Tovuz rayon Nizami adına mədəniyyət evində Tovuz Rayon İcra Hakimiyyəti, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi, Azərbaycan Aşıqlar Birliyi və Tovuz Xeyriyyə Cəmiyyətinin təşkilatçılığı ilə ustad aşıqlar Əkbər Cəfərovun 90, Əlixan Niftəliyevin isə 80 illik yubileyinə həsr olunmuş “Sənətə bağlı ömür” adlı yubiley tədbiri keçirilib.
Tədbirin aparıcısı, görkəmli folklorşünas alim, aşıq sənətinin yorulmaz təbliğatçısı, Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı tədbir iştirakçılarını salamladıqdan sonra hər iki ustadın bənzərsiz sənətkarlıq xüsusiyyətlərindən söz açıb: “Bu gün unudulmaz bir gündür, hətta unudulmaz bir tarixi gündür. Bu günkü tədbirin təqdimatı da qeyri-adidir: Əməkdar mədəniyyət işçiləri Əkbər Cəfərovun 90, Əlixan Niftəliyevin isə 80 illik yubileyi bərabər qeyd olunur. Bu iki böyük sənətkar Azərbaycan aşıqlığını təkcə Tovuz və Azərbaycan miqyasında deyil, bütövlükdə Türk dünyasında, beynəlxalq miqyasda çox ləyaqətlə təmsil ediblər.
Əkbər Cəfərov böyük bir ənənənin içərisindən gəlirdi. O, Mirzə Bayramov və Əsəd Rzayev kimi böyük ustadların sənət ənənəsini davam etdirib. Tovuz aşıqlığının özündən əvvəlki şan-şöhrətini yaşatmaqda İmran Həsənovun böyük xidmətləri olub. Eləcə də Əlixan Niftəliyev də Azərbaycan aşıqlığını hər yerdə ləyaqətlə təmsil edib”.
Sonra söz Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədova verilib. Son zamanlar ölkəmizdə aşıq sənətinə göstərilən qayğı və diqqətdən danışan başçı deyib: “Aşıq sənəti bizim milli mədəniyyətimizin incisidir. Bu il 100 illik yubileyini qeyd etdiyimiz Ümummilli Liderimiz Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə milli-mənəvi dəyərlərimizin qorunmasına, o cümlədən aşıq sənətinə xüsusi diqqət yetirib. Heydər Əliyevin təməlini qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. 2019-cu ildə möhtərəm Prezidentimiz rayonumuzda aşıq sənəti
muzeyinin tikintisi barədə Sərəncam imzalamış, 2020-ci ildə isə rayona səfəri çərçivəsində ölkəmizdə ilk və yeganə olan bu muzeyin açılışını etmişdir. Aşıq Əkbərin yaratmış olduğu böyük ifaçılıq məktəbi xüsusilə qeyd olunmalıdır. Bu məktəbdən bəhrələnənlərin, onun ləmsində oxuyanların miqyası çox-çox uzaqlara şaxələnib. Onlar bilavasitə aşıq Əkbərdən dərs almasalar da, böyük ustadın sənəti onlarla gənclərə sirayət edib. İndi də “Əkbər yolu” gedənlərin, onun sənətinə tapınanların sayı heç də az deyil. Bununla belə, aşığın ustadlıq statusu həm də onun bilavasitə yetişdirdiyi şəyirdlərlə ölçülüb. Aşıq
Əkbər ustadlar yetirən ustad idi. Onlardan biri də 80 illik yubileyini qeyd etdiyimiz aşıq Əlixan Niftəliyevdir”.
Daha sonra Milli Məclisin deputatı Arzu Nağıyev, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, Tovuz Xeyriyyə Cəmiyyətinin sədri Musa Süleymanov və həmin cəmiyyətin üzvü Vidadi Əhmədov, Namazəli Məmmədov, şairlərdən Musa Ələkbərli, Ramiz Qusarçaylı və Əli Vahid Çaylı, aşıqlardan Urfan Əli və Camoy Qurbanov çıxış edərək saz-söz sənətkarları Əkbər Cəfərov və Əlixan Niftəliyevin Azərbaycan aşıq sənətinə verdikləri töhfələrdən danışıblar.
Böyük maraqla qarşılanan yubiley tədbiri aşıqlardan Şöhrət Kərmov, Nəbi Nağıyev, Nazim Quliyev, Vüqar Şəmkirli, Babək Şakirli, Əməkdar mədəniyyət işçisi Əvəzxan Xankişiyev, Roman Azaflı, İbadət Allahverdiyev, Tovuzdakı Aşıq Muzeyinin direktoru Şəmşad Elmanoğlu, ustad xanəndə İsmayıl Bozalqanlı
və digərlərinin maraqlı ifaları ilə davam edib. Tədbirin sonunda rəssam Fərman Hüseynov aşıq Əkbər Cəfərovun portretini ailəsinə hədiyyə edib.
Aşıqların ailə üzvləri aşıq sənətinə, mədəniyyətə, xalq yaradıcılığına və folklora verilən yüksək qiymətə görə ölkə Prezidentinə və birinci Viste-prezident Mehriban xanım Əliyevaya tədbirin belə yüksək səviyyədə keçirilməsinə görə dərin minnətdarlıqlarını bildiriblər.