AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ
AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • MƏQALƏLƏR
  • MƏKTUBLAR
  • YUBİLEYLƏR
  • KİTABLAR
  • ƏLAQƏ
AŞIQ KAMANDAR ƏFƏNDİYEVİN EV-MUZEYİNİN AÇILIŞI MÜNASİBƏTİ İLƏ TƏBRİK MƏKTUBU
Featured

AŞIQ KAMANDAR ƏFƏNDİYEVİN EV-MUZEYİNİN AÇILIŞI MÜNASİBƏTİ İLƏ TƏBRİK MƏKTUBU

06.07.2021

Borçalı aşıq mühitinin ən parlaq simalarından olan Aşıq Kamandar aşıq­lığın ru­hunu, mahiyyətini, özü­nə­məxsus­lu­ğunu gen­dən, kökdən gələn enerji ilə qoruyub yaşadan və gələcək nəsillərə ötürən aşıq olub. Bir sənətkar kimi onun ruhu çox qədimlərə bağlı idi. Bu cə­hət­dən onun ruhu çox qədim dövrlərdən gələn ruhdur. Eyni zamanda yaxşı müəllim, yax­şı ustad olan Aşıq Kamandardan sənət dərsi alanlar yalnız özünün şagirdləri deyil, hətta üzünü belə görməyənlər də ondan kifayət qədər bəhrələniblər. Təsadüfi deyil ki, bu gün Borçalı ilə yanaşı, Təbriz aşıqlarının əksəriyyəti də Aşıq Kamandarı özlərinə ustad sayır, onun sənət yolunu davam etdirirlər.

Aşıq Kamandar indiyədək öy­rə­nil­miş, tədqiq olunmuş və eyni zamanda bu gün də tədqiq olunmaqda olan aşıq­lar­dan­dır.

Aşıq Kamandarın ev-muzeyinin açılması bu böyük sənətkarın xatirəsinin əbədiləşdirilməsi ilə yanaşı, həm də bütövlükdə Borçalı aşıq mühitinə verilən yüksək qiymətdir. İnanırıq ki, bu muzey qardaş Gürcüstanda əsl sənət məbədinə çevrilərək Borçalı aşıqlarını və bütün sənətsevərləri öz ətrafına cəm edəcək və Azərbaycan aşıq sənətinə böyük sənətkarlar bəxş etmiş bu bölgədə bundan sonra da xalqımızın bu ölməz sənətinin yaşamasında və inkişafında mühüm rol oynayacaq.

Ev-muzeyinin yaradılmasında zəhməti keçən hər kəsə dərin təşəkkürümüzü bildirir və Azərbaycan Aşıqlar Birliyi olaraq gələcəkdə “Aşıq Kamandarın ev-muzeyi” ilə hərtərəfli qarşılıqlı əlaqələr yaratmağa hazır olduğumuzu bildirməkdən məmnunluq duyur, saz-söz adına bağlı bu sənət ocağına uğurlar arzulayırıq.

AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ

USTAD AŞIQ GÜLARƏ AZAFLININ”AZAFLI QIZIYAM” ADLI YENİ AUDİODİSKİ BURAXILIB
Featured

USTAD AŞIQ GÜLARƏ AZAFLININ”AZAFLI QIZIYAM” ADLI YENİ AUDİODİSKİ BURAXILIB

01.06.2021

Son zamanlar bir sıra uğurlu layihələrə imza atan, aşıq sənətinə və ustad aşıqlara dair dəyərli kitablar nəşr etdirməklə yanaşı, həm də klassik və çağdaş ustad aşıqların ifalarından ibarət video və audiodisklər hazırlayan Azərbaycan Aşıqlar Birliyinin növbəti audiodiskində qadın aşıqlar arasında bənzərsiz və özünəməxsus ifa tərzi ilə seçilən, “Çeşmə” sazçı folklor qrupunun rəhbəri, Əməkdar mədəniyyət işçisi Gülarə Azaflının ifaları yer alıb.

Bu barədə məlumat verən Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, “Azaflı qızıyam” adlı diskdə Gülarə Azaflının ifasında 40-a yaxın aşıq havası yer alıb. O, həmçinin qeyd edib ki, AAB tərəfindən ustad aşıqların yaradıcılığına diqqət bundan sonra da davam etdiriləcəkdir.

Aşıq Ələsgərin 200 illiyinə həsr olunmuş beynəlxalq tədbir keçirilib
Featured

Aşıq Ələsgərin 200 illiyinə həsr olunmuş beynəlxalq tədbir keçirilib

03.05.2021

Azərbaycan Aşıqlar Birliyi 2021-ci il aprelin 28-də Türkiyənin paytaxtı Ankarada fəaliyyət göstərən “Türk ədəbiyyatı Vaqfi” ilə birlikdə online tədbir keçirib.

    Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş tədbirdə Azərbaycan Aşıqlar Birliyinin sədri professor Məhərrəm Qasımlı, Türk əbəbiyyatı Vaqfının başkanı İmdat Avşar, fəlsəfə  doktorları Samirə Əliyeva və Altay Məmmədli məruzələr etmişlər. Tədbirin sonunda aşıqlar Aşıq Ələsgərin sözləri üstündə mahnılar oxumuşlar. Tədbir Türkiyə və Azərbaycanın müxtəlif saytlarında və televiziyalarda yayımlanıb.

  Aşıq Ələsgərin 200 illinə həsr olunmuş sözü gedən beynəlxalq tədbirin növbəti mərhələsi Bakı şəhərində olacaqdır.

Ustad sənətkar Mikayıl Azaflının saz bəstələri “Saz-söz axşamı”nda
Featured

Ustad sənətkar Mikayıl Azaflının saz bəstələri “Saz-söz axşamı”nda

02.07.2021

Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının təqdimatında hər həftə “Mədəniyyət” kanalında efirə gedən “Saz-söz axşamı” verilişi öz fəaliyyətini bir neçə istiqamətdə davam etdirir. Verilişdə klassik və çağdaş ustad aşıqların həyat və yaradıcılığı, aşıq şeirinin müxtəlif formaları, dastan ifaçılığı və müxtəlif aşıq havalarının yaranması və özünəməxsusluğu haqqında geniş tamaşaçı auditoriyasına elmi əsaslara söykənən dərin məzmunlu bilgilər verilir.

Bəllidir ki, bu gün aşıqlarımızın ifa etdikləri havaların çoxunun nə vaxt və kim tərəfindən yaradılması dəqiq bilinmir. Bununla belə, elə ustad aşıqlarımız da var ki, bir neçə aşıq havasının yaranması onların adıyla bağlıdır və “Saz-söz axşamı”nda bu məsələyə ayrıca diqqət göstərilməsi olduqca təqdirəlayiq haldır. Bu qəbildən indiyədək Abdal Gülablı Valeh, Hüseyn Şəmkirli və Dərələyəzli Aşıq Cəlilə və onların bəstələdiyi aşıq havalarına həsr olunmuş ayrıca verilişlər tanmaşamçılar tərəfindən rəğbətlə qarşılanıb. Növbəti belə veriliş isə XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən olan ustad aşıq Mikayıl  Azaflıya və onun bəstələdiyi havalara həsr olunub.  İyul ayın 3-də axşam saat 19-da “Mədəniyyət” kanalında efirə gedəcək verilişdə Əməkdar mədəniyyət işçisi Samirə Əliyeva və Əli Tapdıqoğlu ustadın “Ozan marşı”, Roman Azaflı “Azaflı bəhri”, Qələndər Zeynalov “Azaflı gözəlləməsi”, Məhsəti Cabbarlı “Mikaylı”, Əməkdar mədəniyyət işçisi Gülarə Azaflı “Tovuzu” və onun rəhbərlik etdiyi “Çeşmə” folklor qrupu isə “Azaflı sarıteli”, Elməddin Məmmədli “Azaflı dübeyti” və Əli Pənahoğlu “Azaflı gəraylısı” havalarını təqdim edirlər. Ustadın yaratdığı “Azaflı müxəmməsi”ni isə Gülarə Azaflı və Roman Azaflı səsləndirib.

Bu qəbildən olan növbəti verilişlərdən biri də  ustad aşıq Pənah Pənahovun bəstələrinə həsr olunacaqdır.

DƏRVİŞ OSMAN ƏHMƏDOĞLUNUN YENİ KİTABI İŞIQ ÜZÜ GÖRÜB
Featured

DƏRVİŞ OSMAN ƏHMƏDOĞLUNUN YENİ KİTABI İŞIQ ÜZÜ GÖRÜB

25.05.2021

Bu yaxınlarda “Ləman nəşriyyat-poliqrafiya” MMC-də şair Dərviş Osman Əhmədoğlunun “Mən Borçalıda qaldım” adlı yeni kitabı işıq üzü görüb. Borçalıda yaşayıb-yaratsa da, Azərbaycanda, eləcə də Türkiyədə və İranda da böyük söz ustadı və aşıq sənətinin bilicisi və təbliğatçısı  kimi yaxşı tanınan Dərviş Osman Əhmədoğlunun “Mirvarid Dilbazi məclisi”nin təşəbbüsü ilə hazırlanmış bu kitabında “Sazım” və “Şair Ağacan” adlı poemaları və şeirlərindən seçmələrlə yanaşı, həm də onun haqqında söz və sənət adamlarının, dostlarının ürək sözləri, ithaf olunmuş şeirlər və müxtəlif fotoşəkillər yer alıb.

Kitaba yazdığı ön sözdə Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının da qeyd etdiyi kimi, “Möcüzəli bir adamıydı Dərviş Osman. Hər gün, hər saat sazın-sözün içindəydi”.

Xatırladaq ki, şair Dərviş Osman Əhmədoğlu 2020-ci ilin martında dünyasını dəyişib.

Featured

AŞIQ ƏLƏSGƏRLƏ BAĞLI YENİ KİTAB HAZIRLANIR

12.04.2021

Zəngin tarixi ənənəyə malik olan aşıq sənətinə  yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırmış, xalq ruhuyla həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etmiş ustad sənətkar Aşıq Ələsgərin anadan olmasının bu il 200 illik yubileyi ilidir. Bu böyük ustadın yubileyinin respublikamızda geniş qeyd olunması üçün ölkə başçısı möhtərəm İlham Əliyev cənabları bu ilin fevral ayında sərəncam imzalayıb. Artıq sərəncamdan irəli gələn vəzifələrin yerinə yetirilməsinə başlanılıb, aidiyyəti təşkilatlar bu böyük saz və söz ustadına həsr olunmuş müxtəlif tədbirlər həyata keçirirlər.

Yubileylə bağlı Azərbaycan Aşıqlar Birliyində də bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bu barədə məlumat verən AAB-nin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, yubiley tədbirlərinə hələ ötən ilin sonlarından start verən Aşıqlar Birlyində Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə “Aşıq Ələsgərlə bağlı dastan-rəvayətlər” adlı kitab nəşrə hazırlanır. Burada ustad sənətkar haqqında yaradılmış 10-dan yuxarı dastan-rəvayət yer alacaqdır. Dastan-rəvayətlər zamanında Talıb Ələsgəroğlu, Hüseyn Saraçlı, İmran Həsənov, Mahmud Məmmədov, Fətulla Göyçəli və Hacı Bayramov kimi ustad aşıqlardan toplanmışdır.

Kitabın tərtibçiləri Əməkdar elm xadimi, AAB-nin sədri, professor Məhərrəm Qasımlı, professor Mahmud Allahmanlı və filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Xəlilovadır. Kitab yaxın günlərdə geniş oxucu kütkləsinə və elmi ictimaiyyətə təqdim olunacaqdır.

AŞIQ ƏLƏSGƏRİN 200 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ ELMİ SESSİYA KEÇİRİLİB
Featured

AŞIQ ƏLƏSGƏRİN 200 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ ELMİ SESSİYA KEÇİRİLİB

01.07.2021

2021-ci il iyulun 1-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyinə həsr olunmuş “Aşıq Ələsgərin sazlı-sözlü dünyası” mövzusunda elmi sessiya keçirilib. Akademiyanın “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya və akustika” elmi-tədqiqat laboratoriyası tərəfindən hazırlanmış və onlayn formatda keçirilən elmi sessiyanı giriş sözü ilə BMA-nın elm və yaradıcılıq işləri üzrə prorektoru, Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə açıb. Respublikamızın bir sıra görkəmli elm adamlarının iştirak etdiyi tədbirdə Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı “Aşıq Ələsgərin dastan rəvayətləri” mövzusunda məruzə ilə çıxış edib.

“SAZ-SÖZ AXŞAMI” VERİLİŞİNİN ƏKS-SƏDASI
Featured

“SAZ-SÖZ AXŞAMI” VERİLİŞİNİN ƏKS-SƏDASI

21.05.2021

Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu mədəniyyət siyasəti bu gün uğurla davam etdirilməkdədir. Bu sahədə həyata keçirilən məqsədyönlü tədbirlər, xüsusilə də,  xalqımızın ölməz sənəti olan ozan-aşıq mədəniyyətin yaşadanlara döv­lət səviy­yə­sin­də qayğı və diqqət gündən-günə öz bəhrəsini verməkdədir. Bu  gün sazımız Azər­bay­canın hüdudlarından kənara çıxaraq dünyanı dolaşır, bu ölməz sənətə maraq beynəlxalq səviy­yədə gündən-günə artır. Azərbaycan dövlətinin, xüsusilə, birinci vitse-prezident Mehriban xanım Əliyevanın aşıq sənətinin qorunması, inkişafı və təbliği isti­qa­mə­tində fəaliyyəti nəticəsində Azərbaycan aşıq sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilməsi isə aşıq sənətinin inkişafına və beynəlxalq miqyasda daha geniş təbliğinə əlavə imkanlar açır. 

img20210521 15061168

Azərbaycan aşıq sənətinin təbliğində Aşıqlar Birliyi Azərbaycan Dövlət Televiziyasının xidmətləri xüsusilə qeyd edilməlidir. Uzun müddətdir ki, “Mədəniyyət” kanalında hər həftə Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının aparıcılığı ilə  yayımlanan “Saz-söz axşamı” verilişi təkcə ölkəmizdə deyil, respublikamızın hüdudlarından kənarda da özünə böyük tamaşaçı kütləsi cəlb edə bilib. Bunu Aşıqlar Birliyinə  və AzTV rəhbərliyinə gələn məktublar, teleqramlar da sübut edir.

2021-ci il ay ayının 8-də AzTv-nin sədri  Rövşən Məmmədovun ünvanına gəlmiş teleqram da dediklərimizi təsdiq edir. Teleqramda deyilir:

    “Hörmətli Rövşən müəllim! Mən 25 ildir ki, Sevastopol Dövlət  Teleradiosunda Azərbaycan  “Qobustan” verilişini davam etdirirəm. Bizim verilişlər muğamla başlayıb, saz sənəti ilə sona yetir.  Verilişlərimizin məzmununu mədəniyyət, tarix və ədəbiyyat təşkil edir. Saz sənətində  dastanlar xüsusi yer tutur. Bu  mənada, professor Məhərrəm Qasımlıya proqramımızın adından, Naxçıvanın dastansevərləri adından minnətdarlıq edirəm. Sizə və Sizin dəyərli qələm sahiblərinizə çox sağ ol deyirəm.

Hörmətlə:
Həbib Əliyev,
Naxçıvan şəhəri
08.05.2021

USTAD AŞIĞIN YENİ KİTABI NƏŞR OLUNUB
Featured

USTAD AŞIĞIN YENİ KİTABI NƏŞR OLUNUB

05.03.2021

Əməkdar mədəniyyət işçisi, ustad aşıq Əli Quliyevin – Urfan Əlinin yeni kitabı işıq üzü görüb. Bu barədə məlumat verən Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, dövrümüzdə klassik aşıq ənənələrini böyük ustalıqla yaşadan, bu sənətdə dünənlə sabah arasında etibarlı körpü olan,  özünəməxsus sənətkarlıq xüsusiyyətləri ilə seçilən Urfan Əli həm də bədii yaradıcılıqla məşğul olur.

 İndiyədək bir neçə kitabı işıq üzü görmüş ustadın anadan olmasının yetmiş illik yubileyi ərəfəsində çap olunmuş bu kitabında onun aşıq şeirinin müxtəlif formalarında qələmə aldığı yaradıcılıq nümunələri – ifa etdiyi aşıq havaları qədər könüloxşayan və şirin olan gəraylı, qoşma, divani, təcnis, müxəmməs və s. şeirləri yer alıb. Kitabda həmçinin Aşıq Əliyə həsr olunmuş  məqalə və şeirlərə də yer verilib ki, bu da ustad aşığın həyat və yaradıcılığı haqda oxucuda daha geniş təsəvvür yaratmağa kömək edir.

Bakıda “Elm və təhsil” nəşriyyatında nəfis tərtibatla nəşr olunmuş “Eşqsiz insanın qəlbi boş olar” adlı bu kitabın məsləhətçisi Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlıdır.

“ADIM ƏLƏSGƏRDİ, GÖYÇƏ MAHALIM” ADLI VİDEO VƏ AUDİO ALBOM İŞIQ ÜZÜ GÖRÜB
Featured

“ADIM ƏLƏSGƏRDİ, GÖYÇƏ MAHALIM” ADLI VİDEO VƏ AUDİO ALBOM İŞIQ ÜZÜ GÖRÜB

21.06.2021

Bu il Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illik yubiley ilidir. Böyük saz və söz ustadının yubileyinin ölkəmizdə geniş şəkildə qeyd olunması üçün  Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənabları 18 fevral 2021-ci ildə ayrıca sərəncam imzalayıb. Sərəncamla bağlı tədbirlərin həyata keçirilməsində  Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Təhsil Nazirliyi ilə  yanaşı, Azərbaycan Aşıqlar Birliyinin  qarşısında da mühüm vəzifələr durur.

Görkəmli sənətkarın anadan olmasının 200 illiyi ilə bağlı geniş fəaliyyət proqramı hazırlayan Azərbaycan Aşıqlar Birliyi yubiley tədbirlərinə hələ ötən ilin sonlarından başlayıb. Bu barədə məlumat verən Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, Birliyin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının rəhbərliyi altında ötən ilin sonlarında Aşıq Ələsgərin lirik şeirlərindən ibarət ayrıca kitab buraxılıb. Hazırda  “Aşıq Ələsgərlə bağlı rəvayətlər” kitabı  (30 çap vərəqi həcmində) nəşr olunmaq ərəfəsindədir.

Mövcud pandemiya şəraiti ilə əlaqədar kütləvi tədbirlərin keçirilməsi hələlik mümkün olmasa da, Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə indiyədək bu böyük ustadın yubileyinə həsr olunmuş bir sıra ölkədaxili  və beynəlxalq  onlayn tədbirlər həyata keçirilib.

Bu günlərdə isə Azərbaycan Aşıqlar Birliyi bu böyük saz-söz ustadının adına layiq daha bir layihəni uğurla başa çatdırıb – Aşıq Ələsgərin sözlərini oxumuş aşıqların ifası və ustadla bağlı dastan-rəvayətlərdən ibarət “Adım Ələsgərdi, Göyçə mahalım” adlı albom işıq üzü görüb. İki diskdən ibarət olan albomun birinci diskində ustadın şeirləri Dədə Şəmşir, İmran Həsənov, Əkbər Cəfərov, Ədalət Nəsibov, Kərəm İncəli, Aslan Kosalı, Əmrah Gülməmmədov, Hüseyn Cavan, Bəylər Qədirov, Niftalı Süleymanov, Oruc Əhmədov, İsfəndiyar Rüstəmov, Məmmədağa Babayev kimi məşhur ustadlarla yanaşı, bu gün sənət meydanında dəyərli ifaları ilə tanınan Əməkdar mədəniyyət işçiləri Ulduz Quliyeva, Fətullah Göyçəli, Gülarə Azaflı, Solmaz Kosayeva, Samirə Əliyeva və Ağamurad İsrafilov, Türkiyəli aşıq Maqsud Fəryadi, Altay Məmmədli, təbrizli Cəfər Xakipur, Sədaqət Ulduz, Qələndər Zeynalov, Kəmalə Qubadlı, Şaiq İncəli, Ramin Qarayev, Yaşar Məhərrəmov, İsa Qaraxanlı, Vüqar Şəmkirli, Şahniyar Əliyev, Avdı Musayev və Təbriz Vəliyevin, eləcə də Əməkdar mədəniyyət işçisi Gülarə Azaflının rəhbərlik etdiyi “Çeşmə” folklor qrupunun ifasında təqdim olunur.

İkinci diskdə isə ustad aşıq Hüseyn Saraçlının ifasında “Aşıq Ələsgərin Gəncə səfəri”, Fətullah Göyçəli və Rəfiqə Göyçəlinin ifasında  “Aşıq Ələsgərlə Həcər xanım əhvalatı”,  Elbrus Hüseynov və Şöhrət Kərimovun ifasında (balabanda müşayiət edir İbadət Allahverdiyev)  isə “Aşıq Ələsgərin Söyüdlü səfəri” dastan-rəvayətləri video formatda təqdim olunur.

img20210621 11482759

img20210621_11525111.jpg

img20210621_11545226.jpg

AŞIQ ƏLƏSGƏRİN 200 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ DAHA BİR TƏDBİR KEÇİRİLİB
Featured

AŞIQ ƏLƏSGƏRİN 200 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ DAHA BİR TƏDBİR KEÇİRİLİB

06.05.2021

2021-ci il mayın 5-də C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyinə həsr olunmuş “Aşıq Ələsgər poeziyası haqqında düşüncələr” adlı beynəlxalq tədbir keçirilib.

Bu barədə məlumat verən Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, respublikamızın ayrı-ayrı bölgələrini təmsil edən aşıqlarla yanaşı, Borçalıdan və Təbrizdən də aşıqların qatıldığı və zoom platforması üzərindən düzənlənən tədbiri kitabxananın əməkdaşı Xalidə Musayeva açaraq ustad sənətkarın 200 illik yubileyi münasibəti ilə keçirilən tədbirin əhəmiyyətindən danışıb, tədbir iştirakçılarını salamlayıb. Sonra söz Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi Məhərrəm Qasımlıya verilib. M.Qasımlı Aşıq Ələsgərin 200 illik yubileyinin respublikamızda geniş şəkildə qeyd edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncam imzalamasını Aşıq Ələsgər yaradığıcılığına və bütövlükdə aşıq sənətinə verilən yüksək qiymət və dövlətin qayğısı kimi dəyərləndirib, ustad sənətkarın həm aşıq, həm də böyük söz ustadı kimi Azərbaycan mədəniyyəti və ədəbiyyatındakı xidmətlərini, təkcə respublikamızda deyil, aşıq sənətinin geniş yayıldığı qonşu ölkələrdə də məşhur olduğunu və yaradıcılığına hər zaman müraciət edildiyini xüsusi vurğulayıb. Eyni zamanda qeyd edib ki,  pandemiya ilə əlaqədar karantin qadağalarının aradan qalxmasından sonra bu kimi tədbirlər daha geniş şəkildə böyük mədəniyyət ocaqlarında qeyd keçiriləcək.

C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Oruc Quliyev öz çıxışında Aşıq Ələsgərin həm aşıq, həm də şair kimi zəngin irsindən söz açıb, sənətşünaslıq üzrə fəlsəfə doktoru, ADMİU-nun baş müəllimi Hafiz Kərimov ustad sənətkarın yaradıcılığından ayrı-ayrı nümunələrə diqqəti çəkib, şeirlərinin aşıqlar tərəfindən ifa edilməsi ilə yanaşı, bəstəkarlarımızın da onun yaradıcılığına dönə-dönə müraciət etdiklərini vurğulayıb.

Aşıqlardan Altay Məmmədli, Şaiq İncəli, Şahniyar Əliyev, Xanlar Xəlilov, Rahib Alxanov, Xavər Hüseynova, Afil Bəxtiyaraov və digərləri ilə yanaşı, eyni zamanda tədbirə Təbrizdən qatılan aşıq Cəfər Xakipur və İsa Qaraxanlı, Borçalıdan Nargilə Mehdiyeva ustad aşığın sözlərini müxtəlif aşıq havaları üstündə ifa ediblər. 

Featured

DASTANLAR YENİ TƏQDİMATDA

02.03.2021

Son dövrlərdə bir sıra uğurlu layihələrə imza atan Azərbaycan Aşıqlar Birliyində yeni bir layihəyə start verilib. Bu barədə məlumat verən Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, klassik aşıq yaradıcılığında mühüm yer tutan dastançılıq ənənəsinin müasir dövrdə yenidən təqdim olunmasına həsr olunmuş bu layihə çərçivəsində dastanların çağdaş aşıqlarımızın ifasında sənətsevərlərə yenidən təqdim olunması nəzərdə tutulur. O, qeyd edib ki, repertuar seçimi zamanı məşhur dastanlarla yanaşı, sənətsevərlərə nisbətən az tanış olan dastanlara da müraciət olunacaqdır. Hazırda “Xəstə Qasımın Şamaxı səfəri”, “Yetim Aydın”, “Tahir və Zöhrə” və s. dastanların üzərində hazırlıq işləri görülür.

Dastanlarla bağlı repertuar seçimində diqqət yetirilən bir məqam da ondan ibarətdir ki, ədəbiyyat və mədəniyyət tariximizdə özünəməxsus yeri və rolu olan böyük şəxsiyyətlərin yaradıcılığına və onlarla bağlı yaranmış dastanlara da böyük önəm verilir.

Bu il ustad aşıq Aşıq Ələsgərin anadan olmasının 200 illik yubiley ilidir. Bu yubileyin ölkəmizdə geniş miqyasda qeyd olunması üçün bu günlərdə ölkə başçısının ayrıca sərəncamı da olub. Azərbaycan Aşıqlar Birliyində də yubileylə bağlı bir sıra tədbirlər həyata keçirilməsi nəzərdə tutulur. Elə haqqında danışdığımız layihə çərçivəsində ilk iş də bu böyük ustada həsr olunub – “Aşıq Ələsgərin Söyüdlü səfəri” adlı dastan-rəvayət gənc aşıqlardan  Elbrus Hüseynov və Şöhrət Kərimovun ifasında rəğbətlə qarşılanıb. Elməddin Məmmədli və Şəhriyar Qaraxanlının ifa etdikləri “Hüseyn Bozalqanlının Tiflis səfəri”, eləcə də Şirvan aşıqları Elman Talıstanlı və Babək Şakirlinin söylədikləri “Abdulla və Cahan” dastanları da uğur qazanıb. Hər üç dastan-rəvayəti “Mədəniyyət” kanalı vasitəsilə geniş tamaşaçı auditoriyası da seyr edib.

Layihə çərçivəsində teatral səviyyədə hazırlanaraq tamaşaçılara təqdim olunması nəzərdə tutulan dastanlardan biri də bu il 880 illik yubileyini qeyd etdiyimiz Nizami Gəncəvinin “Leyli və Məcnun” poeması əsasında yaradılmış eyniadlı dastandır ki, hazırda onun da üzərində iş gedir. Eyni zamanda fəaliyyətinin mühüm hissəsi Qarabağ xanlığı ilə bağlı olmuş böyük söz ustadı M.P.Vaqiflə bağlı “Vaqif” dastanının aşıqların ifasında təqdim olunması da görüləcək işlər sırasındadır.

Layihə çərçivəsində hazırlanacaq bütün dastanlar “Mədəniyyət” kanalı vasitəsi ilə geniş tamaşaçı auditoriyasına təqdim olunacaq. Gələcəkdə bu dastan-tamaşaların həm də paytaxtın mədəniyyət ocaqlarında təqdimatı və eləcə də bunların əsasında videoalbom hazırlanması da nəzərdə tutulur.

21 -dən səhifə 36

  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
© 2026 Bütün hüquqlar qorunur. Azərbaycan Aşıqlar Birliyi | Ünvan: Bakı ş., Zahid Xəlilov küç., 38
  • 012 497 75 91
  • asiklarbirliyi@mail.ru
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • MƏQALƏLƏR
  • MƏKTUBLAR
  • YUBİLEYLƏR
  • KİTABLAR
  • ƏLAQƏ