PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

Azərbaycançılıq ideologiyasının təbliği aşıqlarımızın yaradıcılığında da özünəməxsus yer tutur

Azərbaycançılıq məfkurəsinə bağlı olan sənətkarların yaratdıqları əsərlərdə xalqın vətənpərvərliyi, əqidə və inamı əks etdirilir
Müasir müstəqil Azərbaycan dövlətinin banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin zəngin irsi indiki və gələcək nəsillər üçün əvəzsiz sərvət, böyük qürur və iftixar mənbəyidir. O cümlədən Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasıb milli həmrəyliyi, bütövlüyü təmin edən, milli təəssübkeşlik və vətənpərvərlik hissini gücləndirən məfkurədir.

Əksər ekspertlərin də vurğuladıqları kimi, azərbaycançılıq ideologiyasının təbliği hər zaman diqqət mərkəzində olmalıdır. Və bu istiqamətdə dövlət qurumları ilə yanaşı, qeyri-hökumət təşkilatlarının, həmçinin şair, yazıçı, dramaturq, rejissor və rəsssamların da üzərinə mühüm vəzifə düşür. Biz ötən yazılarımızda ədəbiyyat və mədəniyyətin bir sıra sahələrində azərbaycançılıq ideologiyasının təbliği istiqamətində görülən işlərdən bəhs etmişdik. Bu dəfə isə aşıq sənətində azərbaycançılığın təbliği məsələsinə işıq salmağa çalışacağıq.
Bu məqamda qeyd edək ki, istər əvvəllər, istərsə də, müstəqillik illərində azərbaycançılıq ideologiyasının ana xəttini təşkil edən milli, hərbi vətənpərvərliyin, Vətəninə, eləcə də soy-kökünə bağlılıq ideyalarının təbliğində Azərbaycan aşıqları da ön sıradadırlar. Eyni zamanda, hazırda da azərbaycançılıq ideologiyasının mahiyyətinin, prinsiplərinin, xalqa, xüsusilə də gənc nəslə çatdırlmasında aşıq sənətinin nümayəndələri üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlirlər.
Aşıq sənəti xalqımızın ənənəvi musiqisi olmaqla yanaşı, həm də bəşəri mahiyyət daşıyır. Sözsüz ki, aşıq musiqisində millilik, Azərbaycan ruhu hər zaman qabarıq şəkildə özünü göstərib. Aşıqlar hər zaman xalq kütlələrinin ən sıx yerlərində yaşayıb, xalqın həyat və mübarizəsi, vətənpərvərliyi onların yaradıcılığı üçün bir mənbə olub. Bu el sənətkarları əsrlərboyu xalqın kədəri ilə kədərlənib, sevinci ilə seviniblər. Azərbaycan kəndlərində heç bir məclis toy, şadlıq məclisi aşıqsız keçməyib. Folklorşünas alimlərin fikrincə, aşıqlar xalqımızın qəhrəman övladlarının həyat tərzini, mənəvi dünyasını, vətənpərvərliyini dastanlaşdıraraq indiki nəslə çatdırıblar.
Məsələ ilə bağlı fikirlərini bölüşən Azərbaycan Aşıqlar Birliyinin sədri, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, “Şöhrət” ordenli Məhərrəm Qasımlı qəzetimizə açıqlamasında bildirib ki, hər birimizin əsas vəzifəsi, azərbaycançılıq ideologiyasına xidmət etməkdən ibarət olmalıdır: “Keçdiyimiz yol, əldə etdiyimiz uğurlar, Vətən müharibəsində qazandığımız şanlı qələbə onu deməyə əsas verir ki, azərbaycançılıq ideologiyası öz müsbət nəticələrini verməkdədir.

Ümumiyyətlə, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı Azərbaycan sevgisi ilə yaşamalı, dövlətin mənafelərini qorumalı, azərbaycançılıq ideologiyasının prinsiplərini hər zaman üstün tutmalıdır”.
Məhərrəm Qasımlı deyib ki, ozan-aşıq sənəti yarandığı gündən etibarən milli dövlətçilik ənənəsini əsas istiqamət olaraq götürüb. Ümumiyyətlə, aşıqlıq sənəti bədii varlığımızda milli ruhu - azərbaycançılığı yaşadan sağlam köklərdən sayılır. Vurğulandığı kimi, azərbaycançılıq ruhunun aşılanmasında mühüm rol oynayan el sənətkarlarının, o cümlədən aşıqların son illər ərsəyə gətirdiyi əsərlərin leytmotivini azərbaycançılıq, dövlətçilik, Azərbaycanın müstəqilliyinin tərənnümü, Qarabağ ağrısı, milli faciələrimizlə bağlı mövzular təşkil edir. Bir sözlə, azərbaycançılıq məfkurəsinə bağlı olan sənətkarlar böyük əsərlər yaradır və bu əsərlərdə xalqın vətənpərvərliyi, taleyi, düşüncəsi, əqidə və inamı əks etdirilir.
O da qeyd olunub ki, azərbaycançılıq ruhunun aşılanmasında mühüm rol oynayan aşıqlıq sənətinə Azərbaycanda dövlət səviyyəsində qayğı göstərilir. Ulu Öndər aşıqlıq sənətinə yüksək qiymət verdiyi kimi, Onun layiqli siyasi varisi ölkə Prezidenti İlham Əliyev də bu sənəti yüksək dəyərləndirir. Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə Azərbaycan KP MK-nın birinci katibi seçilməsi bir çox başqa sahələrlə yanaşı, mənəvi-humanitar istiqamətin, o cümlədən də milli mədəniyyətimizlə bağlı elmi və mədəni təşkilati fəaliyyətin canlanmasına səbəb oldu: “Həmin dövrdən etibarən memarlıq, xalçaçılıq, xalq musiqisi, folklor və etnoqrafiya kimi ən müxtəlif istiqamətləri cəmləşdirən milli-mənəvi dəyərlər kompleksi əlahiddə bir qayğı və diqqətlə əhatələnməyə başladı. Ulu Öndər Heydər Əliyevin xalqımızın tarixi keçmişinə, klassik ədəbi qaynaqlarına, ana dilinə, milli-mənəvi sərvətlərinə həssas və qayğıkeş münasibəti bu sahənin öyrənilməsi, qorunub yaşadılması işinə güclü təkan verdi. Sözügedən illərdən başlayaraq milli ruhun güclənməsi, vətənçilik, azərbaycançılıq ideyalarının qüvvətlənməsi nəzərə çarpacaq bir dalğalanma yaratdı”.
Qeyd edilib ki, yüzillərin qan yaddaşını daşıyıb gətirən tarixi-mənəvi dəyərlərə, o sıradan folklor qaynaqlarına göstərilən qayğı və diqqət bütün Azərbaycan miqyasında özünütanıma, özünüdərk və özünəqayıdış proseslərini hərəkətə gətirdi. Əvvəli onilliklər üçün yasaq olan “Dədə Qorqud”, “Oğuz”, “Oğuz yurdu”, “Ozan”, “Türk mədəniyyəti”, “Qan yaddaşı” anlayışları elmi toplantılarda, ədəbi mədəni yığıncaqlarda, kitablarda, mətbuatda, radio-televiziya verilişlərində boy göstərdi. Sazı-sözü, muğam sənətini, xalq mahnıları və rəqs-oyun mədəniyyətimizi himayə edən rəsmi qurumların fəaliyyəti nəticəsində “Azərbaycan Aşıqlar Birliyi”, “Aşıq Pəri məclisi”, “İrs”, “Atəşgah”, “Gülüstan”, “Yallı” və s. kimi məşhur xalq kollektivləri, həmçinin muğam teatrı, dastan teatrı, ozan-aşıq muzeyi yaradıldı. Kütləvi folklor nəşrlərində folklorun geniş miqyasda təbliği (folklor festivalları, saz bayramları, “Bulaq” və “Ozan” verilişləri, qəzet və jurnallarda folklor səhifəsi) başladı və az sonra öz uğurlu nəticələrini göstərdi.
Qeyd olunub ki, Azərbaycanın mədəni həyatında mühüm hadisəyə çevrilən həmin tədbirlərin böyük əksəriyyətində Heydər Əliyev Özü şəxsən iştirak edib, milli-mənəvi dəyərləri yüksək qiymətləndirən ürək sözlərini söyləyib, xeyir-duasını verib: “Şübhəsiz ki, respublikanın rəhbərinin belə bir mövqe nümayiş etdirməsi xalqı ruhlandıraraq milli-mənəvi dəyərlərimizə qarşı həssaslığı daha da gücləndirib. O illərdə respublika rəhbəri tərəfindən “Xalqın istedadı, onun yaradıcılıq dühası “Kitabi-Dədə Qorqud”, “Koroğlu” və başqa epik əsərlərdə bütün dolğunluğu ilə təcəssüm tapmışdır”- fikrinin söylənilməsi heç də təsadüfi deyil. Ulu Öndərin söylədiyi bu və bu qəbildən olan digər istiqamətverici mülahizələr elm və sənət adamlarını milli-mənəvi dəyərlərin öyrənilməsi, qorunması və böyüməkdə olan gənc nəslə mənimsədilməsi işinə yönəldirdi”.
O da qeyd olunub ki, həmin illər Qorqudşünaslıq təkcə elm-təhsil sistemi ilə çərçivələnmədi. Yazıçılar, rəssamlar, heykəltəraşlar, kinematoqraflar Dədə Qorqud mövzu və motivlərinə üz tutdular. Anarın ssenari müəllifi olduğu “Dədə Qorqud” filmi bu sahədə ən böyük uğurlardan biri oldu. Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda da böyük şöhrət tapan bu gözəl kino əsəri Dədə Qorqud obrazının və eposdakı vətənpərvərlik, qəhrəmanlıq, bahadırlıq ideyalarının təbliğində ölçüyəgəlməz dərəcədə böyük rol oynadı.
“Ulu Öndərin “Milli varlığımızın mötəbər qaynağı” adlandırdığı “Kitabi-Dədə Qorqud” eposuna böyük ehtiram və məhəbbətlə yanaşması təbii bir qanunauyğunluqdan doğurdu. Bu möhtəşəm folklor abidəsində öz inikasını tapmış milli-mənəvi dəyərlər xalqımızın tarixi kimliyini qürurverici bir görüntü ilə əks etdirdiyindən müstəqil Azərbaycan dövlətçiliyi baxımından dünəni, bu günü və sabahı çevrələyən bütün zamanlar üçün böyük siyasi ideoloji əhəmiyyətə malikdir”, - deyən sədr bildirib. Vurğulanıb ki, Ulu Öndərin tarixi keçmişimizə, əsrlərin daş sınağından keçib gələn saz-söz qaynaqlarımıza, xalqımızın tarixin müxtəlif mərhələlərində yetişdirdiyi ustad sənətkarlara həqiqi qədirbilənliklə yanaşdığındandır ki, Onun təşəbbüsü və Sərəncamı ilə böyük ozanlarımız Aşıq Ələsgərin 150 illik, Aşıq Alının 180 illik yubileyləri böyük təntənə ilə ümumxalq bayramı səviyyəsində qeyd olundu.
M.Qasımlı onu da xatırladıb ki, 1972-ci ildə Heydər Əliyevin böyük siyasi nüfuzu sayəsində Aşıq Ələsgərin 150 illik yubiley tədbiri Bakı ilə yanaşı, Moskvada da ən yüksək səviyyədə keçirildi. Yubiley tədbirlərinin keçmiş Ittifaq miqyasındakı böyük əks-sədası o vaxt hətta erməniləri də Aşıq Ələsgərin 150 illiyini qeyd etmək məcburiyyəti qarşısında qoydu: “Belə ki, Ermənistan SSR ərazində olan Göyçə mahalında - Aşıq Ələsgərin vətəni Ağkilsə kəndində böyük sənətkarın əzəmətli qəbirüstü abidəsi ucaldıldı. Bu, həmin dövrdə Heydər Əliyev nüfuzunun sayəsində əldə edilmiş parlaq bir nailiyyət idi. Göründüyü kimi, milli-mənəvi dəyərlərin qorunub yaşadılması ilə bağlı həyata keçirilən tədbirlər kompleksinin arxasında olduqca uzaqgörən bir siyasət yürüdülürdü. Strateji məqsəd daşıyan bu siyasət özünütanıma, özünətapınma, soykökü, tarixi-milli yaddaşı qoruma və milli dövlətçiliyin möhkəmləndirilməsi işinə xidmət edirdi”.
O, həmçinin Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin 200 illik yubileyinin təntənəli şəkildə qeyd edilməsi haqqında Prezident İlham Əliyev tərəfindən 2021-ci il fevralın 18-də Sərəncam imzalandığını, həmin sənəddə ölkə başçısının Aşıq Ələsgərin yaradıcılığına, sənətinə böyük dəyər verdiyini vurğulayıb: “Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırıb, Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş edib. Onun yaradıcılığı ədəb və mərifət dərsidir, müdriklik məktəbidir, vətənpərvərlik tərbiyəsidir. Sədaqət, Vətənə məhəbbət, təbiətə vurğunluq onun yaradıcılığının məğzini təşkil edir”.
M.Qasımlı sonda onu da vurğulayıb ki, 44 günlük müharibə dövründə aşıqlar tərəfindən onlarla mahnı yazılıb. Zəfər münasibətilə konsertlər təşkil edilib. Qürurlandıran məqam isə həmin konsertlərdə ikinci Vətən müharibəsində qazi olmuş aşıq Sabir Novruzlunun da ifaçı qismində yer alması idi. Sanki Dədə Qorqud bahadırları kimi, Koroğlu dəliləri kimi sazı ilə birlikdə döyüş meydanından gəlmişdi. Bu onu göstərir ki, aşıqlarımız, o cümlədən Azərbaycan Aşıqlar Birliyi milli dövlətçiliyin qorunmasına və bu konteksdə azərbaycançılıq ideologiyasının təbliğinə hər zaman olduğu kimi, hazırda da xüsusi fikir verir: “Bu istiqamətdə işlər daha da genişləndiriləcək. Vətənpərvərliyin, milli dövlətçiliyin, qəhrəmanlığın, bahadırlığın, ümumilikdə azərbaycançılığın təbliğ edilməsində öz töhfəmizi verməkdə davam edəcəyik”.
Müşfiqə BAYRAMLI

http://yeniazerbaycan.com/SonXeber_e84505_az.html