PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

“Dəmir yumruq sanki atom bombasından da güclü bir partlayış verdi və bütün dünya silkələndi...”

“Bu gün Azərbaycan milli tarxində çox unudulmaz bir məqamdır. Zəfərə doğru gedən yolun ilk addımı bu gündən başlayır. Ötən ilin bu günü hamımız həyəcan içində illərlə gözlədiyimiz bir məqama qədəm qoymuşduq. Sonra günlər, həftələr keçdi və 44 günün tamamında Qarabağımız, Şuşamız işğaldan azad olundu, ürəyimiz yerinə gəldi. Dəmir yumruq sanki atom bombasından da güclü bir partlayış verdi və bütün dünya silkələndi. Bütün dünya gördü ki, Azərbaycanın yumruğu hansı gücdədir”

Bunu Moderator.az-a açıqlamasında Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı deyib. M.Qasımlı Ali Baş Komandanın rəhbərliyi altında igid oğullarımızın torpaqlarımızı işğaldan azad etdiyini bildirib:

“Azərbaycanın torpaqlarını şəhidlərimiz, qazilərimiz Ali Baş Komandan başda olmaqla işğaldan azad etməyi bacardılar. Hər günümüz, saatımız böyük bir həyəcan içində oldu. Hər gün Prezidentin çıxışını gözləyirdik, ondan həm güc alırdıq, həm də bütün ruhumuzla ona ürək-dirək verməyə çalışırdıq. Allah şəhidlərimizə min rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Yüz minlərlə Azərbaycan əsgəri Qarabağı yenidən Azərbaycanın vətəni halına gətirdi, birləşdirdi. Biz nağılın gerçəkliyini gözümüzlə gördük. Əslində 44 gündə nəhəng bir işi gerçəkləşdirmək sıradan iş deyildi. Bu doğrudan da möcüzəli bir iş idi. Amma onu Azərbaycan ordusu, dövləti gerçək bir nağıla çevirdi.

Bu gün şübhəsiz ki, şəhidlərimizin anım günü olaraq hamımızın təkcə bir dəqiqə yox, saatlarla və bütün gün ərzində ayaqda dimdik durduğumuz bir gündür. Bununla belə bizə qürur gətirən 44 günlük zəfər yolunun ilk günü kimi qeyri-adi bir gündür. Düşünürəm ki, bu illər və on illər, qərinələr boyu çox unudulmaz bir gün olacaq.

Biz Aşıqlar Birliyi olaraq 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Dövlət Televiziyasında ayrıca verilişlər təqdim etdik. Hər həftə bir saatlıq “Qarabağ meydanı, Koroğlu meydanı” adlı verilişimiz oldu. Onu disk şəklində də təqdim etdik. Bu yeddi saatlıq bir verilişdir. Bu verilişdə əlli nəfərdən çox aşıq ifa edib. Bu ifalarda Koroğlu nərəsi, çağırışı, Azərbaycanın yenilməzliyi hər an səslənirdi. Ali Baş Komandanın vahid bir birlik içində Azərbaycan gerçəkliyini dünyaya sübut etməsini aşıqların ifası göstərdi. Beləliklə biz bu müddəti Qarabağ, meydan, zəfər dastanı halına gətirə bildik. Bu dastanı da gerçəkləşdirən Ali Baş Komandan, müzəffər ordumuz və dövlətimiz oldu. Qoy şəhidlərimizin ruhu şad olsun. Şübhəsiz ki, onlar bizim üçün diridir, canlıdır. Onların yolunu davam etdirən qazilər də, bizlər də bütün varlığımızla Qarabağımızın bütövlüyünü təmin etməyə həmişə hazırıq. Zəfər yürüşümüz və dəmir yumruq hər məqamda öz gücündədir. Bu gün Prezidentimiz xalqa müraciət etdi. Onun səsindəki ötkəmlik, qürur və xalqın ruhunu ifadə edən bütün məqamlar hamımızın ürəyindən oldu. Bu səbəbdən də bu gün özünü vətən yolunda qurban edənlərin bir xatırlatma günüdür, həm də irəliyə doğru addımlamağın bir qürur məqamıdır ki, Azərbaycan dövlətinin tarixi birliyini, bütövlüyünü bu addımlar yüksəklərə qaldırdı. İnşallah həmişə gözəl günlər qarşımızdan gəlsin və zəfərə gedən addımlarımız bu cür mətin olsun və qeyrətlə davam eləsin”.

Vasif Əlihüseyn

 

https://moderator.az/qarabagh/395357/demir-yumruq-sanki-atom-bombasindan-da-guclu-bir-partlayis-verdi-ve-butun-dunya-silkelendi/