PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

ADNSU-da Aşıq Ələsgərin 200 illik yubileyi qeyd olunub

Dekabrın 8-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan ADNSU-nun Tərbiyə İşləri üzrə prorektoru, dosent Ata Babayev 2021-ci il fevralın 18-də Prezident İlham Əliyev tərəfindən imzalanmış Sərəncama əsasən Aşıq Ələsgərin 200 illik yubileyinin ölkəmizdə təntənə ilə qeyd edildiyini deyib, Aşıq Ələsgərin həyatı və yaradıcılığı haqqında iştirakçılara məlumat verib.

ADNSU-nun Humanitar fənlər kafedrasının professoru Rüstəm Kamal Aşıq Ələsgərin yaradıcılığında elmi motivlərdən danışıb və aşıq sənətinin qədim ənənələrini günümüzədək ən yüksək bədii-estetik meyarlarla çatdırdığını deyib.

ADNSU-nun İnformasiya Texnologiyaları və İdarəetmə Fakültəsinin (İTİF) dekanı Fərid Ağayev ustad Aşığın Azərbaycan Şifahi Xalq ədəbiyyatına töhfələri, həmçinin Türk dünyasının aşıq sənətinə təsirindən danışıb.

Daha sonra “Humanitar fənlər” kafedrasının müəlliməsi f.ü.f.d Vəfa Abbasova “Aşıq Ələsgərin yaradıcılığında gözəlliyin tərənnümü” mövzusunda çıxış edib.

Sonda “Humanitar fənlər” kafedrasının baş müəllimi Könül Abdullayevanın rəhbərliyi ilə Aşıq Ələsgərin sözləri əsasında universitetin tələbələri tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiya nümayiş olunub.

Qeyd edək ki, Azİİ e Kitab Evində də görkəmli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyinə həsr olunmuş “Qüdrətli söz ustadı Aşıq Ələsgər 200” adlı kitab sərgisi təşkil olunub.

Sərgidə XIX əsrin sonu XX əsrin əvvəllərində aşıq poeziyasında özünəməxsus yeri olan Aşıq Ələsgərin şeir kitabları, həmçinin Aşıq Ələsgər yaradıcılığında gözəlliyi, müdrikliyi, bəşər idrakının kamilliyini əks etdirən mətbuat məqalələri geniş yer alib. Sərgidə ədəbiyyatşünas alimlərin Aşıq Ələsgərin ustad sənətkar olmaqla yanaşı, onun yaradıcılığında Azərbaycan dilinin poetik imkanlarından, bədii ifadə vasitələrindən düzgün istifadə etməklə, şeir nümunələrinin xəlqiliyini, sadəliyini, forma və üslub xüsusiyyətlərinin keyfiyyətlərini qoruyaraq, şeir sənətimizi daha da zənginləşdirilməsindən bəhs edən kitabları da yer alıb.