“OZAN” ELM VƏ SƏNƏT TOPLUSUNUN YENİ BURAXILIŞI İŞIQ ÜZÜ GÖRÜB

Azərbaycan Aşıqlar Birliyinin nəşri olan “Ozan” elm və sənət toplusunun ikinci buraxılışı işıq üzü görüb.
Topluda Azərbaycan aşıqalrının 2018-ci il sentyabrın 28-də Bakıda keçirilmiş VI Qurultayının hesabat-stenoqramı verilib. Oxucular Mədəniyyət naziri Əbülfəs Qarayevin, Millət vəkili, akademik Rafael Hüseynovun çıxışları, AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının hesabat məruzəsi ilə yanaşı, Xalq şairi Nəriman Həsənzadənin, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin, AMEA Folklor İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü Muxtar İmanovun, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayevin, Türkiyədən gəlmiş professor Əli Qafqasiyalının, eləcə də, ustad aşıqlardan Prezident təqaüdçüsü və Əməkdar mədəniyyət işçiləri Mahmud Məmmədov və Ulduz Quliyevanın, istedadlı gənc aşıq, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Samirə Əliyevanın qurultay iştirakçılarına təbrik çıxışları ilə tanış ola biləcəklər.