AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ
AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • MƏQALƏLƏR
  • MƏKTUBLAR
  • YUBİLEYLƏR
  • KİTABLAR
  • ƏLAQƏ
“LEYLİ VƏ MƏCNUN” DASTANI AŞIQLARIN İFASINDA TƏQDİM OLUNACAQDIR
Featured

“LEYLİ VƏ MƏCNUN” DASTANI AŞIQLARIN İFASINDA TƏQDİM OLUNACAQDIR

21.09.2021

Bu il böyük Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyi tamam olur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2021-ci il ölkəmizdə “Nizami Gəncəvi ili” elan olunub. Ölməz söz ustadının yubileyi münasibəti ilə respublikamızda bir çox tədbirlər keçirilir. Bu yubileylə əlaqədar Azərbaycan Aşıqlar Birliyində də bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Bunlardan biri də Nizami Gəncəvinin “Leyli və Məcnun” poeması əsasında yaradılmış eyniadlı dastanın aşıqların ifasında yeni səhnə və ekran tərtibatında təqdim olunmasıdır. Artıq bu istiqamətdə hazırlıq işləri yekunlaşmaq üzrədir.

Bu günlərdə Azərbaycan Aşıqlar Birliyində birliyin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının  dastanda əsas rollardan birini – Leyli rolunu ifa edəcək Əməkdar mədəniyyət işçisi, ADMİU-nun dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Samirə Əliyeva ilə görüşündə də dastanın çəkilişinə hazırlıqla bağlı məsələlər müzakirə olunub, fikir mübadiləsi aparılıb.

Rolların ilkin bölgüsü aparılıb, səhnəciklərin teatral təqdimatının forma və üsulları müəyyənləşdirilib. Rollarda Əməkdar Mədəniyyət işçisi Solmaz Kosayeva, Kəmalə Qubadlı, Qələndər Zeynalov, Əli Pənahoğlu, Əli Tapdıqoğlu, Nəbi Nağıyev, Ramin  Qarayev, Şəhriyar Qaraxanlı, Nazim Bahadıroğlu kimi istedadlı aşıqlar çıxış edəcəklər.

Görüşdə AAB-nin sədr müavini, filologiya üzrə fəlsəfə doktoru, aşıq Altay Məmmədli də iştirak edib.

Featured

Ustad sənətkar Mirzə Bilalın 150 illiyi qarşısında

31.07.2021

Şirvan aşıq ifaçılıq məktəbinin babası ucalığında duran ustad sənətkar Mirzə Bilalın 2022-ci ildə 150 illik yubuleyi keçiriləcəkdir. Bu məqsədə Aşıqlar Birliyində görkəmli ustad aşığın yubileyi ilə bağlı hazırlıq işlərinə başlanmışdır. Nəvəsi Babək Şəfi oğlunun hazırladığı “Mirzə Bilal: şeirlər, əhvalatlar və xatirələr” kitabı tamamlanmaqdadır. Bundan əlavə Mirzə Bilalın şeirləri və bəstələdiyi saz havaları ayrı-ayrı aşıqların ifasından yazıya alınaraq xüsusi tərtibatlı yubiley albom diskinin buraxılması üçün də lazımı işlərə başlanılmışdır.

        Gələn il Şamaxıda,Ağsuda və Kürdəmirdə,yekun olaraq isə Bakıda 150 illik yubiley tədbirlərinin keçirilməsi nəzərdə tutulur.

       Kütləvi informasiya vasitələrində,o cümlədən də AzTv-nin “Saz-söz axşamı” verilişində Mirzə Bilal sənətinə həsr olunmuş silsilə verilişlər hazırlanacaqdır.

      Mirzə Bilal böyük bir ifaçılıq məktəbinin banisi olmaqla yanaşı Azərbaycan Xalq Cumhuriyyətinin fəal mücahidərindən biri olmuş və 1938-ci ildə repressiya qurbanı olmuşdur. Ancaq onun ölməz saz-sənəti öz yolunu uğurla davam etdirir.

AŞIQ ƏLƏSGƏRİN ŞEİRLƏR KİTABI TÜRKİYƏDƏ NƏŞR OLUNACAQ
Featured

AŞIQ ƏLƏSGƏRİN ŞEİRLƏR KİTABI TÜRKİYƏDƏ NƏŞR OLUNACAQ

26.07.2021

Azərbaycan aşıq sənətinin görkəmli simalarından olan Aşıq Ələsgərin seçmə şeirlərindən ibarət kitab Türkiyədə işıq üzü görəcək. Ustad sənətkarın anadan olmasının 200 illik yubileyi münasibəti ilə TÜRKSOY tərəfindən nəşrə hazırlanan kitabda yer alacaq şeirləri Türkiyə türkcəsinə şair Kənan Çarboğa uyğunlaşdırıb.

Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı isə kitaba Aşıq Ələsgər yaradıcılığına ayna tutan geniş ön söz yazıb.

Xatırladaq ki, Aşıq Ələsgərin zəngin poetik irsi XX əsrin otuzuncu illərindən başlayaraq Bakıda dönə-dönə nəşr olunmuş, ustadın otuza yaxın kitabı çap edilmişdir. TÜRKSOY xətti ilə işıq üzü görən seçmə Ələsgər şeirləri də onun poeziyasının Türk dünyasında, o cümlədən də Türkiyədə geniş tanıdılmasında mühüm rol oynayacaqdır.

Featured

USTAD AŞIQ HÜSEYN ŞƏMKİRLİNİN 210 İLLİK YUBİLEYİ İLƏ BAĞLI “AŞIQ HÜSEYNLƏ REYHAN XANIM” DASTANININ YENİ SƏHNƏ VƏ EKRAN TƏQDİMATI HAZIRLANIR

14.09.2021

Bu il Azərbaycan aşıq sənətinin inkişafında özünəməxsus yeri və rolu olan ustad aşıq Hüseyn Şəmkirlinin andan olmasının 210 illik yubileyi tamam olur. Dastan və aşıq havalarının yaradılmasında böyük xidmətləri olan görkəmli sənətkarın yubileyinin qeyd olunması üçün Azərbaycan Aşıqlar Birliyində bir sıra tədbirlər nəzərdə tutulub.

Bunlardan biri də ustadın adıyla bağlı olan “Aşıq Hüseynlə Reyhan xanım” dastanı gənc aşıqların ifasında yeni variantda səhnələşdirilərək geniş ictimaiyyətə çatdırılmasıdır. Bu barədə məlumat verən Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, artıq bu istiqamətdə ilkin hazırlıq işlərinə başlanıb. Dastandakı poetik mətnlərin xeyli hissəsi Hüseyn Şəmkirlinin bəstələdiyi “Hüseyni”, “Dilqəmi”, “Sümayi”, “Şəmkir sarayı” və “Köhnə gözəlləmə” havaları üstündə səsləndiriləcəkdir. 

Dastan bu ilin oktyabr ayında “Mədəniyyət” kanalında Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının aparıcılığı ilə efirə gedən “Saz-söz axşamı” verilişində gənc aşıqlar Vüqar Şəmkirli və Maşallah Dünyamalıyev (aşıqları balabanda Ramil Allahverdiyev müşayiət edir) tərəfindən təqdim olunacaqdır.  

Featured

“Muğan aşıqları və el şairləri” antoloji toplusu çapa hazırlanır

30.07.2021

 Az toplanan, nəşr olunan və diqqətdən kənarda qalan Muğan bölgəsinə məxsus saz-söz örnəklərinin işıq üzü görməsi Aşıqlar Birliyinin əhəmiyyət verdiyi məsələlərdəndir. Bununla bağlı filologiya üzrə fəlsəfə doktoru Bilal Alarlının hazırladığı ”Muğan aşıqları və el şairləri” antoloji toplu artıq tamamlanmaq üzrədir. Əməkdar elm xadimi professor Məhərrəm Qasımlının elmi məsləhəti olduğu bu topluda otuzdan yuxarı aşıq və el şairinin sinəsindən yadigar qalan qoşma, gəraylı, müxəmməs,divani və dastanlar işıq üzü görəcəkdir.

  Antoligiya bu ilin sonlarında oxucu auditoriyasına təqdim olunacaqdır.

Marneulinin Kəpənəkçi kəndində görkəmli aşıq Kamandar Əfəndiyevin ev muzeyi açılıb
Featured

Marneulinin Kəpənəkçi kəndində görkəmli aşıq Kamandar Əfəndiyevin ev muzeyi açılıb

09.07.2021

Gürcüstanın Marneuli rayonunun Kəpənəkçi kəndində görkəmli söz-saz ustadı aşıq Kamandar Əfəndiyevin ev muzeyinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, mərasimdə Azərbaycanın mədəniyyət naziri Anar Kərimov, Gürcüstanın mədəniyyət nazirinin müavini Kaxa Sixarulidze, Azərbaycanın və Türkiyənin Gürcüstandakı səfirləri Faiq Quliyev və Fatma Ceren Yazgan, TİKA-nın baş direktoru Sərxan Kayalar, Gürcüstan parlamentinin deputatı Zaur Dargallı və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə nazir Anar Kərimov, səfirlər Faiq Quliyev, Fatma Ceren Yazgan, Kaxa Sixarulidze, Sərxan Kayalar və başqaları çıxış edərək ev muzeyinin açılışını mühüm hadisə adlandırıblar.

Çıxış edənlər bu cür addımların mədəniyyətin inkişafı ilə yanaşı ölkələrimiz arasında mədəni münasibətlərin daha da möhkəmlənməsinə xidmət etdiyini vurğulayıblar.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

[bt_slider uid="1625819284-60e80894d1d04" target="_blank" width="0" crop="no" thumbnail_width="800" thumbnail_height="600" show_title="no" centered="yes" arrows="yes" pagination="bullet" autoplay="5000" speed="600"][bt_image src="/images/bt-shortcode/upload/16257745051876521477_1000x669.jpg" title="16257745051876521477_1000x669.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/1625774505673216219_1000x669.jpg" title="1625774505673216219_1000x669.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/16257745051738663219_1000x669.jpg" title="16257745051738663219_1000x669.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/16257745053808110491_1000x669.jpg" title="16257745053808110491_1000x669.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/16257745055509330776_1000x669.jpg" title="16257745055509330776_1000x669.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/16257745053486263847_1000x669.jpg" title="16257745053486263847_1000x669.jpg" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/1625774505948764909_1000x669.jpg" title="1625774505948764909_1000x669.jpg" link="" parent_tag="slider"][/bt_slider]

Featured

Molla Pənah Vaqif məqbərəsinin Şuşanın azad olmasından sonra yenidən açılışı

01.09.2021

  susa033.jpg

   1982-ci ilin yanvarında ulu öndər Heydər Əliyev tərəfindən açılan “Molla Pənah Vaqif məqbərəsi uzun illər vaqifsevərlərin ziyarət yeri olmuş və burada “Vaqif poeziya  günləri”  keçirilmişdir. Təəssüf ki, 1992-ci ildə Şuşa işğal olunduqdan sonra bu memarlıq abidəsi də mənfur ermənilər tərəfindən dağıdılmışdı.  2020- ci ilin payızındakı 44 günlük vətən müharibəsindən sonra oktyabrın 8-də Şuşa da azad olunmuş, Vaqifin məqbərəsi də işğaldan  qurtarmışdır. Ötən qısa müddət  ərzində M.P.Vaqif məqbərəsi H. Əliyev fondu tərəfindən yüksək səviyyədə bərpa olunmuşdur. 2021-ci il avqust ayının 29-da  Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva bərpa olunmuş məqbərəni açmışlar. Avqustun 30 və 31-də isə məqbərə önündə Vaqif poeziya günləri keçirilmişdir Prezident İlham Əliyevin giriş sözü ilə açılan mərasində tanınmış ziyalılar, şair və yazıçılar iştirak etmişlər.

   WhatsApp Image 2021-09-01 at 15.35.10.jpeg    Azərbaycan Aşıqlar Birliyinin sədri Əməkdar elm xadimi,professor Məhərrəm Qasımlı da mərasim iştirakçıları arasında olmuşdur.

P.S. Məhərrəm Qasımlı Şuşada olarkən  Orxan Paşa təxəllüsü ilə “Gəlmişəm, Şuşam, gəlmişəm” adlı şeir yazmışdır. Həmin şeiri də oxuculara təqdim edirik.

 

 

                           Orxan Paşa

Gəlmişəm, Şuşam, gəlmişəm

Dağıt başından dumanı,
Gəlmişəm, Şuşam, gəlmişəm.
Qalmasın ahın-amanın,
Gəlmişəm, Şuşam, gəlmişəm.

Top-tüfəngim, yarağımla,
Hesab çəkmişəm yağımla.
Ay-ulduzlu bayrağımla
Gəlmişəm, Şuşam, gəlmişəm.

Salam olsun ordumuza,
Qurur verdi yurdumuza.
Qalamıza-burcumuza
Gəlmişəm, Şuşam, gəlmişəm.

Yolu açdı igidlərim,
Qazilərim, şəhidlərim,
Ər oğlu mücahidlərim-
Gəlmişəm, Şuşam, gəlmişəm.

“Allah əkbər” sədasıyla,
“Can Qarabağ” nidasıyla.
Koroğlunun havasıyla
Gəlmişəm, Şuşam, gəlmişəm.

Haqq-tala itaətinə,
Pir-ocaq ibadətinə.
Vaqifin ziyarətinə
Gəlmişəm Şuşam, gəlmişəm.

Qarabağ bizim yerimiz,
Meydandayıq hər birimiz.
Baş komandan öndərimiz,
Gəlmişəm, Şuşam, gəlmişəm,
Gəlmişik, Şuşam, gəlmişik.

28-29 avqust 2021
                      Şuşa

Aşıq Hüseyn Şəmkirli-210
Featured

Aşıq Hüseyn Şəmkirli-210

28.07.2021

Ustad sənətkar Aşıq Hüseyn Şəmkirlinin 210 illiyi ilə bağlı Azərbaycan Aşıqlar Birliyində lazımı işlər görülməkdədir. Bu münasibətlə AzTV-nin Mədəniyyət kanalında yayımlanan “Saz-söz axşamı” verilişində iyun ayında Aşıqlar Birliyində hazırlanmış ayrıca proqram təqdim olunmuş, ustadın şeirləri və bəstələdiyi saz havalar tamaşaçı auditoriyasına çatdırılmışdır.

Bu verilişin davamı kimi oktyabr-noyabr aylarında “Aşıq Hüseyn və Reyhan xanım” dastanı “Saz-söz axşamı”nda ustad aşıqların ifası ilə canlandırılacaqdır.

    Bundan əlavə böyük sənətkarın Şəmkir şəhərindəki büstünün bərpa edilməsi, Gədəbəyin Qala kəndindəki məzarının abadlaşdırılması və yubileyinin bölgələrdə keçirilməsi istiqamətində də məqsədyönlü işlər aparılır.

    2021-ci ilin noyabr ayında Bakıda da ustad sənətkarın 210 illik yubileyinin yüksək səviyyədə keçirilməsi nəzərdə tutulur.

AŞIQ KAMANDAR ƏFƏNDİYEVİN EV-MUZEYİNİN AÇILIŞI MÜNASİBƏTİ İLƏ TƏBRİK MƏKTUBU
Featured

AŞIQ KAMANDAR ƏFƏNDİYEVİN EV-MUZEYİNİN AÇILIŞI MÜNASİBƏTİ İLƏ TƏBRİK MƏKTUBU

06.07.2021

Borçalı aşıq mühitinin ən parlaq simalarından olan Aşıq Kamandar aşıq­lığın ru­hunu, mahiyyətini, özü­nə­məxsus­lu­ğunu gen­dən, kökdən gələn enerji ilə qoruyub yaşadan və gələcək nəsillərə ötürən aşıq olub. Bir sənətkar kimi onun ruhu çox qədimlərə bağlı idi. Bu cə­hət­dən onun ruhu çox qədim dövrlərdən gələn ruhdur. Eyni zamanda yaxşı müəllim, yax­şı ustad olan Aşıq Kamandardan sənət dərsi alanlar yalnız özünün şagirdləri deyil, hətta üzünü belə görməyənlər də ondan kifayət qədər bəhrələniblər. Təsadüfi deyil ki, bu gün Borçalı ilə yanaşı, Təbriz aşıqlarının əksəriyyəti də Aşıq Kamandarı özlərinə ustad sayır, onun sənət yolunu davam etdirirlər.

Aşıq Kamandar indiyədək öy­rə­nil­miş, tədqiq olunmuş və eyni zamanda bu gün də tədqiq olunmaqda olan aşıq­lar­dan­dır.

Aşıq Kamandarın ev-muzeyinin açılması bu böyük sənətkarın xatirəsinin əbədiləşdirilməsi ilə yanaşı, həm də bütövlükdə Borçalı aşıq mühitinə verilən yüksək qiymətdir. İnanırıq ki, bu muzey qardaş Gürcüstanda əsl sənət məbədinə çevrilərək Borçalı aşıqlarını və bütün sənətsevərləri öz ətrafına cəm edəcək və Azərbaycan aşıq sənətinə böyük sənətkarlar bəxş etmiş bu bölgədə bundan sonra da xalqımızın bu ölməz sənətinin yaşamasında və inkişafında mühüm rol oynayacaq.

Ev-muzeyinin yaradılmasında zəhməti keçən hər kəsə dərin təşəkkürümüzü bildirir və Azərbaycan Aşıqlar Birliyi olaraq gələcəkdə “Aşıq Kamandarın ev-muzeyi” ilə hərtərəfli qarşılıqlı əlaqələr yaratmağa hazır olduğumuzu bildirməkdən məmnunluq duyur, saz-söz adına bağlı bu sənət ocağına uğurlar arzulayırıq.

AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ

Featured

“Mehriban xanım təkcə bizim yox, xalqımızın sevimlisidir, onun etdiyini heç vaxt unutmarıq"

26.08.2021
Mehriban Aliyeva
 
Xəbər verdiyimiz kimi bu gün Azərbaycanın birinci xanımı, Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür. Moderator.az-ın əməkdaşı bu münasibətlə bir neçə sənət adamının fikirlərini öyrənib. 
 
Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı Mehriban xanımın aşıq sənətinə göstərdiyi diqqət və qayğıdan söz açaraq onu doğum günü münasibətilə təbrik edib:
 
Meherrem Qasimli001

“Azərbaycan milli-mənəvi dəyərlərinin qorunmasında müstəsna xidmətləri olan adamlardan biri və bəlkə də birincisi bizim Birinci vitse-prezidentimiz, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevadır. O, doğrudan da artıq iyirmi ildən çoxdur ki, bu istiqamətə xüsusi şəkildə diqqət yetirir və muğam, aşıq, xalçaçılıq sənətinin, Novruz bayramının və bu sıradan olan bir çox dəyərlərin UNESCO-da qeydə alınmasına xüsusi diqqət yetirdi. Təkcə diqqət yetirməklə iş bitmədi, bu istiqamətin Azərbaycan mediasında və Azərbaycandan geniş arenada, beynəlxalq aləmdə, Avropada, Amerikada, Türkiyədə, Asiya ölkələrində tanıdılmasında mühüm iş məhz Mehriban xanımın xidmətləri sayəsində gerçəkləşdi. Mən aşıq sənətinin qeydə alındığı müddətdən, yəni 2009-cu ildən bu yana keçdiyi inkişaf yoluna diqqət yetirirəm və görürəm ki, aşıqların inkişafında nə qədər böyük irəliləyişlər var. Gənc nəsillər axın-axın aşıq sənətinə gəlirlər. Bunun hamısı dövlət qayğısının nəticəsidir və məhz dövlət qayğısının nəticəsi olaraq da sənətin geniş miqyasda təbliğ olunmasında, məsələn, Azərbaycan Televiziyasında hər həftə bir saat “Saz-söz axşamı” verilişi gedir, bu verilişdə hər dəfə 6-7 aşıq iştirak edir və hər dəfə yeni nəsillər gəlirlər. Bu mənada təqribən son 10 ildə demək olar ki, beş yüz saatdan çox veriliş ərsəyə gəlib və bu verilişlər vasitəsilə aşıq sənəti geniş təbliğ olunub. Xüsusi şəkildə onu da qeyd etmək istəyirəm ki, bizim son vaxtlar gördüyümüz böyük işlər sırasında Aşıq Ələsgərin 200 illik yubileyinin keçirilməsinə diqqət və qayğı və bunun UNESCO, Türksoy səviyyəsində tanıdılması da xüsusi bir xidmətdir və onu da unutmaq olmaz. Aşıqlarımızın özlərinin bütün uğurlarına, qazandıqları naliyyətlərinə, sənət sayəsindəki yeniliklərinə görə Mehriban xanıma minnətdardır. Biz Azərbaycan Aşıqlar Birliyi də ölkəmizdə Ali Baş Komandanımız İlham Əliyevin yeritdiyi humanitar siyasətlə bir yerdəyik və Mehriban xanımla da onun çiyin-çiyinə silahdaş olaraq bu işi uğurla yerinə yetirməsindən qürur duyuruq. Bütün saz-söz aləmi, ziyalılar adından Mehriban xanımı ürəkdən təbrik edirik, onun böyük uğurlarını həmişə qürurla izləyəcəyik. Mehriban xanım görkəmli yazıçı, ustad sənətkar, mənim unudulmaz müəllimim professor Mir Cəlal Paşayevin ailə ocağına mənsubdur. Necə deyərlər,  “ot kökü üstündə bitər”. Mir Cəlal müəllim hansı milli-mənəvi dəyərlərə bağlı idisə, onun övladları və nəvələri də həmin məziyyətləri qürurla daşıyırlar. Bütün bunları hər gün, hər saat gözümüzlə görürük. Allah Mehriban xanıma can sağlığı və gözəl günlər qismət eləsin”.

Vasif Əlihüseyn
AZƏRBAYCAN AŞIQLAR BİRLİYİNDƏ  YENİ DASTANLAR SƏHNƏYƏ HAZIRLANIR
Featured

AZƏRBAYCAN AŞIQLAR BİRLİYİNDƏ YENİ DASTANLAR SƏHNƏYƏ HAZIRLANIR

26.07.2021

Azərbaycan  Aşıqlar Birliyində yeni dastanların səhnəyə hazırlanması layihəsinə start verilib. Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibəti ilə ilk olaraq bu ölməz şairin “Leyli və Məcnun” əsəri əsasında hazırlanmış eyniadlı dastanın səhnələşdirilməsi nəzərdə tutulur.

 AzTV, Azərbaycan Aşıqlar Birliyinin və Heydər Əliyev Sarayının birlikdə həyata keçirdikləri layihə çərçivəsində dastanı respublikamızın tanınmış aşıqlarından Əməkdar mədəniyyət işçiləri Solmaz Kosayeva və Samirə Əliyeva, eləcə də Qələndər Zeynalov, Kəmalə Qubadlı, Əli Tapdıqoğlu və Elman Talıstanlı söyləyəcəklər. Leyli obrazında gənc istedadlı aşıq Məhsəti Cabbarlı, Məcnun rolunda isə Şəhriyar Qaraxanlı çıxış edəcəklər.

Aşıq Ələsgərin 200 illik yubileyi münasibəti ilə hazırlanan “Aşıq Ələsgərlə Şeyx Qaranın görüşü” dastanı aşıq Arif Salmanoğlunun, “Qəmkeş Allahverdinin Aşıq Şəmşirlə görüşü” dastanı isə aşıqlardan Fəxri mədəniyyət işçisi Nizami Şirinov və Təbriz Axundovun ifasında təqdim olunacaq.

Elman Talıstanlı və Babək Şakirlinin ifasında isə “Ordubadlı Kərəm” dastanının geniş auditoriyaya təqdim olunması nəzərdə tutulur.

Ustad sənətkar Mikayıl Azaflının saz bəstələri “Saz-söz axşamı”nda
Featured

Ustad sənətkar Mikayıl Azaflının saz bəstələri “Saz-söz axşamı”nda

02.07.2021

Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının təqdimatında hər həftə “Mədəniyyət” kanalında efirə gedən “Saz-söz axşamı” verilişi öz fəaliyyətini bir neçə istiqamətdə davam etdirir. Verilişdə klassik və çağdaş ustad aşıqların həyat və yaradıcılığı, aşıq şeirinin müxtəlif formaları, dastan ifaçılığı və müxtəlif aşıq havalarının yaranması və özünəməxsusluğu haqqında geniş tamaşaçı auditoriyasına elmi əsaslara söykənən dərin məzmunlu bilgilər verilir.

Bəllidir ki, bu gün aşıqlarımızın ifa etdikləri havaların çoxunun nə vaxt və kim tərəfindən yaradılması dəqiq bilinmir. Bununla belə, elə ustad aşıqlarımız da var ki, bir neçə aşıq havasının yaranması onların adıyla bağlıdır və “Saz-söz axşamı”nda bu məsələyə ayrıca diqqət göstərilməsi olduqca təqdirəlayiq haldır. Bu qəbildən indiyədək Abdal Gülablı Valeh, Hüseyn Şəmkirli və Dərələyəzli Aşıq Cəlilə və onların bəstələdiyi aşıq havalarına həsr olunmuş ayrıca verilişlər tanmaşamçılar tərəfindən rəğbətlə qarşılanıb. Növbəti belə veriliş isə XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən olan ustad aşıq Mikayıl  Azaflıya və onun bəstələdiyi havalara həsr olunub.  İyul ayın 3-də axşam saat 19-da “Mədəniyyət” kanalında efirə gedəcək verilişdə Əməkdar mədəniyyət işçisi Samirə Əliyeva və Əli Tapdıqoğlu ustadın “Ozan marşı”, Roman Azaflı “Azaflı bəhri”, Qələndər Zeynalov “Azaflı gözəlləməsi”, Məhsəti Cabbarlı “Mikaylı”, Əməkdar mədəniyyət işçisi Gülarə Azaflı “Tovuzu” və onun rəhbərlik etdiyi “Çeşmə” folklor qrupu isə “Azaflı sarıteli”, Elməddin Məmmədli “Azaflı dübeyti” və Əli Pənahoğlu “Azaflı gəraylısı” havalarını təqdim edirlər. Ustadın yaratdığı “Azaflı müxəmməsi”ni isə Gülarə Azaflı və Roman Azaflı səsləndirib.

Bu qəbildən olan növbəti verilişlərdən biri də  ustad aşıq Pənah Pənahovun bəstələrinə həsr olunacaqdır.

20 -dən səhifə 36

  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
© 2026 Bütün hüquqlar qorunur. Azərbaycan Aşıqlar Birliyi | Ünvan: Bakı ş., Zahid Xəlilov küç., 38
  • 012 497 75 91
  • asiklarbirliyi@mail.ru
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • MƏQALƏLƏR
  • MƏKTUBLAR
  • YUBİLEYLƏR
  • KİTABLAR
  • ƏLAQƏ