PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

SUMQAYITDA ŞƏHİD AİLƏLƏRİ VƏ QAZİLƏRLƏ AŞIQLARIN GÖRÜŞÜ KEÇİRİLİB

2022-ci il may ayının 17-də Azərbaycan Aşıqlar Birliyi Sumqayıt bölməsinin təşkilatçılığı İLƏ Sumqayıt şəhərində “Bakıdan Şuşaya Zəfər yolu çəkən şəhidlər” adlı ədəbi-bədii gecə keçirilib. 100-ə yaxın şəhid ailəsi və qazilərin iştirakı ilə keçirilən tədbri giriş sözü ilə Azərbaycan Aşıqlar Birliyinin Sumqayıt bölməsinin rəhbəri Qənirə Mehdixanlı açaraq tədbirin keçirilməsində əsas məqsədin 44 günlük müharibədə Vətən uğrunda canlarından keçmiş qəhrəmanlarımızı yad etmək, onların ailələrinə mənəvi dəstək vermək olduğunu bildirib.

Sonra AAB-nin sədr müavini, filologiya üzrə fəlsəfə doktoru, aşıq Altay Məmmədli çıxış edərək AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının salamlarını tədbir iştirakçılarına çatdırıb. Ulu Vətən savaşında şəhid və qazilərimizin göstərdikləri igidliklərdən söz açan Altay Məmmədli qələbənin əldə olunmasında Ali Baş Komandan, ölkə başçısı cənab İlham Əliyevin polad iradəsinin, qətiyyətli qərarlarının mühüm rol oynadığını xüsusi vurğulayıb. O, həmçinin qeyd edib ki, müharibənin getdiyi ərəfədə və qələbəmizdən sonra Azərbaycan Aşıqlar Birliyi və “Mədəniyyət” televiziya kanalının birgə layihəsi olan “Saz-söz axşamı” verilişinin 10-dan çox buraxılışı igidlərimizin qəhrəmanlığına həsr olunub. Həmin günlərdə Qarabağda vuruşan oğullara həsr olunmuş çoxsaylı aşıq mahnıları efirdə səslənib.

Tədbirdə Sumqayıt ziyalıları, şairlər və mətbuat işçiləri də çıxış ediblər. Onlardan Ofeliya Babayeva, Leyla Hüseynova, Arzu Göytürk, Elbrus Qayalı, Namiq Dəlidağlı, Aygün Hacıyeva, Xatirə Fərəc, Solmaz Cahangirova və digərləri 44 günlük müharibədə xalqımızın qələbəsi ilə bağlı ürək sözlərini söyləyiblər.

Şəhid ailələri adından çıxış edən şəhid anası Leyla Əhmədova “Vətən sağ olsun” deyərək, övladlarının göstərdikləri şücaətə görə bu gün qürur duyduqlarını bildirib.

Tədbirdə aşıqlardan Təbriz Vəliyev, Şahniyar Mikayıloğlu, Çərkəz Qurbanov, Əli Zeynalabdinov, Əli Vüqaroğlu, Həvva Nəsibova, Arif Məmmədov, Nəcəf Kəlbəcərli, ustad balabançı, fəxri mədəniyyət işçisi Ələkbər Ələkbərov və digərləri şəhid və qazilərimizə ithaf olunmuş sözləri və vətənpərvərlik mövzusunda olan digər şeirləri müxtəlif aşıq havaları üstündə ifa ediblər.

Tədbirin sonunda şəhid ailələri ilə xatirə şəkli çəkdirilib.