PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

AŞIQ KAMANDARIN 90 İLLİK YUBİLEYİ QEYD OLUNUB

2022-ci il noyabr ayının 30-da Xəzər Universitetinin Fikrət Əmirov adına Konfrans-Konsert Mərkəzində XX əsr Azərbaycan aşıq sənətinin ən görkəmli nümayəndələrindən biri olan ustad aşıq Kamandar Əfəndiyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş tədbiri keçirilib. Xəzər Universiteti və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə əvvəlcə torpaqlarımızın erməni işğalından azad olunması uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış Vətən oğullarının xatirəsi bir dəqiqəlik sayğı duruşu ilə yad olunduqdan sonra tədbirin aparıcısı, Azərbaycan aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu ustad sənətkar Kamandar Əfəndiyevin keçdiyi ömür yolu haqqında qısa məlumat verib. O, vurğulayıb ki, 1932-ci ildə Borçalıda – indiki Marneuli rayonunun Kəpənəkçi kəndində dünyaya gələn Aşıq Kamandar fitri istedadı sayəsində qısa müddətdə özünəməxsus bənzərsiz ifa tərzi ilə Azərbaycanda və bütün Türk dünyasında sevilən sənətkara çevrilib.    Öz sənəti ilə böyük el məhəbbəti qazanan Aşıq Kaman­da­rın sənətdəki xidmətləri dövlət tərəfindən də yüksək qiymət­lən­di­rilib, o, Gürcüstanın “Şərəf” ordeninə layiq görülüb. Doğma yurdunda ev-muzeyi yaradılıb, büstü ucaldılıb. 

1600f4a9-e21a-4586-a214-98f8ffa277e8.jpgSonra söz Xəzər Universitetinin rektoru, professor Hamlet İsaxanlıya verilib. O, tədbir iştirakçılarını salamlayaraq deyib ki, Aşıq Kamandar böyük ustad, unudulmaz və əvəzolunmaz sənətkardır: Aşıq Kamandarın ünvanına unudulmaz və əvəzolunmaz sözlərini təsadüfən qoşa işlətmədim. Həyatda təkrarolunmaz, əvəzolunmaz insanlar olur. Bəzən deyirlər ki, əvəzolunmaz insan yoxdur. Mən bu fikirlə qəti razı deyiləm. Hər bir sənət sahəsində əvəzolunmazlar var və aşıq sənətində də Kamandar Əfəndiyevi heç kim əvəz edə bilməz. Aşıq Kamandar fitri istedada malik bir sənətkar idi. Aşıq Kamandarın ustadı Sadıq Sultanov olub. Amma mən düşünürəm ki, Kamandarın ustad sənətkar kimi yetişməsində Əmrah Gülməmmədovun da böyük rolu olub. Aşıq Əmrah özü çox böyük bir sənətkar idi. Aşıq Kamandarla Aşıq Əmrah uzun müddət bir yerdə olublar, birlikdə məclislər keçiriblər. Və mən hesab edirəm ki, Aşıq Kamandarın çox ünlü bir sənətkar kimi yetişməsində bu da mühüm rol oynayıb. Aşıq Kamandar sənət öz yolu ilə gedən, özünün məktəbini yaradan bir sənətkar olub.

Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı çıxışında qeyd edib ki, Aşıq Kamandar Əfəndiyev sənətdə mogikan idi. O, bu sənətə sanki sirli bir aləmdən gəlmişdi, sənətdə öz sözünü dedi və sonda yenə də gəldiyi yerə döndü. Aşıq Kamandar sazın böyük bilicisi idi, böyük ifaçı idi. Nadir hallarda aşıqlar elə saz çala bilir. Yəni həm gözəl oxumaq və gözəl dastan danışmaqla yanaşı, həm də gözəl saz çalmaq hər aşığa qismət olan keyfiyyət deyil. O, çox gözəl saz çalmaqla yanaşı, həm də havalara özünəməxsus əlavələr edirdi. Məsələn, “Turacı” havası üzərində Aşıq Kamandar elə gözəl işlədi, elə əlavələr etdi ki, sonunda yeni hava yaratdı və adını da “Fəxri” qoydu. Mən hesab edirəm ki, Aşıq Kamandarın musiqi sahəsindəki fəaliyyəti ayrıca tədqiq olunmalıdır. Aşıq Kamandarın xidmətləri olduqca böyükdür, misilsizdir.

Tədbirin bədii hissəsində Əməkdar mədəniyyət işçisi Gülarə Azaflının rəhbərlik etdiyi Çeşmə” folklor qrupu, aşıqlardan Cahangir Sənanoğlu, Əməkdar mədəniyyət işçisi Ədalət Dəlidağlı, Ramin Qarayev, Avdı Musayev, Nəbi Nağıyev, Nazim Bahadıroğlu Şaiq İncəli, Əşrəf Qəriboğlu, İmran Göyçəli, Seymur Laçınlı və Qabil Borçalı müxtəlif aşıq havaları üstündə Aşıq Kamandarın öz sözlərini və ona ithaf olunmuş şeirləri oxuyublar. Ustadın nəticələri Mehin Aylin Qarayeva bacıları babalarının yaradıcılığından bir neçə şeiri səsələndiriblər.

Xatırladaq ki, Aşıq Kamandar Əfəndiyev 2000-ci il oktyabr ayının 26-da dünyasını dəyişib.