PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

“Bu aşıq sənəti tarixində bir ilk idi”

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar dekabrın 17-də Heydər Əliyev Sarayında Azərbaycanda ilk dəfə “Leyli və Məcnun” dastan-tamaşasının təqdimatı keçirilib.


Sənətşünaslıq üzrə fəlsəfə doktoru Samirə Əliyeva  tamaşada Leyli obrazını canlandırıb. 
Tamaşadan sonra Moderator.az-ın suallarını cavablandıran Əməkdar mədəniyyət işçisi Samirə Əliyeva bu obrazın onun yaradıcılığında xüsusi bir missiyasının olduğunu bildirdi:

-  İlk dəfə idi ki, “Leyli və Məcnun” -nun dastan tamaşasını izlədik. Bu layihənin yaradıcılığınızda rolu nədən ibarət oldu?

- Dünən Azərbaycan incəsənəti, mədəniyyəti, aşıq sənəti tarixində bir ilk yaşandı. Belə ki, ilk dəfə olaraq “Leyli və Məcnun” dastan tamaşası nümayiş olundu. Bu dastan tamaşanın Leyli obrazını mən canlandırdığım üçün çox sevincliyəm. Leyli obrazının öhdəsindən uğurla gəldiyim üçün eyni zamanda qürurluyam. Ümid edirəm ki, bundan sonra da dastanlarımızın yaşaması, gələcək nəslin yaddaşına həkk olunması üçün dastan tamaşalarının qurulması vacib məsələdir. İnşallah davamlı olar. 

-  İndiyə qədər bir çox səhnələrdə çıxışınız olub, amma bu dəfə səhnəyə çıxışınız tamamilə fərqli idi.  

-  Əlbəttə ki, o səhnəyə çıxmağın məsuliyyət son dərəcə böyük idi, eyni zamanda həyəcan da vardı. Çünki saz havaları ilə, ilk dəfə idi ki, Leyli  obrazı ifa edilirdi. Bu dəfə “Leyli və Məcnun” dastan tamaşası qismində təqdim edildi. Bu tamaşada sözlər də dastanla idi. Musiqi də saz havalarından ibarət  hazırlanmışdı. Burada indiyə qədər “Leyli və Məcnun” tamaşasında dinlədiyimiz muğamlar, qəzəllər, şeirlərin, musiqilərin heç biri yox idi. Tam fərqli, aşıq sənətinə uyğun tamaşa hazırlanmışdı. Çünki bu dastan tamaşası idi. Musiqilər də ona görə saz havalarından ibarət idi.  Bu aşıq sənəti tarixində bir ilk idi.

-  Leyli obrazı hər bir sənətkarın arzusudur. İfaçılıqdan obraza keçid etmək sizə çətin olmadımı?  

 - Bu zaman qədər tamaşalarda heç bir obraz canlandırmamışam, ilk dəfə idi.  İlk dəfə özümü teatr səhnəsində sınamaq, aşıqların ilk Leylisi olmaq, ümumiyyətlət aşıq sənətində  ilk dastan tamaşasının iştirakçısı olmaq məsuliyyətli, bir o qədər həyəcanlı, sevincli, şərəfli və  qürurverici idi.      

- Bu tamaşanın aşıq sənətində rolu nədən ibarətdir?

 - Aşıq sənətində olan zənginliyi əyani olaraq müasir standartlara uyğun tamaşa şəklində göstərdik. Əvvəllər dastanlar bir- iki aşığın ifasında el şənliklərində baş tuturdu. İndiyə qədər  böyük konsert salonlarında aşıqların belə bir tamaşası olmamışdı. Müasir dövr üçün buna çox böyük ehtiyac var. Dastanlarımızda o qədər qəhrəmanlarımız, dahilərimiz var ki... Dastanlarımız bizim milli dəryərlərimizdir. Onu nə qədər canlandırsaq, gündəmə gətirsək bir o qədər tariximizi, milli dəyərlərimiz qorumuş, gənc nəsilə sevdirmiş olarıq. 

- 2021-ci ilin bitməsinə sayılı günlər qalıb. Geridə qoyduğumuz il yaddaşınızda necə qaldı? 

-  Geridə qoyduğumuz ildə qələbə, zəfər sevincini yaşadıq. Bu ili uzun müddət yaddaşlardan silinməyəcək. Şəhidlərimizin ruhunu, xatirəsini andıq, şəhid ailələrinin kədərini onlarla bərabər yaşadıq, qazilərimizin yanında olduq.  Müharibə bitsə də ondan qalan hisslər yaşadığımız müddətcə bizimlə bərabər olacaq. 

Geridə qoyduğumuz ildə Şuşada keçirilən Xarı bülbül festivalı mənim yaddaşımda silinməz iz qoydu. Mən heç zaman Qarabağda olmamışdım. Mən orada Qarabağın füsünkar təbiətini gördüm. Bu səfərimi  heç vaxt unutmayacam. İstər öz ölkəmizdə, istərsə də digər ölkələrdə çoxsaylı mötəbər  tədbirlərdə iştirak etmişəm.  Amma mənim üçün Xarı bülbül festivalının səhnəsi ən müqəddəs səhnə idi.

-  Yeni ildən gözləntilətiniz nələrdir?

-   Arzu edirəm ki, necə ki vətən müharibəsi dövründə bütün dünya azərbaycanlıalaır bir yumruq oldu, dəmir yumruq ətrafında birləşdik, həmrəy olduq, hər zamana belə həmrəy olaq. Biz o birliyi gördük, yaşadıq. Arzu edirəm ki, vətənimizdə hər zaman sülh, əmin-amanlıq olsun.  Qoy, körpələrimiz xoşbəxt böyüsünlər. Valideynlər öz övladları ilə daima xoşbəxt həyat sürsünlər, ailələrdə xoşbəxtlik hökm sürsün, ruzi- bərəkət bol olsun. Ölkəmiz hər zaman bütün dünya ölkələri sırasında ən öndə olsun.

 

 Xəyalə Rəis