PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

“Dədə Ələsgər” kitabının təqdimatı olub

Milli Məclisin Mədəniyyət komitəsinin, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə”, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” və “Nəfəs” ictimai birliklərinin dəstəyi ilə Aşıq Ələsgərin 200 illik yubileyi münasibətilə nəşr olunmuş “Dədə Ələsgər” kitabının təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, “Azərkitab” Kitab Təbliğatı Mərkəzində keçirilən tədbirin aparıcısı Milli Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı qüdrətli söz ustadının 200 illik yubileyi münasibətilə ölkə başçısının müvafiq Sərəncamının əhəmiyyətindən söz açaraq Aşıq Ələsgər irsinə dövlət qayğısından danışıb. O, Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq Mədəniyyət komitəsi tərəfindən qüdrətli söz ustadı Aşıq Ələsgərə həsr olunmuş bir sıra mühüm tədbirlər təşkil etdiyini bildirib, “Dədə Ələsgər” kitabının nəşrinin və təqdimat mərasiminin də bu çərçivədə reallaşdığını vurğulayıb.

Mərasimdə Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı Aşıq Ələsgər yaradıcılığı, şəxsiyyəti haqqında geniş məruzə ilə çıxış edib.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva tədbirdə geniş çıxış edib. O, bu il 200 illiyi keçirilən ustadlar ustadı Aşıq Ələsgərin uzun illərdir erməni işğalında qalan və dağıdılan məzarından da danışıb. Komitə sədri deyib ki, Qarabağ və Şərqi Zəngəzurda 30 illik işğal dönəmində ermənilər ciddi vandallıq əməlləri törətdiyi kimi Göyçədə də Aşıq Ələsgərin məzarı ilə öz xislətləri üzrə davranıblar.

Ümummilli liderimiz Heydər Əliyevin “Yalnız yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcək” sözlərini xatırladan komitə sədri, Aşıq Ələsgər yaradıcılığının məhz yüksək mədəniyyətin örnəyi olduğunu, həmişəyaşarlıq simvolu olduğunu deyib: “Ölkə başçısı fevral ayında Aşıq Ələsgərin 200 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi haqqında, bu günlərdə isə Bakıda heykəlinin ucaldılması ilə bağlı Sərəncam imzaladı. Bu, aşıq sənətinə, ümumən mədəniyyətə dövlətimizin, şəxsən dövlət başçımızın yüksək münasibətinin ifadəsidir. UNESCO və ICESCO-nun xoşməramlı səfiri, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın səyləri ilə Azərbaycanın aşıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildiyini də burada minnətdarlıqla xatırlatmaq istərdim.

Aşıq Ələsgər Göyçədən türk dünyasına doğan sənət Günəşi idi. Onun yaradıcılığı sənətkarın insanlığa, hadisələrə, dünyaya baxışını aydın şəkildə göstərir.

Sənətkarın doğma yurdu Göyçə bu gün inzibati, siyasi-hüquqi sınırlarımız içində olmasa da, mədəniyyət, sənət coğrafiyamıza aiddir. Bizim Göyçədəki maddi-mədəni irsimiz, tarixi abidələrimiz son onilliklər boyu dağıdılıb və ya dağılmaq üzrədir. İnşallah Qarabağda, Şərqi Zəngəzurda olduğu kimi, Göyçədə də mədəni irsimizə sahib çıxacaq, onları bərpa edəcək, yenilərini tikəcək və Aşıq Ələsgərin bir abidəsini də orada yüksəldəcəyik.

Tədbirdəki digər çıxışlarda Aşıq Ələsgər irsi Azərbaycan mədəniyyəti tarixi üçün xüsusi hadisələrdən biri kimi dəyərləndirilib, şeirlərindən örnəklər səsləndirilib, sənətkarın mükəmməl şair, aşıq, dilçi, qüdrətli söz yaradıcısı olmasına diqqət çəkilib. Natiqlər Aşıq Ələsgər yaradıcılığının qorunması və təbliğ edilməsini dövlət mədəniyyət siyasətimizin tərkib hissəsi kimi şərh ediblər.

Aşıq Ələsgər ustaddan dərs almış, özü sağlığında ustadlaşmış qüdrətli sənətkar kimi xarakterizə olunub. Vurğulanıb ki, sənətkar milli, dini mənlik şüurunun gözəl tərənnümçüsü, ustad təbliğatçısı və mükəmməl yaradıcılarından, onu zənginləşdirənlərdən biri olub.

Sonda “Dədə Ələsgər Ocağı”nın rəhbəri Xətai Ələsgər çıxış edərək, bir ildə Aşıq Ələsgər haqqında iki sərəncam verən dövlət başçısına, aşıq sənətinin təbliği işinə yerli və beynəlxalq səviyyədə xüsusi dəstək göstərən Birinci vitse-prezidentə minnətdarlıq ifadə edib. O, gözəl nəşr və təqdimat üçün zəhməti keçən hər kəsə, Milli Məclisin Mədəniyyət komitəsinə təşəkkür edib, Q.Paşayevaya rəhbərlik etdiyi qurum adından təşəkkür plaketi verib.

Qeyd edək ki, Aşıq Ələsgərin nəvəsi, mərhum filoloq alim İslam Ələsgərin vaxtı ilə topladığı əsərlər və yazısı əsasında “CBS”-də çap olunan nəfis tərtibatlı “Dədə Ələsgər” kitabının layihə rəhbəri və “Ön söz” müəllifi Qənirə Paşayeva, nəşrə məsul Arzu Bağırovadır. Kitabın məsləhətçisi Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, redaktoru Araz Yaquboğlu, rəyçiləri Əziz Ələkbərli, Xətai Ələsgər və Əkbər Qoşalıdır.

Kitab respublikanın aparıcı kitabxanalarına, digər bir sıra mədəniyyət ocaqlarına hədiyyə olunacaq.


Warning: array_shift() expects parameter 1 to be array, null given in /var/www/emilja01/data/www/azerab.az/libraries/expose/core/layout.php on line 117