PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

“SƏNƏTİN KAMANDAR ZİRVƏSİ”

Borçalı aşıq mühitinin yetirməsi, XX əsr Azərbaycan aşıq sənətinin görkəmli simalarından biri olan Aşıq Kamandar Əfəndiyevə həsr olunmuş növbəti kitab işıq üzü görüb.

2021-ci ilin iyul ayında Gürcüstanda – ustad aşığın doğma yurdu Marneuli rayonunun Kəpənəkçi kəndində ev-muzeyinin açlıması ərəfəsində Tbilisidə işıq üzü görmüş kitab “Sənətin Kamandar zirvəsi” adlanır. Kitabın müəllifi Borçalıda yaşayıb fəaliyyət göstərən folklorşünas alim, professor Mahmud Kamaloğlu, redaktoru Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu, rəyçi professor Şurəddin Məmmədli, məsləhətçi isə ustad aşığın oğlu Əflatun Kamandardır.

Kitabda Aşıq Kamandar haqqında eyni zamanda gürcü dilində də geniş məlumatlar yer alıb ki, bu da gürcü ictimaiyyətinin sənətkarın həyat və yaradıcılığı ilə yaxındaqn tanış olmasına imkan yaradır.

Xatırladaq ki, Aşıq Kamandar – Kamandar Həmid oğlu Əfəndiyev 1932-ci il oktyabrın 21-də Borçalıda anadan olub. XX əsrin ikinci yarısından bənzərsiz ifası və dastan söyləmək bacarığı ilə Azərbaycan aşıq sənətində özünəməxsus yer tutub, təkcə Gürcüstanda və Azərbaycanda deyil, eyni zamanda Türkiyə, Cənubi Azərbaycan və Orta Asiya respublikalarında da məşhur olub. Təsadüfi deyil ki, bu gün Borçalı ilə yanaşı, Azərbaycanda, xüsusilə də Təbriz və onun ətraf bölgələrində sənətə gələn gənclərin çoxu Aşıq Kamandar yolunu davam etdirir.

1959-cu ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti ongünlüyünün mükafatçısı olan Aşıq Kamandar 1963 və 1984-cü illərdə keçirilən Azərbaycan aşıqlarının III və IV qurultaylarının nümayəndəsi olub, Əməkdar mədəniyyət işçisi (1984) fəxri adına layiq görülüb, orden və medallarla təltif olunub.