Aşıqlar Birliyi iyunun 25-də Heydər Əliyev Sarayında «Yaxşı ki, sən varsan, ay sədəfli saz» adlı konsert proqramı təqdim etdi
Azərbaycan Aşıqlar Birliyinin (AAB) təşkilatçılığı ilə "Bakı-2015” Birinci Avropa Oyunlarına dəstək məqsədilə iyun ayının 25-də Heydər Əliyev Sarayında ustad aşıqların iştirakı ilə «Yaxşı ki, sən varsan, ay sədəfli saz» adlı konsert proqramı keçirildi.
AAB-ın katibi Musa Nəbioğlu tədbir öncəsi "Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycan aşıqları "Bakı-2015” Birinci Avropa Oyunlarına ciddi dəstək verir. Onun sözlərinə görə, Birlik ölkəmizin ev sahibliyi etdiyi Avropa Oyunlarında Azərbaycan idmançılarının nəticələrinə sevinir və onların daha böyük uğurlar əldə edəcəyinə inanır. Qeyd edək ki, hər zaman dövlətimizin həyata keçirdiyi bütün xoşməramlı işlərə dəstək verən Aşıqlar Birliyi mayın 26-da "Bakı-2015” Birinci Avropa Oyunlarına dəstək məqsədilə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında gənc aşıqların iştirakı ilə «Gəncliyin səsi» adlı konsert proqramı təqdim etmişdi. «Yaxşı ki, sən varsan, ay sədəfli saz» proqramı isə onun davamıdır.
"Yaxşı ki, sən varsan, ay sədəfli saz” adlı böyük aşıq konsertini Rəhman Rasimoğlunun rəhbərliyilə "Rasimlər" folklor qrupu açdı, onlar vətənpərvərlik ruhunda mahnılar ifa etdilər. "Azərbaycan idmançıları” mahnısını isə Şirvan aşıq mühitinin iki tanınan nümayəndəsi - əməkdar mədəniyyət işçisi aşıq Əhliman Rəhimov və aşıq Vüqar Mahmudoğlu təqdim etdi. "Bakı-2015” Birinci Avropa Oyunlarına dəstək məqsədilə keçirilən sazlı-sözlü gecədə əməkdar mədəniyyət işçisi aşıq Gülarə Azaflı və aşıq Solmaz Kosayeva (balabanda əməkdar mədəniyyət işçisi Sərdar Məmmədov müşayiət edirdi) "Qəhrəmanı” saz havası ilə çıxış etdilər. "Ruhani” saz havasını əməkdar mədəniyyət işçisi aşıq Nemət Qasımlı, "Səyyadı”nı isə aşıq Telli Borçalı və aşıq İlham Aslanbəyli tamaşaçılara çatdırdı. Əməkdar mədəniyyət işçisi aşıq Ağamurad Şirvanlı və aşıq Əli Tapdıqoğlu "Şirvan gözəlləməsi”, əməkdar mədəniyyət işçisi aşıq Ulduz Quliyeva, aşıq Azər Fərmayıloğlu isə "Cəlili” havası ilə sazsevərlərin könlünü oxşadılar. "Atatürküm” asıq havasını duet şəklində aşıq Avdı Musayev və aşıq Şaiq İncəli təqdim etdilər. Aşıq Altay Məmmədli, aşıq Nazim Quliyev və aşıq Nəbi Nağıyev "Ovşarı”, aşıq Bəhmən Göyçəli və aşıq Dəmir Vəliyev isə "Göyçə gözəlləməsi” ilə "Bakı-2015” Birinci Avropa Oyunları iştirakçılarına dəstək oldular.
AAB-ın təşkilatçılığı ilə Heydər Əliyev Sarayında keçirilən «Yaxşı ki, sən varsan, ay sədəfli saz» proqramı aşıq Elməddin Məmmədli və aşıq Şəhriyar Kərimovun təqdim etdiyi "Baş müxəmməs” havası ilə başa çatdı.
İradə SARIYEVA
www.baki-xeber.com