PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

Milli Televiziya və Radio Şurasının sədri Cənab Nuşirəvan Məhərrəmliyə

Hörmətli Nuşirəvan müəllim!

Son illərdə dövlət başçısı cənab İlham Əliyev və ölkəmizin birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti,  UNESCO və İSESKO-nun xoşməramlı səfiri, mədəniyyətimizin hamisi Mehriban xanım Əliyeva tərəfindən mədəniyyətimizin inkişafına və milli-mənəvi sərvətlərimizin qorunub saxlanmasına gösətərilən qayğı və diqqət, bundan irəli gələrək həyata keçirilən məqsədyönlü işlər, genişmiqyaslı tədbirlər öz bəhrəsini verir.

Mədəniyyətimizin ayrılmaz tərkib hissəsi olan aşıq sənəti də bu qayğı və diqqətdən kənarda qalmayıb. Muğamdan sonra 2009-cu ilin oktyabrında aşıq sənətinin də xalqımızın milli sərvəti kimi UNESCO-nun qeyri-maddi irs üzrə reprezentativ siyahısına daxil edilməsi isə təkcə respublikamızda deyil, beynəlxalq aləmdə də bu sənətin təbliğinə geniş imkanlar açır. Min illərdir xalqı sevgiyə, mübarizəyə səsləyən, sadə, xəlqi olduğu qədər də  zəngin olan, özündə mürəkkəb ifaçılıq mədəniyyəti strukturunu birləşdirən aşıq sənəti  Azərbaycan  xalq ədəbiyyatının, bütövlükdə mədəniyyətimizin qədim tarixə və zəngin ənənələrə malik qollarından  biridir. Bu sənət elə ecazkar bir dünyadır ki, onu qoruyub  inkişaf etdirərək dünya miqyasında Azərbycanın milli varlığının bir parçası kimi təqdim etmək bu gün təkcə yaradıcı birlikərin, müvafiq nazirliyin deyil, bütövlükdə cəmiyyətin hər bir üzvünün qarşısında duran mühüm vəzifədir.  Bu baxımdan televiziya kanallarının üzərinə də böyük iş düşür. AzTV-də, ”Mədəniyyət”  kanalındada, İctimai Tv-də aşıq sənəti ilə bağlı dəyərli verlişlərin hazırlandığını qədirşünaslıqla qeyd etməliyik. Bunun  belə, bir sıra başqa televiziya kanallarında aşıq sənəti ilə bağlı yayımlanan  verilişlər və bundan doğan narahatlığımızla bağlı fikirlərimizi sizinlə bölüşmək istərdik. Xüsusilə özəl televiziya kanallarında bəzən aşıq adına əlinə yenicə saz alan elələrini şou proqramlara dəvət edirlər ki, bu da, yumşaq desək, sənətə, mədəniyyətimizə hörmətsizlikdir.  Bu yaxınlarda “Lider” televiziya kanalında həftədə bir dəfə canlı yayımlanan “Köklə sazı” adlı “aşıq müsabiqəsi” isə, bəzilərinin dediyi kimi, nəinki aşıq sənətinin təbliğinə xidmət edir, əksinə bu istiqamətdə görülən işlərə zərər vurur. Bu kimi yarışmaların aşıq sənətinə, onun təbliğinə heç bir aidiyyəti yoxdur və  məqsədin sadəcə olaraq SMS-lə pul qazanmaq olduğu heç kəsə sirr deyil. Aşıq sənəti və onun təbliği ilə heç bir əlaqəsi yoxdur. Bu müsabiqə bir dəfə olsaydı, bəlkə də əhəmiyyət verməzdik. Amma “Lider Tv”-də əvvəlki yarışmanın başa çatmasından bir ay keçməmiş bu günlərdə - Novruz bayramı ərəfəsində “Köklə sazı-5” adıyla bu “yarışma”nın yenidən efirdə görünməsi bütün sənətsevərlərin haqlı təəccübünə və təəssüfünə səbəb oldu.
Yeri gəlmişkən qeyd edək ki,  bir neçə il bundan əvvəl “Lider TV”-də bir neçə dəfə “Deyişmə” adlı  “yarışmalar” da yayımlanmışdı ki bunlar da sənətə xidmətdən uzaq idi.   “Köklə sazı” isə “Lider TV”-dən əvvəl   Sumqayıtda fəaliyyət göstərən “Dünya TV”-də yayımlanırdı.
Hörmətli Nuşirəvan müəllim,  nəzərinizə onu da çatdırmaq istəyirik ki, aşıq sənətinə az-çox fayda verən, bir neçə istedadlı gənci üzrə çıxaran yeganə aşıq müsabiqəsi 2007-ci ildə “Lider TV”-də keçirlib. Ondan sonrakı müsabiqələr isə sadəcə kimlərinsə pul qazanmasına xidmət edib. Sonrakı illərdə keçirilən “Deyişmə” və ən son bu ilin əvvəlində yayımlanan və yenə də keçirilməsi nəzərdə tutulan “Köklə sazı” müsabiqəsi isə  haqlı olaraq həm çoxsaylı tamaşaçılar, həm də bu sənətin biliciləri və eləcə də ustad aşıqların böyük əksəriyyəti tərəfindən narazılıqla qarşılanıb. Bunu Aşıqlar Birliyinə olunan müraciətlər də göstərir.
Təəssüflər olsun ki, bir neçə il bundan əvvəl bununla bağlı “Lider Tv”-nin rəhbərliyinə etdiyimiz müraciət nəticəsiz qaldı.
Yuxarıda qeyd etdiyimiz kimi, aşıq sənəti xalqımızın milli-mənəvi sərvəti, mədəniyyətimizn ən qədim tərkib hissəsidir. Bu sənəti şou-biznes maraqlarına, SMS vasitəsilə qazanc mənbəyinə çevirmək olmaz. Əksinə, çalışmaq lazımdır ki, ustad aşıqların və folklorşünas alimlərin iştirakı ilə aşıq sənətinin inkişafına və təbliğinə xidmət edən verilişlər hazırlansın ki, istər ölkəmizdə, istərsə də xarici ölkələrdə bu sənətə maraq göstərənlər daha yaxından tanış olmaq imkanı qazansınlar.

Hörmətli Nuşirəvan müəllim, hesab edirik ki, bizim toxunduğumuz məsələyə biganə qalmayacaq, bununla bağlı televiziya kanallarına tövsiyə və göstərişlərinizi verəcəksiniz.
Bu narahatlıq  doğuran  məsələyə  diqqət  yetirəcəyinizə inanır  və  sizə əvvəlcədən minnətdarlığmızı  bildiririk.


Hörmətlə,
Məhərrəm Qasımlı Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi, professor