PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

Aşıq Aydın Çobanoğlunun anadan olmasının 65 illiyi qeyd olunub

R.Behbudov adına Dövlət Mahnı Teatrında Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə aşıq Aydın Çobanoğlunun anadan olmasının 65 illiyi qeyd olunub.

AZƏRTAC xəbər verir ki, Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı Aydın Çobanoğlunun Azərbaycan aşıq sənətinə verdiyi töhfələrdən danışıb. Onun dünyasını vaxtsız dəyişsə də, sənətsevərlərin, yaxınlarının və dostlarının qəlbində hər zaman yaşayacağını bildirib.

Qısa ömründə böyük bir sənət yolu keçən Aydın Çobanoğlu irsinin hər zaman sevilə-sevilə təbliğ olunduğunu söyləyib.

Tədbirdə folklorşünas alimlər, aşığın sənət dostları Aydın Çobanoğlu ilə bağlı xatirələrini bölüşüb, onun aşıq sənətinin inkişafı naminə xidmətlərindən söz açıblar.
Bildirilib ki, Aşıq Aydın Çobanoğlu (Musayev) 1951-ci il yanvarın 18-də Tovuz rayonunun Əlimərdanlı kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1972-ci ildə böyük sənət dünyasına qədəm qoyan A.Çobanoğlu bir sıra festivalların laureatı olub.

“Abşeron” və “Günay” ailə ansamblların, eyni zamanda Aşıqlar Birliyinin nəzdindəki qızlardan ibarət “İncəgülü” aşıqlar ansamblını yaradıb.

Aydın Çobanoğlu 1993-cü il martın 23-də dünyasını dəyişib.

Tədbir çərçivəsində aşığın “Ömrün etməyəcək vəfa dedilər” adlı kitabının və “Səyyadı” adlı CD diskinin təqdimatı keçirilib.

Sonda ustad aşıqların və incəsənət ustalarının çıxışları dinlənilib. Aydın Çobanoğlunun nəvələri Aydın və Nərgiz babalarının şeirini söyləyib, qızı Aytən Aydınqızı isə tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

Tədbir yubilyarın oğlu Səyyad Aydınoğlunun ifası ilə yekunlaşıb.