PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

AŞIQLAR BİRLİYİNİN HAZIRLADIĞI “AŞIQ TƏCNİSLƏRİ” ADLI ANTOLOGİYA İŞIQ ÜZÜ GÖRÜB

Bu günlərdə Azərbaycan Aşıqlar Birliyində nəşrə hazırlanmış daha bir kitab işıq üzü görüb. “Aşıq təcnisləri” adlanan bu şeir antologiyası ilkin cinaslı nümunələrdən günümüzə qədərki ustad aşıqların yaradıcılığından ən mükəmməl örnəkləri – Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım, Şəmkirli Hüseyn, Aşıq Ələsgər, Molla Cuma, Hüseyn Bozalqanlı, Növrəs İman, Aşıq Şəmşir kimi nəhəng söz ustadlarından üzü bu yana – XX yüzilliyin ustad aşıq və təcnisə meyil göstərən saz şairlərinə qədər çoxsaylı qələm sahiblərinin təcnis yaradıcılıqlarından nümunələri əhatə edir.

Kitabda 120-dən çox saz-söz ustadının otuza yaxın təcnis çeşidini əhatələyən beş yüzə qədər örnək yer alıb. Onu da qeyd etmək lazımdır ki, zəngin cinas örnəkləri və biçimlərini əhatələyən belə poetik nümunələr indiyə qədər toplu səviyyəsində bir yerə yığılıb antologiya kimi çap olunmayıb. “Aşıq təcnisləri” bu sahədə ilk təşəbbüs və mübaliğəsiz demək olar ki, ilk uğurlu addımdır.

Sənət meydanında söz yükünün möhtəşəmliyini əhatələyən bu örnəklər xalqın dil zənginliyinin əvəzsiz göstəricisi olaraq da böyük əhəmiyyət kəsb edir. Belə bir zəngin xəzinənin bir araya gətirilərək antologiya səviyyəsində gələcək nəsillərə çatdırmaq ən ümdə məsələlərdən biri kimi uzun illər aşıqşünasların qarşısında durmuşdur.

Kitabın elmi məsləhətçisi və nəşrə hazırlayanlardan biri, Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının da qeyd etdiyi kimi, mürəkkəb məzmun və forma zənginliyi ilə səciyyələnən təcnislər bu adla sənət aləmində tanınacaq “təcnis ustadları”nı formalaşdırmışdır: “Azərbaycan aşıq poeziyasının və saz havalarının içərisində poetik dolğunluğu və melodik təkrarsızlığı ilə seçilən “təcnis” şeir biçimi və “Təcnis” saz havası həm onun yaradıcı və ifaçısının, həm də dinləyici və oxucusunun yüksək səviyyədə duyğu, düşüncə və qavrayış həssaslığına malik olmasını tələb edir.

...Mənsub olduğu xalqın dilinə dərindən bələd olmadıqda, ayrı-ayrı söz, deyim və ibarələrin üslubi incəliklərinin ilk baxışdan sezilməyən alt qatlarına baş vura bilmədikdə təcnis sənətkarlığının ecazlarını nümayiş etdirmək mümkün deyildir. Ustad aşıqlarımız, saz şairlərimiz məhz sözü gedən poetik-üslubi gözəllikləri kəşf edib ortaya çıxarmaqla öz istedadları gücünə ağıl və könül qüdrətlərini ortaya qoyublar”.

Yuxarıda da qeyd etdiyimiz kimi, ilk dəfə işıq üzü görən antologiya saz-söz sənətinə yeni gələn gənclər üçün aşıq təcnisləri ilə bağlı üz tuta biləcəkləri ən etibarlı mənbə olmaqla yanaşı, eyni zamanda folklorşünas tədqiqatçılar, müvafiq sahə üzrə təhsil alan ali və orta ixtisas məktəbi tələbələri üçün də qiymətli vəsaitdir.

Nəfis tərtibatla və 1000 tirajla nəşr olunmuş “Aşıq təcnisləri” antologiyasının elmi məsləhətçisi Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, nəşrə hazırlayanlar professorlar Məhərrəm Qasımlı və Mahymud Allahmanlı, filologiya üzrə fəlsəfə doktoru, dosent Altay Məmmədli, redaktoru isə filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Xəlilovadır.


Warning: array_shift() expects parameter 1 to be array, null given in /var/www/emilja01/data/www/azerab.az/libraries/expose/core/layout.php on line 117