PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

“Dədə Ələsgər Azərbaycan aşıq irsinin sənət pasportudur”

Məhərrəm Qasımlı: “İstəyirik ki, Ələsgər irsi Avropada, Amerikada, Şərq ölkələrində tanıdılsın. Bu istiqamətdə işlərə başlamışıq”

Bu il Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyidir. Aşıq poeziyasını zirvələrə yüksəltmiş böyük sənətkarın yubileyinin dövlət səviyyəsində qeyd olunması məqsədilə Prezident İlham Əliyev 18 fevral 2021-ci ildə sərəncam imzalayıb. Sərəncamda Mədəniyyət Nazirliyinə Azərbaycan Milli Elmlər Akademiyası və Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Aşıqlar Birliyinin təkliflərini nəzərə almaqla Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.

Aşıq Ələsgərin yubiley ili, sözün geniş mənasında, çoxəsrlik keçmişə malik aşıq sənətinin bayramıdır. Çünki ustad sənətkar ozan-aşıq ənənələrinin zənginləşməsində mühüm xidmətlər göstərib.

Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı ilə söhbətimizdə yubiley ilində nəzərdə tutulan tədbirdən danışdıq. Müsahibim ilk növbədə Aşıq Ələsgər irsinə dövlət qayğısından söz açdı:

 

– Azərbaycan aşıq sənətinin ən görkəmli simalarından biri olan Aşıq Ələsgər irsinə dövlətimiz tərəfindən həmişə yüksək dəyər verilib. Ötən əsrin 30-cu illərində aşıq poeziyası ilə bağlı işıq üzü görən ilk kitab da məhz Aşıq Ələsgərin kitabı olub. Ondan sonra da hər onillikdə Aşıq Ələsgərin irsi ilə bağlı kitablar nəşr olunub. Bu istiqamətdə Əhliman Axundovun, Məmmədhüseyn Təhmasibin, İslam Ələsgərin çox dəyərli işləri olub. Amma ən qiymətli iş və ümumiyyətlə, bu istiqamətdə güclü yönəldilmə 70-ci illərdən başladı. 1972-ci ildə Aşıq Ələsgərin 150 illiyi ilə bağlı ulu öndər Heydər Əliyevin göstərişi əsasında həm Bakıda, həm də Moskvada – Kreml Sarayında tədbir keçirildi. Heydər Əliyevin siyasi nüfuzunun nəticəsi olaraq Göyçə mahalında, Dədə Ələsgərin yurdunda onun büstü ucaldıldı. Bundan sonrakı dönəmlərdə Aşıq Ələsgərin 170, 175, 180, 185, 190 illik yubileyləri də ardıcıl şəkildə dövlət səviyyəsində qeyd olunub. Mən Prezident İlham Əliyevin Aşıq Ələsgərin 200 illiyi ilə bağlı sərəncamını çox yüksək qiymətləndirirəm. Ona görə ki, pandemiya dövründə mədəniyyətə xüsusi diqqətin olması, ölkəmizdə həm “Nizami ili” elan edilməsi, həm də Dədə Ələsgərin yubileyinin keçirilməsi fövqəladə hadisədir. Bu mənada sərəncam dövlətimizin yeritdiyi humanitar siyasətin nə qədər əhəmiyyətli olduğunu göstərir.

– Yubileylə bağlı nə kimi tədbirlər nəzərdə tutulur?

– Pandemiya şəraiti yubileylə bağlı kütləvi tədbirlərin təşkilinə maneçilik törədir. Bununla belə, biz Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birgə bu istiqamətdə işlər görürük. Sərəncama uyğun olaraq təkliflər hazırlayıb Mədəniyyət Nazirliyinə təqdim etmişik. Təkliflərin içində Dədə Ələsgərin yubiley ilində heykəlinin hazırlanması da əksini tapmışdı. Mən qabaqcadan elm və mədəniyyət ictimaiyyətinə xoş bir müjdə vermək istəyirəm. Artıq Aşıq Ələsgərin heykəli hazırlanır, yəqin ki, payıza qədər abidə hazır olacaq.

– Heykəlin müəllifi kimdir, harada qoyulacaq?

– Abidənin müəllifi tanınmış heykəltəraş, Xalq rəssamı Natiq Əliyevdir. İstəyirik ki, şəhərin mərkəzi bir yerində, Dədə Qorqud parkı ərazisində qoyulsun. Bu məsələ də dövlət başçımızın diqqətindədir.

Yubiley ilində eyni zamanda Dədə Ələsgərin külliyyatı, onunla bağlı olan dastan və rəvayətlər, haqqında yazılmış şeirlər, poemalar nəşr olunacaq. Artıq “Aşıq Ələsgərlə bağlı dastan-rəvayətlər” kitabı çapa getmək üzrədir. Bundan başqa, il ərzində təqribən yeddiyə yaxın elmi nəşrin hazırlanmasını nəzərdə tutmuşuq. Bunların içində həm antoloji nəşrlər, həm külliyyat, həm də Dədə Ələsgərlə bağlı albom var. Həmin albomda həm video, həm də audiodisklər öz əksini tapacaq. Yəqin ki, iyun ayında albom hazır olacaq. Həmçinin payızda beynəlxalq elmi konfranslar gerçəkləşdirəcəyik. İlin birinci yarısında yubileylə bağlı iki böyük tədbirimiz reallaşıb. Tədbirlərdən birini Türkiyə Ədəbiyyat Vəqfi ilə, digərini Respublika Gənclər Kitabxanası ilə uğurla keçirmişik.

Onu da qeyd edim ki, Aşıq Ələsgərlə bağlı Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalında indiyə qədər çoxsaylı verilişlər yayımlanıb. Bu verilişlərdə ustad aşığın dastan və rəvayətləri təqdim olunub, musiqiləri səsləndirilib. Həmin dastan və rəvayətlərin bir qismini biz albomda yerləşdirmişik. Onlar da yaxın zamanda işıq üzü görəcək. Yubiley ili ilə bağlı klassik irsimizin gənclərə mənimsədilməsi məqsədilə Aşıq Ələsgər və gənclik mövzusuna həsr olunan işlər də görürük. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Azərbaycan Milli Konservatoriyasında təhsil alan və aşıq sənəti ilə məşğul olan gənclərin iştirakı ilə “Mədəniyyət” kanalında “Aşıq Ələsgər və gənclik” adlı veriliş efirə gedəcək. Verilişi Gülarə Azaflı başda olmaqla Altay Məmmədli, Samirə Əliyeva və digər aşıqlarımız hazırlayıblar.

– Aşıq Ələsgər irsinin beynəlxalq miqyasda tanıdılması istiqamətində iş aparılırmı?

– Aşıq Ələsgər irsinin beynəlxalq səviyyədə təbliği ilə bağlı da işlərimiz olacaq. Əlbəttə, İranda, Türkiyədə, Gürcüstanda bu işi görmək asandır. Çünki bu ölkələrdə aşıqlarımızın əlaqələri var. Amma biz istəyirik ki, Ələsgər irsi daha geniş coğrafiyada, Avropada, Amerikada, Şərq ölkələrində tanıdılsın. Bu istiqamətdə artıq işlərə başlamışıq. Pandemiya ilə bağlı vəziyyət nisbətən yumşalandan sonra ya xarici ölkələrdən mütəxəssislər ölkəmizə dəvət olunacaq, yaxud da bizlər gedib Ələsgər irsini təbliğ edəcəyik. Əgər pandemiya ilə bağlı vəziyyət yaxşı olarsa, Heydər Əliyev Sarayında oktyabr, ya noyabr aylarında beynəlxalq səviyyədə təntənəli yubiley tədbiri keçiriləcək. İlin sonuna doğru isə Aşıq Ələsgər irsinin təbliği yolunda qiymətli iş görən gənc və ustad aşıqlara mükafatlar verəcəyik. Aşıq Ələsgərin şeirlərinin gözəl ifaçısı olan gənc və ortayaşlı aşıqlara, habelə dastan ifaçısı olan aşıqlara yeddi nominasiya üzrə mükafat təqdim edəcəyik. Əgər imkan olarsa, Təbrizdən, Ankaradan, İstanbuldan, Tiflisdən olan aşıqlar da mükafatlandırılacaq.

– Qeyd etdiniz ki, Aşıq Ələsgərin əsərləri dəfələrlə nəşr olunub. Son dövrlərdə saz-söz ustadına aid yeni əsərlər aşkar edilibmi?

– Prezident Heydər Əliyevin Aşıq Ələsgərin 175 illik yubileyinin qeyd olunması ilə bağlı 1997-ci ildə imzaladığı sərəncama əsasən, “Aşıq Ələsgər: dastan, rəvayətlər və xatirələr” külliyyatını nəşr etdirdik. Ondan sonrakı dönəmdə kitab əlavələr və düzəlişlərlə yenidən nəşr edildi. 200 illik yubileylə bağlı Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgərli ilə külliyyatın son variantını dəqiqləşdirib Mədəniyyət Nazirliyi və Milli Kitabxana ilə birlikdə nəşrini hazırlayırıq. Yəqin ki, payız aylarında külliyyatın yeni nəşri hazır olacaq. Bundan əlavə, yubileylə bağlı “Aşıq Ələsgər. Lirika” kitabı çap olunub. Bu kitabın digər nəşrlərdən fərqi ondan ibrətdir ki, burada şeirlərin hansı havalarla oxuna biləcəyi də qeyd edilib. Həmçinin yaxın zamanlarda “Aşıq dərsləri” adlı albomumuz işıq üzü görəcək. Albomda Aşıq Şəmşirdən başlayaraq bu günə kimi Aşıq Ələsgərlə bağlı oxunan 40-a yaxın ifa yer alıb. Albom həm də tədris vəsaiti kimi nəzərdə tutulub.

Yubiley ilində imkan yaranarsa, Qazaxda, Gəncədə, Göygöl və müxtəlif bölgələrimizdə Dədə Ələsgərlə bağlı tədbirlər keçiriləcək.

Mən hər zaman deyirəm ki, Aşıq Ələsgər Azərbaycan aşıqlığının sənət pasportudur. Bu mənada həm tələbələrimizə, həm də bu sənətə yönələn gənc aşıqların hamısına Aşıq Ələsgəri bir sənət pasportu kimi sinələrində daşımağı vacib bilirəm.

Aşıq olub tərki-vətən olanın
Əzəl başda bir kamalı gərəkdi.
Oturub-durmaqda ədəbin bilə,
Mərifət elmində dolu gərəkdi.

Və yaxud bir ayrı şeirində Aşıq Ələsgər deyir:

Yaxşı hörmətlə, təmiz adla
Mən dolandım bu Qafqazın elini.
Pirə ata dedim, cavana qardaş,
Ana, bacı bildim qızı, gəlini...

Əgər aşıq bunu özünə mənəvi yük kimi götürürsə, ona söz yoxdur. O, əxlaqlı, ədəbli, yüksək səviyyəli bir insan kimi cəmiyyət içində mövqe tutacaq...

– Aşıqlar Birliyi olaraq Mədəniyyət Nazirliyi ilə müştərək layihələriniz varmı?

– Əlbəttə. Bütün saydığım bu nəşrlərin hazırlanması müştərək layihələrdir. Hətta biz pandemiya ilə bağlı vəziyyət normallaşarsa, müsabiqə keçirməyi də nəzərdə tutmuşuq. Müsabiqə Mədəniyyət Nazirliyinin xətti ilə olacaq. Mən istərdim ki, Aşıq Ələsgərin adını daşıyan mədəniyyət ocaqları, aşıq məktəbləri, musiqi məktəbləri olsun. Müəyyən mədəniyyət və istirahət parklarına onun adı verilsin.

– Sonda bir qədər də cari fəaliyyətiniz haqqında məlumat verərdiniz.

– Keçən ilin sonunda “Qarabağ meydanı – Koroğlu meydanı” adlı albomumuz işıq üzü görüb. Albomda Vətən müharibəsində əsgərlərimizin döyüş ruhunu daha da artırmağa xidmət edən və həftədə bir dəfə “Mədəniyyət” kanalında yayımlanan “Saz-söz axşamı” verilişində səsləndirilən aşıq havaları yer alıb. Bundan başqa, Fətulla Göyçəli, Ürfan Əli, Məmməd Bozalqanlı kimi ustad aşıqların ifasında dastan-rəvayətləri yenidən lentə alırıq. Gələn il XVIII əsrin görkəmli aşıqlarından olan Aşıq Valehin 300 illik yubileyidir. Bununla bağlı da müxtəlif tədbirlər keçirməyi planlaşdırırıq.

Nurəddin MƏMMƏDLİ