PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

AZƏRBAYCAN AŞIQLAR BİRLİYİNDƏ YENİ LAYİHƏ

Azərbaycan Aşıqlar Birliyində yeni bir uğurlu layihə başa çatdırılıb. Belə ki, son illərdə ozan-aşıq sənəti ilə bağlı bir sıra dəyərli kitablar, şeir antologiyaları nəşr etdirən AAB-də xalqımızın bu ölməz sənəti ilə bağlı yeni bir kitab – “Aşıq, bağrına bas sədəfli sazı” adlı şeir antologiyası hazırlanaraq çap olunması üçün nəşriyyata təqdim olunub. Bu barədə məlumat verən AAB-nin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, bir neçə bölümdən ibarət olan bu antoloji nəşrdə aşıqların və şairlərin saz-söz sənətinə, ustad sənətkarların el-oba içindəki hörmət və nüfuzuna, onların yaratdıqları dastanlara, saz havalarına aşıq şeirlərinə sonrakı nəsillərin saz-söz ehtiramını əks etdirən seçmə poetik nümunələr yer alıb.

Toplu  qərinələr və əsrlər boyu aşıq və şairlərin saza və aşıq sənətinə həsr etdikləri çoxsaylı şeir və poemaları özündə cəmləşdirir. Burada orta çağlardan üzübəri söz-sənət adamlarının qopuz-saz alətinin sakrallığına, ustad aşıqların müqqəddəsliyinə, toxunulmazlığına, Haqq aşıqlarının öncəgörməliyinə, gələcəkdən övliya kimi xəbər gətirməsinə, ustad saz-söz sahiblərinin öyüd-örnək dolu kəlamlarına, onların haqq-ədalət mücadiləsinə həsr edilmiş poetik nümunələr xronoloji ardıcıllıq və çeşidli təsnifatlar əsasında sıralanmışdır. Birinci bölümdə aşıqların saz və ümumiyyətlə, aşıq sənətinə dair şeirləri, ikinci bölümdə şairlərin eyni məzmunlu şeirləri, üçüncü bölümdə aşıqların və şairlərin saz havalarına həsr etdikləri poetik nümunələr, dördüncü bölümdə ustad aşıqlara, beşinci bölümdə isə sazbəndlərə ithaf olunmuş şeirlər yer alıb.

Dədə Qorqud boylarında, aşıq dastanlarında, Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım, Hüseyn Şəmkirli, Aşıq Alı, Aşıq Ələsgər, Aşıq Şenlik, Molla Cuma, Hüseyn Bozalqanlı, Nəbi Faxralı, Aşıq Şəmşir, Mikayıl Azaflı, Ədalət Nəsibov kimi görkəmli aşıqların yaradıcılığında saza və aşığa həsr olunmuş şeirlərlə yanaşı, sonrakı dönəmdə onların özlərinə həsr edilmiş çoxsaylı şeirlər topluda geniş yer alıb.

Saza-sözə böyük məhəbbəti olan görkəmli qələm ustadlarımızın  şeirləri ilə yanaşı, ustad aşıqlara, onların saz-söz dünyasına həsr etdikləri poemaların ən dəyərli parçalarına da antoloji nəşrin müvafiq bölümündə yer ayrılıb. Bu sıradan M.Müşfiqin “Sındırılan saz”, Şəhriyarın “Heydərbabaya salam”, H.Arifin “Sazın tellərindədir”, “Dilqəm”, İ.Səfərlinin “Aşıq Ələsgər”, Z.Yaqubun “Saz” və s. əsərlərinin uyğun bölmələri seçilərək oxuculara çatdırılır.

“Aşıq, bağrına bas sədəfli sazı” saz və aşıq obrazına həsr olunmuş ilk antoloji nəşr işidir. Bu toplu qopuza-saza verilən tarixi dəyər, eləcə də aşıq sənətinin bədii-estetik və fəlsəfi mahiyyətini görkəmli şair və aşıqların dilindən təqdim edən bir qədirşünaslıq örnəyidir.

Geniş saz-söz ictimaiyyəti, aşıqlar, tələbə və doktorantlar, bütövlükdə folklor araşdırıcıları üçün nəzərdə tutulan nəşri hazırlayanlar Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, professor Mahmud Allahmanlı, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu və filologiya üzrə fəlsəfi doktoru, dosent  Altay Məmmədli, elmi məsləhətçi AAB-nin sədri, Dövlət Mükafat laureatı Məhərrəm Qasımlı, redaktoru isə filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Xəlilovadır.