Qazaxıstan Milli Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru, L.N.Qumilyov adına Avrasiya Milli Universitetinin Türküstan kafedrasının professoru Amantay Şəriflə Azərbaycan Aşıqlar Birliyində görüş olub. Bu barədə məlumat verən AAB-nin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı ilə olan səmimi görüşdə əsasən Türk xalqlarının ortaq mədəniyyətindən, ozan-aşıq sənətinin tarixindən və keçdiyi təşəkkül yolundan söhbət açılıb. Ayrı-ayrı türk xalqlarında müxtəlif cür adlansa da (aşıq, baxşı, akın, jırav və s.) bu sənətin, əslində, eyni kökə bağlılığı vurğulanıb, həm tədqiqatçıların, həm də sənətkarların yaradıcılıq əlaqələrinin genişləndirilməsinin vacibliyi diqqət önünə gətirilib.
Qazaxıstanlı qonaq, aşıqlardan Əməkdar mədəniyyət işçisi Gülarə Azaflı və Şahniyar Mikayıloğlunun ifasında müxtəlif aşıq havalarını dinləyib, eyni zamanda həmin ifaları lentin yaddaşına köçürüb. Professor Məhərrəm Qasımlı qonağa Azərbaycan aşıq sənətinin özünəmxsus özəllikləri, Azərbaycan Aşıqlar Birliyinin yaranması tarixi və fəaliyyət istiqamətləri haqında geniş məlumat verib.
Qarşılıqlı fikir mübadiləsi əsasında keçən görüşdə AMEA-nın professoru Nizami Tağısoy və AAB-nin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu da iştirak edib.
Sonda hörmətli qonağa AAB-nin nəşri olan qiymətli kitablar və ustad aşıqlarından ifalarından ibarət video və audiodisklər hədiyyə olunub. Xatirə şəkli çəkdirilib.