PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

“SEÇMƏ AŞIQ ŞEİRLƏRİ ANTOLOGİYASI” YAXIN GÜNLƏRDƏ OXUCULARIN İXTİYARINA VERİLƏCƏK

Son illərdə bir sıra uğurlu layihələrə imza atan, aşıq sənəti ilə bağlı dəyərli kitablar nəşr etdirən Azərbaycan Aşıqlar Birliyində hazırlanmış növbəti kitab yaxın vaxtlarda oxucuların və elmi ictimaiyyətin ixtiyarına veriləcək.

Azərbaycan Aşıqlar Birliyinin hazırlayıb saz-söz ictimaiyyətinə və geniş oxucu kütləsinə təqdim etdiyi “Seçmə aşıq şeirləri antologiyası” adlanan bu toplu aşıqların və saz-söz ifaçılarının repertuarında yer alan populyar aşıq şeirlərini çevrələyir. Üç bölümdən ibarət olan toplunun birinci hissəsində Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım kimi qədim ustadlardan başlayaraq Abdalgülablı Valeh, Şəmkirli Hüseyn, Aşıq Alı, Aşıq Ələsgər, Molla Cuma, Hüseyn Bozalqanlı, Novrəs İman, Aşıq Şəmşir, Mikayıl Azaflı və onlardan sonrakı dönəm klassik aşıqların seçmə şeirləri cəm olunmuşdur.

İkinci bölümə “Koroğlu”, “Aşıq Qərib”, “Əsli və Kərəm”, “Şah İsmayıl”, “Novruz və Qəndab”, “Abdulla və Cahan”, “Tahir və Zöhrə” və s. dastanlarında yer alan məşhur şeirlər daxil edilmişdir.

Antologiyanın üçüncü bölümünü isə aşıqlar arasında şeirləri geniş yayılmış el şairləri və tanınmış yazılı ədəbiyyat nümayəndələrinin seçmə şeirləri təşkil edir.

Saz-söz sənəti ilə yaxından məşğul olan aşıqların, araşdırıcıların, yeni nəsil saz-söz ifaçılarının, eləcə də tədris sahəsində çalışan müəllim və tələbələrin istifadəsi üçün nəzərdə tutulan antologiyanı hazırlayanlar Azərbaycan Aşıqlar Birliyinin sədri, Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, filologiya üzrə fəlsəfə doktoru, dosent Altay Məmmədli və Əməkdar Mədəniyyət işçisi Musa Nəbioğlu, elmi məsləhətçi Əməkdar elm xadmi, professor Məhərrəm Qasımlı və redaktoru isə filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Xəlilovadır.