PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

“LEYLİ VƏ MƏCNUN” DASTANI AŞIQLARIN İFASINDA TƏQDİM OLUNACAQDIR

Bu il böyük Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyi tamam olur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2021-ci il ölkəmizdə “Nizami Gəncəvi ili” elan olunub. Ölməz söz ustadının yubileyi münasibəti ilə respublikamızda bir çox tədbirlər keçirilir. Bu yubileylə əlaqədar Azərbaycan Aşıqlar Birliyində də bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Bunlardan biri də Nizami Gəncəvinin “Leyli və Məcnun” poeması əsasında yaradılmış eyniadlı dastanın aşıqların ifasında yeni səhnə və ekran tərtibatında təqdim olunmasıdır. Artıq bu istiqamətdə hazırlıq işləri yekunlaşmaq üzrədir.

Bu günlərdə Azərbaycan Aşıqlar Birliyində birliyin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının  dastanda əsas rollardan birini – Leyli rolunu ifa edəcək Əməkdar mədəniyyət işçisi, ADMİU-nun dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Samirə Əliyeva ilə görüşündə də dastanın çəkilişinə hazırlıqla bağlı məsələlər müzakirə olunub, fikir mübadiləsi aparılıb.

Rolların ilkin bölgüsü aparılıb, səhnəciklərin teatral təqdimatının forma və üsulları müəyyənləşdirilib. Rollarda Əməkdar Mədəniyyət işçisi Solmaz Kosayeva, Kəmalə Qubadlı, Qələndər Zeynalov, Əli Pənahoğlu, Əli Tapdıqoğlu, Nəbi Nağıyev, Ramin  Qarayev, Şəhriyar Qaraxanlı, Nazim Bahadıroğlu kimi istedadlı aşıqlar çıxış edəcəklər.

Görüşdə AAB-nin sədr müavini, filologiya üzrə fəlsəfə doktoru, aşıq Altay Məmmədli də iştirak edib.