PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

“Sazın ana laylası” adlı konsert proqramı keçirildi...

Saz-söz axşamına qonaq olmaq, gözəlliklərə göz kəsilmək həqiqətən də xoşbəxtlikdir. Qadın hər zaman gözəlliyi, nəcibliyi, xanımlığı ilə diqqət mərkəzində olub. Zərif məxluqların yaratdığı xarüqələr aləmi mat qoyub həmişə.

Ana sazımızın təəssübkeşi olan qadın aşıqlar hər zaman dədə-baba yadigarı olan sazımıza sahib çıxmağı bacarıblar.  Qadın aşıqlar sazları sinədə səhnəyə çıxanda həqiqətən də dinləyici və tamaşaçılara böyük zövq yaşadıb.

Martın 2-də Rəşid Behbudov adına Mahnı Teatrında Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə “Sazın ana laylası” adlı konsert proqramı keçirildi.

“Sazın ana laylası” gecəsini mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva açaraq qadın aşıqlara uğurlar dilədi. Xanım nazir müavini vurğuladı ki, Azərbaycan dövləti aşıq sənətinin inkişafına hər zaman böyük təkan verir. Onun qeyd etdiyinə görə, ölkə başçısı İlham Əliyevin aşıq sənətinə qayğısı sayəsində bir sıra aşıqlara fəxri adlar verilib. S.Məmmədəliyevanın bildirdiyinə görə, aşıq Ulduz Quliyeva, aşıq Gülarə Azaflı, aşıq Solmaz Kosayeva və aşıq Samirə Əliyeva əməkdar mədəniyyət işçisi fəxri adı alıb. O, vurğuladı ki, aşıq Ulduz Quliyeva fəxri ad almaqla yanaşı həm də prezident təqaüdçüsüdü.

S.Məmmədəliyeva bildirdi ki, I vitse-prezident Mehriban Əliyeva da aşıq sənətinə hər zaman diqqət göstərib və bu qayğının nəticəsi olaraq 2013-cü ildə Heydər Əliyev Fondunun dəstəyi ildə Gədəbəy saz məktəbi açılıb. S.Məmmədəliyeva dedi ki, son illər kütləvi olaraq qadın və qızların aşıq sənətinə axını onu göstərir ki, bu sənətə maraq böyükdür.

S.Məmmədəliyevanın sözlərinə görə, konsert proqramı s8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə keçirilir.

Gecəni əməkdar mədəniyyət işçisi Gülarə Azaflının rəhbərlik etdiyi “Çeşmə” qrupu “Cəngi Koroğlu” havası ilə açdı. Əməkdar mədəniyyət işçisi, Prezident təqaüdçüsü aşıq Ulduz Quliyeva  “Cəlili” havası ilə qonaqları salamladı. Familə Göyçəli “Gəraylı”, Zülfüyyə İbadova, Könül Bayramova və Xatirə Gülməmmədli “Dubeyti”s, əməkdar mədəniyyət işçisi Samirə Əliyeva “Ruhani”, əməkdar mədəniyyət işçisi Solmaz Kosayeva “Naxçıvani”, Göyçə Ömürlü “Baş sarıtel”, Gülarə Azaflı və “Çeşmə” qrupu “Təbrizi”, Rəfiqə Göyçəli “Göyçəgülü”, Telli Borçalı “Səyyadı”, Gözəl Kəlbəcərli “Qəhramanı”, Məhsəti Cabbarlı və Marta Lauri “Ləşkəri”, Kəmalə Qubadlı “Süsənbəri”, Xavər Zəngilanlı “Baş şəşəngi”, Ərkinaz Eşqi və Lətifə Çeşməli “Şahsarayı”, Qönçə Qubadlı və Gülbəniz Məmmədova “Şahsevəni”, Nargilə Borçalı “Fəxri”, Asudə Gədəbəyli və Kəmalə Qubadlı “Bala nərgiz” ifa etdilər. “Sazın ana laylası” adlı konsert proqramını “Çeşmə” folklor qrupu “Müxəmməs” havası ilə uğurladı...

İradə SARLYEVA

www.baki-xeber.com