PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

“Qoy dünya görsün ki, böyük sənətkarın uyuduğu torpaq ermənilərin tapdağı altındadır...”

“Möhtərəm Cənab Prezidentimizin 18 fevralda Aşıq Ələsgərin 200 illiyi ilə bağlı verdiyi sərəncam həqiqətən böyük bir qədirşunaslıqdan xəbər verdi. Bu mübarək sərəncamdan sonra Ələsgərin yubileyi ilə bağlı sistemli işlər aparılır. Bu sıradan ən zirvə məqam mənə elə gəlir ki, Aşıq Ələsgərin heykəlinin qoyulmasıdır”.

Bunu Moderator.az-a açıqlamasında Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı deyib. O, ölkə başçısının Aşıq Ələsgərin Bakıda heykəlinin qoyulmasıyla bağlı verdiyi sərəncamı yüksək qiymətləndirib:

“Bakı şəhərində Dədə Qorquddan başqa heç bir ozan aşıq ustadının heykəli olmayıb. İndiki halda ikinci heykəl ucalacaq. Bu heykəlin ucalması bizə onu deyir ki, saz-söz sənətiylə bağlı Azərbaycanın düşüncəsi uzaqmənzillidir və bu gün Azərbaycanda ucalacaq Aşıq Ələsgər heykəlinin səsi-sorağı sabah bütün dünyaya yayılacaq. Səbəb də odur ki, o, böyük, qüdrətli bir sənətkardır və bir də onun yurdu-yuvası ermənilər tərəfindən dağıdılıb. Qoy dünya görsün ki, böyük bir sənətkarın uyuduğu torpaq ermənilər tərəfindən tapdaq altındadır. Mənə elə gəlir ki, zaman içində Göyçə camaatı öz torpaqlarına qayıdacaq, Dədə Ələsgərin məzarıyla yenidən üzbəüz olacağıq və bu heykəlin biri də o məzarın üzərində ucaldılacaq. 

Mən Azərbaycan Aşıqlar Birliyi adından Möhtərəm Cənab Prezidentimizə xüsusi təşəkkür edirəm ki, Aşıq Ələsgərin heykəlinin ucaldılmasıyla bağlı məhz ayrıca sərəncam verdi və hamımızda xüsusi bir qürur yaratdı. Dədə Ələsgərin də, bütün ulu Ozanların da ruhu şad olsun. Mən zaman içərisində inşallah daha böyük sənət zirvələriylə bağlı da belə sərəncamların olacağını gözləyirəm. Çünki bizim mədəniyyətimizin kökündə Dədə Qorqud dünyasından, ənənəsindən gələn Abbas Tufarqanlılar, Qurbanilər, Xəstə Qasımlar, Dədə Ələsgərlər, Aşıq Şəmşirlər, yəni bu sıradan olan yüzlərlə sənətkarlarımız dayanıb. Onlar həmişə bizim ürəyimizin, bağrımızın başındadır”.

Qeyd edək ki, Prezident İlham Əliyev Aşıq Ələsgərin Bakıda abidəsinin ucaldılmasıyla bağlı sərəncam imzalayıb.

Vasif Əlihüseyn