələrinə yardım göstərilir. Bu gənclərin arasından gələcəyinə daha çox ümid bəslənilənlərə isə xüsusi diqqət yetirilir, onların televiziya verilişlərində çıxış etmələrinə şərait yaradılır.
Artıq bu istiqamətdə ilk addımlar atılıb. Belə ki, Qərbi Azərbaycan, Qazax və Gədəbəydən olan gənc aşıqların ifaları Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının aparıcılığı ilə hər həftə “Mədəniyyət” kanalında efirə gedən “Saz-söz axşamı” verilişində geniş ictiamiyyətə çatdırılıb. Qarşıdakı həftələrdə isə Borçalı, Şirvan, Kəlbəcər, Laçın və digər bölgələrin gənc aşıqları ilə bağlı belə verilişlərin hazırlanması nəzərdə tutulur.